KAMAL İLHAMOĞLU

Mehdiyevi kim "yedi"?

Mehdiyevi kim "yedi"?

KAMAL İLHAMOĞLU
Su qalxanda balıqlar qarışqaları yeyirlər. Su azalanda qarışqalar balıqları yeyirlər. Heç kəs indiki üstünlüyünə və gücünə güvənməməlidir. Çünki kimin kimi yeyəcəyinə "su axını" qərar verir. Hörmətli afrikalı dostlarımızın hər kəs tərəfindən bilinən bu atalar sözündən sonra yəqin ki, hansı mövzuda yazacağım sizə məlum olub.
Bu günlərdə Francis Baconun esselərini oxuyurdum. Bacon “İnsanın təbiəti” başlıqlı essesində Ezopun bir nağılından bəhs edir. Aisopos, yəni Ezop nağıllarının birində gənc bir qıza çevrilən pişikdən bəhs edir. Davranışları ilə hər kəsin hörmətini qazanan bu qız bir gün yemək masasında oturarkən yan tərəfdən keçən siçanı görür. Bu zaman ətrafdakı insanları, eləcə də onun mədəni davranışlarına xoş sözlər deyən hər kəsi unudub kəsəyənin üzərinə tullanır. Bacon bu örnəklə insan oğlunun xislətindən danışır. Əlavə edir ki, insan daxilində olan xisləti nə qədər gizlətməyə çalışsa da, münbit şərait olan kimi ortaya çıxaracaqdır. Yəni bu gün konyuktura görə mövqe alanların gələcəkdə baş verəcək hadisələr qarşısında ortaya qoyacağı mövqenin dünənlə müqayisədə tamamilə fərqli olma ehtimalını görmək mümkündür.
Əlbəttə, Bacon daha ali dəyərlərdən bəhs edir. Mənim Baconun bu örnəyini Ramiz Mehdiyev və onun ətrafında baş verən hadisələrlə bağlı istifadə etdiyimə görə ümid edirəm ki, məni bağışlayar. Ramiz Mehdiyevin başına bu hadisələrin gələcəyini heç təsəvvür etməzdim demirəm. Ola biləcək işlərdəndir. Necə ki, dünya Pinoçetlərə, Hüsnü Mübarəklərə, bir zamanların “sərhədsiz” güc sahibi olan avropalı faşist rejim rəhbərlərinin varlığına şahidlik edib. İqtidardan devrilən günə qədər mütləq güc sahibi idilərsə də,  öz ölkələrində hakimiyyət dəyişikliyinə  səbəb olan hadisələrdən bir gün sonra isə siyasi olaraq bütün güclərini itirmişdilər. Ya öldülər, ya da məhkum oldular. Yəni Mehdiyevin başına gələnlər ilk baxışdan normal görünməsə də, mən qeyri-adi bir şeyin olduğunu düşünmürəm. İllərlə xidmət etdiyi rejim onu “yedi”. Bu mənə Fransız İnqilabındakı Dantonu xatırladır. 1789-cu il Fransız İnqilabının önəmli simalarından biri olan Danton, inqilabdan sonra  yaşadığı fikir ayrılıqları səbəbi ilə daha əvvəllər çiyin-çiyinə mübarizə apardığı dostları tərəfindən mühakimə edildi, məhkəmə qarşısına çıxarıldı və edam edildi. Karl Georg Buchner, 1835-ci ildə yazdığı “Dantonun Ölümü” adlı kitabında  Dantonun dilindən bu sözləri ifadə edirdi : "İnqilab Saturn kimidir, öz övladlarını yeyər".
Saturn, Yunan mifologiyasındakı  titanlardan biri olan Kronosun  Roma dilindəki adıdır. Saturn, övladlarının onu iqtidarından edəcəyi, taxtını ələ keçirəcəyi qorxusuyla hər yeni doğulan övladını yeyir. Bu qorxularına baxmayaraq arvadı Rheanın ondan  gizli olaraq doğduğu Zevs atasını məğlub  edərək yerinə keçmişdir.
Başa düşürəm Mehdiyev nə Saturndur, nə də Danton. Mehdiyev kimi agenti Dantonla müqayisə edəcək qədər irrassional düşünmürəm. Lakin Azərbaycandakı mövcud hakimiyyətin illərlə ikinci, hətta bəzən bəzi məsələlərdə birinci adamı olmuş biridir. Bu gün sistem artıq onu “yeyib”. Deməli, sistemin yeməyəcəyi, yeyə bilməyəcəyi adam yoxdur. Bunu praktiki olaraq hər birimizə göstərdilər. Əslində bu hakimiyyət bizə bunu dəfələrlə göstərib. İnsanov, Əliyev, Mahmudov və s. hadisələrində bizə hər kəsə qarşı bu addımı ata biləcəyini göstərmişdi. Bu gün Mehdiyevə hücum edən məmur, deputat, hakimiyyətə bu və ya digər şəkildə bağlı olanlar, eləcə də illərlə cəmiyyət tərəfindən Mehdiyevin müxalifəti adı ilə tanınanların eks rəhbərlərinə olan hücumu Ezopun nağılındakı pişiyin vəziyyətini xatırladır. Akademikin tutduğu posta görə ona yaltaqlananların indi onun üstünə şığıması, onların satqın və iki üzlü olmasından xəbər verir. Çünki Baconun da dediyi kimi onlar öz xislətlərini münbit şərait görən kimi ortaya qoyublar. O adamlar qıza dönmüş pişik, cənab akademik isə onların gözündə kəsəyəndir.
Hazırda ölkənin gündəmi Ramiz Mehdiyevdir. Bir qrup adam onu qınayır. Bir qrup adam da onu qınayanları əvvəllər yox, indi qınadığı üçün qınayır. Hər ikisi gərəksiz mövzudur. Daha doğrusu, xalqa faydalı olmayacaq mövzudur. Mövcud siyasi iqtidar da bunu istəyir. Siyasi elita bir qrupun Mehdiyevin üzərinə bu şəkildə getməsini, digər qrupun da vəzifədən vurulduqdan sonra Mehdiyevin üzərinə gedənlərin üzərinə getməsini istəyir. Niyəmi? Çünki o zaman “Mehdiyevi indiyədək kim bəsləyib, böyütmüş, bu ölkənin başına bəla etmişdi?” sualını onlara verməyə vaxtımız olmayacaq. Bir az ayıq-sayıq olsaq, ilk görəcəyimiz iş hakimiyyətə bu sualı vermək olardı. Yuxarıda səsləndirdiyim iradlar əlbəttə ki, qılıncının önü də, arxası da kəsən vaxtlarından Ramiz Mehdiyevi ən sərt şəkildə tənqid edənlərə aid deyil.
Sonda isə iki tövsiyə. Birincisi, Ramiz Mehdiyevi qınayanlardan və onu qınayanı qınayanlardan uzaq durun. İkincisi, “Ramiz Mehdiyevə qarşı prezidentimin yanındayam” tipli açıqlama verənlərdən. Birincilər mənasızdır, ikincilər təhlükləli.

MÜƏLLİFİN DİGƏR YAZILARI