KAMAL İLHAMOĞLU

Kimlik problemlərimiz

Kimlik problemlərimiz

KAMAL İLHAMOĞLU
Bir köşə yazısına sərhədləri yetərincə geniş olan başlığı vermək nə qədər doğru, nə qədər yanlışdır, bu, mübahisə doğuracaq məsələdir. Lakin yazdığım bütün yazıların məqsədi, mən mütləq doğruları söyləyirəm deyil, əksinə, gəlin, bu məsələləri müzakirə edəkdir. Sağ olsun bəzi oxucular da yazıları oxuduqdan sonra şəxsimlə əlaqə saxlayır, razılaşdıqları və razılaşmadıqları məqamları ifadə edirlər. Bu yazımdan sonra da eyni şəkildə dəyərli oxuculardan geri dönüşlərini görəcək olsam sevinərəm. Mövzunun başlığına dönəcək olsam, düşünürəm ki, sözün həqiqi mənasında kimlik problemlərimiz var. İnsanın kim olduğu, kimlərə bənzəmək istədiyi özlüyündə ideoloji məsələdir. Bunu şüurlu şəkildə etməsi bir tərəfə, bir də şüursuzca təqlid edərək həyata keçirmək istəyi vardır. Sonuncu dediyimin, yəni təqlid etmənin istəməklə bərabər propaqanda qurbanı olmaqla da əlaqəsi vardır. Bu da düşüncələrimizin işğalından xəbər verir. Julien  Benda “Aydınların Xəyanəti” kitabının giriş hissəsində bir dialoq verir. Tolstoy ordu sıralarına qatıldığı zaman zabitlərdən biri hərbi yürüyüş zamanı xəta edən əsgəri döyür. Bunu görən Tolstoy zabitə deyir: “Sənin kimi insan olan birinə belə davrandığın üçün utanmırsanmı? Sən heç müqəddəs kitab oxumadınmı?” Zabit də öz növbəsində cavab verir: “Yaxşı, sən heç ordu nizamnaməsi oxumamısanmı?” Benda dialoqdan sonra əlavə edir ki, insanları maddi şeyləri əldə etməyə yönləndirənlərin ədalət və insafa ehtiyacı yoxdur.
Bu dialoqdan çox dərslər çıxarmaq olar. Mənim gəldiyim qənaət isə ondan ibarətdir ki, Tolstoy yerli olandan bəhs edir. Zabitin illərlə bu torpaqları bəsləyən, yaşadan fikirlərdən xəbərsizliyini vurğulamaq istəyir.
Tarixin müxtəlif mərhələlərində bizim müxtəlif kimlik problemlərimiz olub. Az da olsa özümüz olaq iddiası olan şəxslər və fikirlərin qarşısına əks fikirlə çıxan qruplar da yetərincə olub. Bu hadisələrə XIX əsrdə də, XX əsrdə də, Cumhuriyyət qurularkən, qurulduqdan sonra, rus işğalına məruz qaldığımız dönəmlərdə, hətta 90-cı illərdəki müstəqilliyimizdən sonra da məruz qalmışıq. Tarixi daha uzaqlara da aparmaq olar. Ya da bunu əsrlərə görə mərhələli şəkildə də yazmaq olar. Məsələn XIX əsrin 50-ci illərində ziyalı adına iddia edənlərin əsərlərində kimlik problemləri. Bu məsələdə bizlərə qarşı mənfur niyyətləri olanların başında isə hər zaman rus şovinizmi gəlmişdir. Düşünürəm ki, o dönəm maarifçilərinin fikirlərini yalnız dini məsələ üzərindən tənqid etmək bizi qısır nəticələrə gətirib çıxaracaq. Zamanın ziyalılarının dini baxışları görməzdən gəlinsin kimi bir ifadənin müəllifi  olmaq fikrində deyiləm. Lakin yalnız onların dini fikirləri ilə hadisələri şərh etməyə çalışmaq bizləri növbəti yüz il daha geri atacaqdır.
90-cı illərdə müstəqilliyimizi bərpa etdikdən sonra isə qərbin zehni işğal cəhdlərinə məruz qaldığımız açıq aydındır. Onlar bunu xaricdə təhsil, qrant layihələri, rəngli inqilablar, insan haqları və s. şəklində həyata keçirmək istədilər. Müəyyən qədər də buna nail ola bildilər. İçimizdə ciddi bir qərb özəntisi meydana çıxmağa başladı. Yaxşı xatırlayıram, Amerikadan Azərbaycanın ən ucqar rayonlarına ingilis dili öyrətmək üçün gələnlər yalnız dil öyrətmir, eyni zamanda gənclərin dünyasına “Amerikan röyası”nı daxil edirdilər. Regionlara velosiped sürən, uşaqlarla deyib gülən, onlara müxtəlif hədiyələr verən, dil öyrədən “müəllim”lər, paytaxta bol büdcəli qrant layihələri. Bir tərəfdən də hakimiyyətin qorxunc basqısı, qanunsuz həbsləri, korrupsiya faktları, öz vətəndaşına qarşı olmazın qanunsuzluqların fonunda qərbdən gələnləri nəfəslik kimi göstərirdi. Artıq yeni bir ənənə formalaşmağa başlamışdı. Onlar kimi düşünmək, onlar kimi geyinmək, bir sözlə onlar kimi olmaq. Bu vəziyyəti ən yaxşı ifadə edənlərdən biri də  Albert Memmidir. Albert Memmi “İstismarçı ve istismar edilən insan” adlı kitabında aşağıdakıları yazırdı: “Müstəmləkəyə çevrilmiş ölkələrdə yaşayan insanların ən böyük problemlərindən biri də odur ki, onlar müstəmləkəyə çevirənlərin dilində danışmağı, onların tərzində geyinməyi, onlardan biri olduğunu göstərməyi üstünlük sayır. Eyni zamanda bütün müstəmləkələşdirilmişlər onları müstəmləkəyə çevirənlərə etiraz etmədən öncə bu halı yaşayırlar”. Əslində bu sosialoji qənaətin təməlini İbn Haldun atmışdır. O, “Məğlub olan, qalib olanı təqlid edər” sözü ilə bütün müstəmləkə tarixinə işıq salmışdır.
Bizim ölkədə  rus, ingilis, fransız dillərində danışmağı üstünlük kimi görənlərimizin halı budur. Çünki onlar zehnən işğal olunublar. Çünki onlar rus işğalı dönəmini yaşadığımız zamanlarda belə işğalçının dilində danışmağı, özlərini sadə xalqdan ayıran bir üstünlük sayıblar. Bu vəziyyəti Albert Memminin yuxarıda bəhs etdiyim kitabından örnəklə izah etməyə çalışım: “Tunisdəki yəhudi əhali, bütün yaşayış tərzləri ilə yerli müsəlmanlar kimi yaşayırdılar. Yoxsulluq, dil, anlayış, adətlər, musiqi zövqü, ətir, yemək və s. kimi adətlər baxımından müsəlmanlardan heç də fərqlənmirdilər. Bütün bunlara baxmayaraq özlərini müsəlmanlardan fərqləndirmək, fransızlara bənzəmək üçün xüsusi cəhd edirdilər. Yəhudi xoşbəxt bir şəkildə kürəyini şərqə çevirirdi. Fransız dilini seçib, italyan tərzində geyinirdi. Bunları etmiş olsa da  fransızlar onları müstəmləkə vətəndaşı, yəni özlərindən aşağıda görürdü. Onların da siyasi haqları əllərindən alınır, dövlət idarələrinə girişləri yasaqlanırdı. Bütün bunlara baxmayaraq müstəmləkə cəmiyyətinin təməlini formalaşdıran piramidada yəhudilər, özlərini müsəlmanlardan bir pillə yuxarıda hiss edirdi. Çünki işğalçıya daha çox bənzədiklərini iddia edirdilər”.
Bu gün belə bizim öz doğma dilimizdən başqa bütün dillərdə danışmağı üstünlük sayanların ən böyük problemi budur. Özlərini rus dilində danışan hakim elitaya daha yaxın hesab edirlər. Dolayısıyla da yerli və milli olan azərbaycanlıdan üstün hesab edirlər. Bu kompleksləri onları heç zaman rahat buraxmayacaq. Psixoloji əzilmişliyi, dünyanın hansı nöqtəsinə getsələr də  üzərilərindən ata bilməyəcəklər. Bütün bunlara görə şəxsimdə nə Stefan Sveyq, nə də Amin Maalouf ümidsizliyi var. Şəxsən mən ümidliyəm. Biz ölkə olaraq, coğrafiya olaraq bu problemlərin öhdəsindən gələcəyik. Növbəti yazılarımın birində bəhs etdiyim problemlərin həllinə dair düşündüklərimi qələmə alacağam.

MÜƏLLİFİN DİGƏR YAZILARI