KAMAL İLHAMOĞLU

“Siçan”ın hekayəsindən alacağımız dərslər

“Siçan”ın hekayəsindən alacağımız dərslər

KAMAL İLHAMOĞLU
Bir ev var imiş, o evdə evin sahibləri ilə bərabər siçan, toyuq, qoyun, öküz də yaşayırmış. Bir gün evin sahibləri siçanın heç bir faydası olmadığını ancaq yeyib yatdığını düşünür və varlığından narahat olmağa başlayır. Evə tələ qurub, onu öldürməyə qərar verirlər. Evə tələ qurulduğunu görən siçan məsələnin nə yerdə olduğunu başa düşür, gedir toyuğun yanına. Deyir evə tələ qurub məni tutmaq istəyirlər. Ya acından ölməliyəm ya da tələyə düşməli. Xahiş edirəm mənə kömək et. Toyuq deyir ki, məni qarışdırma. Məncə də ev sahibləri haqlıdırlar. Sən bu evdən getsən bizim üçün də yaxşı olar. Toyuqdan sonra qoyunun yanına gedir, qoyun da toyuq kimi cavablar verir, şəxsi məsələndir,  özünü həll et deyir. Son ümid qapısı olaraq öküzün yanına gedir. Dərdini danışır və əlavə edir ki, sən kimi güclü, qüdrətli öküzün əlində asan işdir. Bir toxunuşunla tələni  çölə atarsan. Öküz də deyir ki, mən müdaxilə etsəm ev sahibi ilə aram pozular. Öz başının çarəsinə bax. Siçan anlayır ki, bunlardan bir fayda yoxdur. Başını aşağı salıb, gedir yuvasına. Taleyi ilə barışır. Gecə olur, bütün evin sakinləri yatmağa çalışanda tələnin səsi gəlir. Xanım ev sahibi tələyə siçanın düşdüyünü düşünərək, sevinə-sevinə tələyə doğru gələndə tələni əlinə aldıqda orada siçan yox, ilan olduğunu görür. İlan da ağrı acı içində tələyə yaxın gələn evin xanımını sancır. Səs-küyə bütün ev əhli qalxır, təcili xanımı həkimə aparırlar. Həkimlər əlindən gələni edir və deyir ki, sağalması üçün toyuq şorbası içirin. Evə qayıtdıqdan sonra ilk işləri evdəki toyuğu kəsib, şorba bişirmək olur. Səhər açılır, axşam yaşanan hadisəni eşidən qohum-əqraba, qonşular xəsətəni ziyarətə gəlirlər. Evin sahibi qonaqları ac yola salmağın doğru olmayacağını düşünərək evdəki qoyunu kəsib, yemək bişirir. Bir neçə gün keçir, evin xanımı dünyasını dəyişir. Bu dəfə də hüzür mərasiminə gələn insanlar üçün də oküzü kəsib bişirirlər. Bütün bu olanları heyrətlə izləyən siçan dərindən ah çəkərək deyir ki, demək ki, mənə dəyməyən ilan yüz yaşasın deməklə olmurmuş. Mənim dərdimə şərik olmadınız mənim öləcəyimi düşündünüz, bu gün siz yoxsunuz mən varam, bir xeyli də azuqəm var.
Bu hekayədən kim nə ibrət istəyir çıxara bilər. Bir dəfə bu köşədə “İqtidara qurban etdiyimiz sarı inəklər” başlığı ilə köşə yazmışdım. “Sarı inək” hekayəsinində də şağı-yuxarı eyni motivlər və verdiyi mesaj eyni idi. Məmləkətimizdə son yaşanan hadisələrin işığında millət olaraq bu hekayələri yenidən oxumağa ehtiyacımız var. Problemlər şəxsən bizim qapımızı döymədikcə sakit qalmağımız döyülən qapının bir gün bizim olacağını labüd edir.
Bertolt Brext “Faşizmə qarşı birləşməyənlər faşizmin zindanlarında görüşəcəklər” dediyində də bunu nəzərdə tuturdu. Xalq olaraq cəmiyyətimizdə yaranan bu təhlükəli vəziyyətlə əlaqədar səssiz qaldığımız müddətcə hələ çox “bu qədər də olmaz da” ifadəsini işlədəcəyik....

MÜƏLLİFİN DİGƏR YAZILARI