KAMAL İLHAMOĞLU

Qərbin “sütunları” laxlayır

Qərbin “sütunları” laxlayır

KAMAL İLHAMOĞLU
 
Qərb çox ciddi böhran içindədir. Bu ifadə 2008-ci il iqtisadi böhranından sonra daha çox istifadə edilməyə başlandı. Siyasi səhnədə isə iqtisadi krizlərdən sonra populizmin yüksəlişi ilə  bu böhranın  əlamətləri daha aydın görülməyə başlanıldı. Siyasi səhnədə, çox uzağa getmədən 2016 noyabrında keçirilən Amerikan seçkilərini, daha sonra Fransadakı seçkilərdə Maria Le Penin ikinci tura qədər yüksəlişi, Avstriyada FPÖ-nün koalisyon iqtidarda təmsil olunması  və s. göstərmək mümkündür. Siyasi səhnədə plüralist və liberal demokratiya əvəzinə, seçkilərdə irqçi, populist sağın yüksəlişə keçməsi gərginliyi şərtləndirən amillərin başında gəlməktə idi.

Bəli, başda Amerika, eləcə də Avropanın öndə gələn ölkələri dünyanın ən böyük iqtisadi, texnoloji və əsgəri baxımdan gücünü əlində saxlayır, lakin hazırda çox ciddi problemlərlə  qarşı qarşıyadırlar. Bu mövzu ilə bağlı Fareed Zakaryanın  “Amerika sonrası dünya” və eyni zamanda “Foreign Affairs”da qələmə aldığı “Amerikan qüdrətinin gələcəyi“ başlıqlı məqalələrində kifayət qədər tutarlı analizlərini görə bilərik. Mövzudan uzaqlaşmamaq üçün bəhsi keçən kitab və məqalələrdən başqa yazılarda daha geniş  bəhs etməyi düşünürəm. Qərb eyforiyasının ortadan qalxma prosesini sürətləndirən yeni faktor bu Covid-19 pandemiyası oldu. Mövcud pandemiya sanki qərbin işğalcı zehniyətini təkrar qəbirdən çıxardı. Bu zehniyətin bənzər davranışlarını içində yaşadığımız əsrdə 11 sentyabr hadislərindən sonra da görmüşdük. Lakin bu səfər işin rəngi bir az fərqli oldu. Tibbi maska ehtiyacı qlobal güclərin arasında ciddi narazılığa və qarşılıqlı ittihamlara səbəb olmağa başladı. Almaniyaya gələcək olan maskaları ABŞ “oğurladı”. Oğurlama faktını Almaniya rəsmisi Andreas Geisel, “Müasir quldurluq”, “Vəhşi Qərb” davranışı şəkilində ifadə etdi. Eləcə də Fransa, İspaniya və İtaliyaya gedən maskaları “oğurladı”.  İtaliyanın bu maskalara nə qədər ehtiyacı olduğunu ifadə etməyə ehtiyac görmürəm. Burada uzun-uzun Amerika və Çin arasındakı gərginlikdən də danışa bilərik. Hansı ki, hazırda milyonlarca Trump tərəfdarı amerikalı iqlim dəyişikliyini atmosferdə baş verən hadisələrdə deyil də, birbaşa Amerika sənaye sektorunu sıradan çıxarmaq üçün Çinin əməlləri olaraq görür və buna inanır. Eyni şəkildə mövcud pandemiya mövzusundan da istifadə edirlər.

Xüsusilə, Qərbi Avropa ölkələrinin pandemiya ilə bağlı uğursuz addımları xəstəliyin yayılmasında ciddi rol oynadı. İtalya, Fransa, İspanya ve İngiltərə kimi  dövlətlərin bu şəkildə aciz qalacağı, başda özləri olmaqla bütün dünya üçün gözlənilməz oldu. Hansı ki, bu dövlətlər dünyanın yeraltı, yerüstü sərvətlərinin  böyük bir qismini işğalçılıq yolu ilə əllərində saxlayırlardı. Bu çarəsizlik klassik müstəmləkələrə hökm edən dövlətlərlə məhdudlaşmamış, imperyalizmin ən güclü təmsilçisi olan Amerikanın da çarəsiz qalması və sanki vətəndaşlarının  bu şəkildə ölməsinə şərait yaratdı. Bu hal həm Avropanın, həm də Amerikanın “mədəniləşmək missiyasına” ciddi zərbə oldu. Bütün bunlar qərbin həm mədəni, həm siyasi, həm iqtisadi çöküşünü sürətləndirəcək əlamətlərdəndir. Bu hadisələrin fonunda qərb mədəniyyətinin çökdüyünün şahidi olmaq üçün doğru istiqamətə baxmaq lazımdır. Qərb mədəniyyəti çökür iddiası təzə deyil. Bu məsələdə ən ciddi tezislərdən biri  Oswald Spenglerə məxsusdur. Ötən əsrin əvvələrində qələmə aldığı “Qərbin çöküşü” adlı kitabında məsələni çoxsaylı baxış bucağı ilə dəyərləndirmişdir. Düşünürəm ki, bu kitab haqqında da bir neçə yazıda sizinlə söhbət etməliyik. Yəqin ki, önümüzdəki həftələrdə yazacağım yazılarda bu mövzuya da toxunacağam.


Kamal İlhamoğlu. Ağ Partiyanın İdarə Heyətinin üzvü

MÜƏLLİFİN DİGƏR YAZILARI