KAMAL İLHAMOĞLU

Səfirlik müxalifəti

Səfirlik müxalifəti

KAMAL İLHAMOĞLU
Millət olaraq bir çox sahədə olan əskiklərimiz olduğu kimi, siyasi sferadakı şanssızlığımız da bu mətləbdən kənarda deyil. Məsələn, bizim “səfirlik müxalifətimiz” var. “Səfirlik müxalifəti” əskiklikdi, yoxsa artıqlıq o başqa mövzudur. Bu səfirlik aşiqləri enerjilərini, motivasiyalarını qərb ölkələrinin səfirliklərindən alırlar. Üzvlərinə vəədlərini səfirlikdə olan görüşlərindən, səfirin dedikləri üzərindən verirlər. Misal üçün, deyirlər ki, o gün filan səfirlə görüşdə cənab səfir dedi ki, bəs narahat olmayın neftin də qiyməti düşüb, payızda iqtidara gəlirsiniz. Mübarək payız da nə çoxdur. Hər ildə bir payız fəsli var. Bu minvalla 30 ildir iqtidara bu payız olmadı, növbəti payız gəlirlər! İqtidara gəlmək bir tərəfə, səfirlik müxalifəti eyni zamanda özünü məhəllənin “ayağı sürüşkən”, “delavoy” arvadı kimi də aparır. Bu cümləni bir az izahlı yazmaq lazımdır. Məsələn, bəzi məhəllələrdə atan-kəsən bir “xala” olur. Bu xalanın gəzmədiyi budaq, görmədiyi üz qalmır. Lakin məhəllədə özünü elə aparır ki, guya bundan təmizi, pakı yoxdur. Məhəllənin digər sakinləri də bu xalanın hansı yuvanın quşu olduğunu yaxşı bildiyi halda çirkaba bulaşmamaq üçün ona baş qoşmurlar. Bizim səfirlik müxalifəti də o xalanı xatırladır. Özlərinin çıxmadığı oyun, şər atmadığı siyasətçi qalmayıb. Ancaq davranışlarına baxsan, sanki bunların qılıncının altından keçməyənin siyasi gələcəyi ola bilməz. İnanıram ki, diqqətli oxucular bu məqamı bir az daha açmağımızı gözləyirlər.

Nümunələrlə davam edək. Məsələn, illərlə bu hakimiyyətin mətbəxindən qidalanan eks səhiyyə nazirimiz Əli İnsanovu müxalifət süfrəsinin başında otuzduranlar eks nazirimizin keçmişdə bütün etdiklərinin üstündən yekə qırmızı xətt çəkə bildilər. Otuzdurdular masalarının ən gözəl yerində.
Ya da ölkəmizdə bu hakimiyyətin iqtidarı dönəmində demokratik seçkilər keçirilməyib deyən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyliyə mandatı kim vermişdi?! Çox hörmətli tarixçimiz Cəmil müəllim  parlamentdə mandatını döşünün üstünə qoyub oturduğu vaxtları xatırlamırmı? Və ya Fərhad Əliyev kimi vaxtı ilə hakimiyyətin sütunlarından olan nazir həbs olunduqdan sonra onu müdafiə komitəsinə rəhbərlik etdiyi vaxtlarda ağlına gəlmirdimi ki, bu xalqın nümayəndələrindən biri çıxıb deyəcək ki, dünən hakimiyyətin nazirinin müdafiə komitəsinə rəhbərlik edirdin, indi müxalifət başı olub bizə dərs keçirsən?!  
 Gültəkin xanımın isə ümumiyyətlə, yaddaşı silinib. O, keçmişini xatırlamır. Hörmətli Hacıbəyli xanım, vaxtı ilə hakimiyyəti daxildə və xaricdə bütün gücünlə müdafiə edirdin, sonra mandat vermədilər deyəmi “qənimətxananın” efirindən həzəyanlar yağdırırsan?

Misalları çoxaltmaq da mümkündür. Lakin bu məqamda kimsə sual edə bilər ki, səfirlik müxalifətindən başladın, özünə müxalifət deyənlərin hakimiyyətlə olan alış-verişindən yazdın. Bu yazdıqlarının başlıqla nə əlaqəsi var. Əlaqəsini yazım. Yuxarıda da qeyd etmişdim ki, bu adamlar səfirliklərdən qidalanır. Bir əlləri qərb ölkələrinin səfirlərinin cibindədir, digər əlləri də hakimiyyət daxili hansısa qrupun cibində. Hansı cib daha dolu olur, ondan daha möhkəm yapışırlar.  Əlaqəni hörmətli oxucu ilə birlikdə quraq. Hakimiyyət vəzifə, pul verəndə onlarla birlikdə, vəzifədən uzaqlaşanda isə qarşısında durmaq. Amma bu duruşu da möhkəmləndirmək üçün, səfirlik qapılarında sülənmək. Sonra da ucdan tutma hər kəsi qına. İlahi, günümüzə bax. Necə gözəl məmləkətdir.

Dinsizin haqqından imansız gələr ifadəsinin altında o qədər hikmətlər yatır ki, gəl görəsən. Bizim “dinsiz” səfirlik müxalifətinin haqqından da imansız ABŞ səfirliyi gəlir. Son günlər səfirlik istər verdiyi açıqlamalarla, istər sosial media hesablarından olan paylaşımlarla, istərsə də tədbirlərinə dəvət etdikləri adamlarla səfirlik müxalifətinə dünyanın neçə bucaq olduğunu göstərir.  Müxalifətin səfirlikdən bəslənən qoluna deyir ki, biz fatı otur deyəndə oturacaqsınız, fatı qalx deyəndə qalxacaqsınız. Bu fağırların da başqa çıxış yolları yoxdur. Siyasətlə məşğul olmağın bir neçə mərhələsi var. Ya bu və ya digər şəkildə hakimiyyətdə təmsil olunacaqsan, ya xalq tərəfindən sevilərək müxalifət olacaqsan. Bunların heç biri olmadığında da ömür-gün səfirlik qapılarında keçəcək. Onlar da səni lazım olduğu müddətə istifadə edib, sonra heç qapılarına da buraxmayacaqlar. Sonda isə demək istəyirəm ki, Amerika Səfirliyinə nə qədər təşəkkür etsələr azdır. Onları eyforiyadan ayıltmaq üçün dəridən qabından çıxır..
 

MÜƏLLİFİN DİGƏR YAZILARI