KAMAL İLHAMOĞLU

Sistemin doğduğu və yediyi Alimpaşa

Sistemin doğduğu və yediyi Alimpaşa

KAMAL İLHAMOĞLU
Məşhur  alman sosioloq, “Risk Cəmiyyəti” anlayışının müəllifi Ulrich Beck yaşadığımız dövrdə, cəmiyyətdə artan risklər qarşısında elmi fəaliyyətlə məşğul olanları, ziyalıları cəmiyyət üçün zərərli olanların ortaya çıxmasındakı səssizliklərinə görə ən sərt şəkildə tənqid edirdi. Ziyalıların bir növ imitasiya ilə məşğul olduqlarını deyirdi.
Qərbdə ziyalılar haqqında ilk əhatəli tənqid XX əsrin əvvəllərində Julien Benda tərəfindən qələmə alınmışdır. Benda: “Ziyalıların həqiqət hissi günü-gündən zəifləyir. Artıq onları şəxsi ambisiyaları idarə edir. Əslində, öz qruplarının maraqları üçün ətrafa sonsuz bir kin və nifrət qusurlar” deyirdi.
Edvard Səid də  “Aydınların Xəyanəti” kitabının müəllifi J.Bendanın dedikləri haqqında deyirdi ki: “Bendanın təsvir etdiyi həqiqi ziyalılar diri-diri yandırılmaq, sürgün edilmək, çarmıxa çəkilmək riski ilə qarşı-qarşıya qala bilərlər. Buna görə də onların sayı çox ola bilməz və  ortaya çıxışlarını müəyyən bir rutinə bağlamaq olmaz. Şübhəsiz Bendanın haqqında danışdığı həqiqi intellektual obraz hələ də cəlbedici və güclü bir imicdir”.
Deyə bilərsiniz ki, ay yazı müəllifi, yenə nə olub onun-bunun ağzından eşitdiyin bütün xarici adları düzmüsən ard-arda, Səid ordan gəldi, Benda burdan getdi, ziyalı elə aydın belə. Haqsız da sayılmazsınız.
Dünən yenə sosial şəbəkələrdə aləm dəymişdi bir-birinə. Bu dəfə gündəmimizin qəhrəmanı Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov idi. Kişi tutulub deyə, yazığın başına oyun açırdılar. Sanki həm alim həm paşa olan bu məmur digər icra hakimlərinin etmədiyini edirmiş. Qoymayın, kişi rüşvət alırmış, yerli əhalinin xidmətində durmurmuş. Həbs edilib deyə, rayondakı müəllim, məmur, sahibkar ümumilikdə bütün təbəqələrdən olan, sözünü deyənlər vaxtında ona qarşı necə çıxdığından dastanlar danışacaq, boy-boylayıb, soy-soylayacaq. Hələ deputatları da çıxıb deyəcək ki, mən təəssüf edirəm ki, ölkəmizdə belə məmurlar var imiş. Haradanmı bilirəm? Kürdəmirdən. Eləcə də digər rayonlarda yaşanan analoji hadisələrdən. Kürdəmirin anlı-şanlı deputatı onu qutudan çıxarmaq üçün dəridən-qabıqdan çıxmış icra hakimi haqqında təəssüf hislərini qəmli şəkildə qələmə almışdı. Dünən onu qutudan çıxaranda heç  təəssüf hissi yadına düşmürdü. Məşhur filmdə deyildiyi kimi “Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin? Şəmkirdə də Əlişə(oxu-Alimpaşa) atam-atam deyənlərin bir anda nərə səslərini eşidən kimi oluram.
Niyə bunları yazıram? Başa düşürəm ölkədə sistemdə problem var. Başdan-ayağa, ayaqdan-başa heç nə yerində deyil. Lakin yerlərdə özlərini feodallar kimi aparan icra hakimləri qarşısında rayon ziyalılarının, müəllimlərin, həkimlərin və s. Bu qədər müti şəkildə farağatda dayanması normal deyil. Seçki proseslərinə baxın. Seçkidən bir gün öncə məktəbdə gənc nəsillərə haqdan-ədalətdən ağız dolusu danışanlar,  seçki günü dönür olur dünyanın ən saxtakar, riyakar insanı.
Dərdimiz böyükdür, elə dərmanımız da özümüzdədir. Silkələnib, özümüzə gəlməliyik. Alimpaşalar bu vətənin daşı ola bilmədilər, bəs biz ola bilirikmi?
Çingiz Aytmatovun “AĞ Gəmi” əsərini oxuyanlar yəqin ki, əsərin iki əsas qəhrəmanı Orozkul və Mömin babanı xatırlayır. Orozkul ölkəmizdəki sistemdi, icra hakimləridi, rüşvətxor bürokratiyadır. Mömin babalar isə sistemin qurbanına çevrilmiş, bütün haqsızlıqlar qarşısında susan müəllimiz, həkimimiz, eləcə də digər peşə sahiblərimizdir. İki yol var. Ya elə hansısa məmurun həbs edilməyinə bir-iki günlük sevinib, növbəti gələnin bizə  daha çox qan udduracağı günü gözləyəcəyik, ya  da özümüz bu haqsızlığa bacardığımız şəkildə etiraz edəcəyik. Etməsək, Aytmatovun əsərindəki kimi, Orozkullar  Mömin dədələrə “Ana Maral”ları ovlatmağa davam edəcək.
Ey mənim gözəl xalqım, lənətə gəlmiş alimpaşaların sayı həddindən artıq çoxdur. Yarasız sistemlər hələ çox alimpaşalar doğacaq, sonra da doğduqlarını yeyəcək. Bəs vicdan məfhumuna inananlar nə etməlidirlər?  Məşhur ifadədə deyildiyi kimi, bir ölkədə namuslu insanlar da namussuz insanlar qədər cəsarətli olmadıqca müsbətlərdən bəhs etmək çətin olacaq.
 
 

MÜƏLLİFİN DİGƏR YAZILARI