KAMAL İLHAMOĞLU

Yeni Gerçəkçilikdən Öz Gerçəkçiliyimizə Doğru

Yeni Gerçəkçilikdən Öz Gerçəkçiliyimizə Doğru

KAMAL İLHAMOĞLU
Yeni Gerçəkçilik (Neo Realismo/Neorealizm)  digər adı ilə İtalyan Yeni Gerçəkçiliyi olaraq tarixə keçmişdir. Yeni Gerçəkçilik “Dada” (Dadaizm) hərəkatının davamı olan hərəkatlardan biri olaraq da bilinir. Dada hərəkatı Birinci Dünya Müharibəsinin ortaya çıxardığı mənfiliklərlə birlikdə ənənəvi sənətin, ədəbiyyatın öz funksiyasını yerinə yetirmədiyini və sənətin bəlli insanların əlində cəmləşdiyi, real həyatla, xalqla bütün orqanik bağlarını qopardığı bir dönəmdə ortaya çıxmışdır. Dada hərəkatı, ortaya çıxışı və s. barəsində bu yazımızda ətraflı yazmağı düşünmürəm. Çünki dərdimiz başqadır. Lakin Yeni Gərçəkçilik barəsində bir az söhbət etməliyik deyə düşünürəm. Ümumiyyətlə, Yeni Gerçəkçilik cərəyanı İkinici Dünya Müharibəsindən sonra ortaya çıxmışdır. Ortaya çıxış səbəbi Mussolini dövrünün “Ağ Telefon Filmləri” də adlandırılan 1930-40-cı illərin çəhrayı ekran filmlərinə etiraz  olmuşdur. Bu cür filmlər müharibələrdən sonrakı iqtisadi qarışıqlıq və qeyri-müəyyənlikdən sonra yaranan yoxsulluq, işsizlik, ümidsizlik və mənəvi çöküş kimi mövzulardan bəhs edir. Yeni Gerçəkçilik, ölkənin hakim ideologiyasının kinoteatrlarda nümayiş olunan filmlərdən fərqli olaraq, bütün ümidlərini itirmiş, günəmuzd işləyən, sabaha ümidi olmayan insanların gündəlik problemlərini çəkən və göstərən cərəyandır. Bu məqamda “Ağ Telefon Filmləri”nin də nə olduğunu xatırlamağa ehtiyac var deyə düşünürəm. Anglo-Sakson ədəbiyyatda "white telephone movies" olaraq bilinən termin Mussolini İtalyasında repressiv rejimin “qızıl dövr”ünü yaşadığı vaxtlarda xalqın diqqətini repressiyalardan uzaqlaşdıraraq başqa tərəfə çəkmək, onları əyləndirmək, konsensusu davam etdirmək üçün bütün hadisələri çəhrayı rəngdə göstərərək  həqiqətlərdən  qaçmaq üçün çəkilən  filmlərə verilən addır. Taaruz “Əyləndirərək idarə etmək” kitabında da bu məsələlərə kifayət qədər toxunmuşdur. Yeni Gerçəkçilik cərəyanının ortaya qoyduğu filmlər sadə xalqın yaşantısına incə toxunuşlar edirdi. Xalq bir müddət sonra özünü və həqiqəti ekranlarda görməyə başlayırdı. Buna qədər Mussolini rejiminin ekranlarda göstərdikləri ilə öz yaşantısı arasındakı dilemmanı görən xalq, Yeni Gerçəkçilik cərəyanına isti münasibət göstərməyə başlamışdı. Bu mövzu mənim gündəmimə necə gəldi? Bir neçə gün öncə xəbər saytlarından birində atanın azyaşlı oğluna velosiped oğurlatdığı xəbərini oxudum. Xəbər məni çox narahat etdi. Xüsusilə də bu cümlə: “Azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib”. Azyaşlı oğul böyüyəcək, lakin bu travmadan qurtulmağı heç də asan olmayacaq. Bir az hadisələri ölkədəki sosial-iqtisadi durumun çətinliyi fonunda düşünməyə başladım. Bütün hallarda atanı bağışlamaq olmazdı. Törətdiyi cinayət bir dərd, azyaşlı oğlunu alət etməsi isə başqa bir dərd. Nəysə, bu xəbəri oxuduqdan sonra Yeni Gerçəkçilik cərəyanının bilinən ən məşhur filmlərindən olan “Velosiped oğruları” filmini xatırladım. Baxanlar yaxşı xatırlayar. Filmin baş qəhrəmanı müharibədən sonra özünə çətinliklə bir iş tapır. Tapdığı iş afişa asmaqdır. Bu işi görə bilmək üçün borc xərc tapıb özünə velosiped alır. Lakin velosipedi oğurlanır. Filmin baş qəhrəmanı Antonio oğlu ilə birlikdə velosipedlərini tapmaq üçün bütün Romanı ələk-vələk edirlər. Bir tərəfdə oğlu ilə birlikdə velosiped oğurlayan ata, digər tərəfdə də oğlu ilə birlikdə oğurlanmış velosipedi axtaran ata. Hər ikisini bu vəziyyətə salan siyasi və iqtisadi vəziyyət. Bəs bizim çıxaracağımız dərs nə olmalıdır? Artıq başa düşməliyik ki, xalq olaraq biz də özümüzün “yeni gerçəkliyini” ortaya qoymalıyıq. Bu ilk növbədə fikir dünyamızda olmalıdır. Anlamalıyıq ki, mövcud siyasi hakimiyyətin bizə göstərdiyi  “Ağ Telefon Filmləri”ndən, eləcə də bunun içinə daxil olan bütün ədəbiyyat, sənət adına olanlardan bizə fayda yoxdur və olmayacaq. Son 10-15 ildə ortaya çıxan, özlərini “dahi ədəbiyyatçı” hesab edənlərdən də xalqa fayda olmayacaq. Çünki onların yarısı liberal dəyərlərin məngənəsində boğularaq xalqdan, yerli və milli olandan qopdu. Yarısı da bütün dünyanı, eləcə də öz məmləkətimizi maddi gəlir pəncərəsindən dəyərləndirir. Etdikləri bayağı söhbətlərlə ciddi ədəbiyyat nümunəsi ortaya qoyduqlarını zənn edən bu sosial şəbəkə fenomenləri hər fürsətdə özlərinin dərin yazılar yazdığını, lakin xalqın onları anlamadığını ifadə edir. Həyatı yalnız pul pəncərəsindən dəyərləndirdikləri üçün pul əldə etdikdən sonra ciddi yazara çeviriləcəklərini zənn etməklə yanılırlar.
Biz xalq olaraq da anlamalıyıq ki, yuxarıda sadaladıqlarımdan bizə fayda yoxdur, olmayacaq.  Biz xalq olaraq öz “filmimizi” çəkməliyik. Biz öz “filmimizi” çəkməsək, siyasi hakimiyyət bizə çox filmlər göstərəcək.  Bu filmlərin əsasını yerli və milli fikirlərlə ortaya qoya bilərik.
.

MÜƏLLİFİN DİGƏR YAZILARI