KAMAL İLHAMOĞLU

Sonra peşman olmamaq üçün...

Sonra peşman olmamaq üçün...

KAMAL İLHAMOĞLU
 
12 ya 13 il öncə idi. Dəqiq tarixi xatırlamıram. Ya məktəbin son sinfində oxuyurdum, ya da tələbəliyin ilk idi. Kürdəmirdə məsciddə idim. Minbərə yaxın bir yerdə oturmuşdum. Məscidin qapısının açıldığını, kobud səsli bir adamın “Məscidin mollası” haradadır?,- dediyini  eşitdim. Səsin sahibi əslən Kürdəmirdən olan, daha öncələri Azərbaycanın müxtəlif bölgələrində xidmət etmiş, Kürdəmirə yeni təyin edilmiş polis idi. Qalxıb kobud səsli polisə yaxınlaşdım. Məndən başqa bir-iki nəfərin də olduğunu xatırlayıram. Məscid müəlliminin hazırda burada olmadığını demək istəyirdim ki, gözüm ayaqqabısına sataşdı. Məscidin içinə ayaqqabı ilə girmişdi. Kirli, murdar ayaqqabısı ilə bizim alnımızı qoyduğumuz yerə basmışdı. Gözümü ayaqqabısından çəkə bilmirdim. Sanki donmuşdum. Cəsarətimi toplayıb niyə ayaqqabı ilə girmisən məscidə də deyə bilmirdim. Yanımdakı adamlar polislə bir şeylər danışırdı, lakin mən yanlarında olmağıma baxmayaraq danışılanları eşitmirdim. Qulağımda yalnız uğultu var idi, daxilimdə isə bir savaş. İçimdən bir səs qov bu polisi deyirdi. Edə bilmədim. Başımı qaldırıb, üzünə belə baxa bilmədim. Polis qapıdan çıxıb sürətlə uzaqlaşdı.
Uzun illər bu hadisəni unuda bilmədim. Bir neçə müddət yuxularımı qaçırdır, gözümü yumduğum an həmin səhnə gözümün önünə gəlirdi. Yerimdən qalxır, səsli şəkildə özümə əsəbləşirdim. Axı niyə o polisə məscidə pis ayaqqabısı ilə girdiyi üçün etiraz edə bilməmişdim. Niyə susmuşdum?! Nə edə bilərdi axı mənə? Sonralar özümə təsəlli vermək üçün, yaşın az idi, belə davranmağın normal idi kimi arqumentlərlə “
aldatmağa” cəhd etsəm də qəlbim sakitləşmirdi.
Öz-özümə deyirdim, bir gün gələr hesabını soruşaram. O gün gəlmədi. Nə zaman uzaqdan o polisi görsəm hadisənin yaşandığı ilk günə qayıdır, əsəbləşir, hərarətlənir, öz-özümdən utanırdım. Bəlkə bir dəfə gedib küçənin ortasında qışqırıb, illərlə içimdə qalan əsəbimi töksəm sakitləşə bilərdim.
Bir müddət sonra bu polisin anası vəfat etdi. Daha sonra çox ağır avtomobil qəzası keçirdi. Bütün sümükləri qırılmışdı. Həkimlər ölməməsini möcüzə adlandırmışdı. Bir müddət də keçdi. Tək oğlu suda boğulub öldü. Yanlış anlaşılmasın, polisin başına gələn hadisələrin heç birini onun məscidə ayaqqabı ilə girməsinin nəticəsi olaraq dəyərləndirmirəm. Sadəcə mən küsülü olduğum, hətta nifrət  etdiyim adamların belə ailə üzvləri vəfat etdikdə pis olur, dərhal onu bağışlamaq, haqqımı halal etmək istəyirəm. Lakin o polisi bağışlaya bilmirdim. Daha sonralar anladım ki, mənim bağışlaya bilmədiyim o polis deyil özüm idim. Bu hadisəni kiməsə danışmışammı bilmirəm. Amma heç vaxt yazmamışdım. Bu gün niyə xatırlayıb, yazdım. Deməli, məlum virus yayılandan sonra məscidlərin bağlanması, açılması məsələsinin də Operativ Qərargahın gündəminə gəlməməsini hamımız bilirik. Bu barədə bir öncəki yazımda ətraflı yazmışdım. Son brifinqdə sualları cavablandıran, Operativ Qərargahda təmsil olunanlardan biri dedi ki, məscidlərin açılması mümkün deyil. Başqa vaxtlarda xarici ölkələrin təcrübəsindən dəm vuran hakimiyyət, qonşu ölkələrin bu mövzudakı təcrübəsindən istifadə edə bilərdi, etmir.
Məscidlərin açılmaması bir tərəfə qalsın, iqtidara yaxınlığı ilə bilinən adamların bu   qərarı toy-bayram ab-havası ilə qarşılaması ağıllara başqa suallar gətirir. İqtidar bu adamların dili iləmi danışır? Nə mesaj verirlər islami həssasiyəti olanlara? Məscid məsələsinin hakimiyyət üçün prioritet olmadığını anladıq da, başqa da deyəcək sözlərimi var? Hansı ki bu adamlar başqa vaxtlarda tolerantlıqdan danışırlar. Koronavirusla mübarizəni müharibəyə bənzədirlər. Dövlətin yanında olmaqdan danışırlar. Belə olan halda bu şəkildə davranış onların pravakator olduğundan xəbər vermirmi? Deməli, bu zərərli fikirləri yayanlar islami həssasiyəti olanları provakasiyaya çəkir, onların iqtidara qarşı ayaqlanmasını istəyir. Bu işdə də xüsusi marağı var.
Müsəlmanlar da əsla bu adamların provakasiyasına uymamalı, hətta sosial şəbəkələrdə yazdıqları şərhlərdə belə onlara fiziki şiddət tətbiq etmək haqqında yazmamalı, küçədə qarşılaşsalar belə yollarını dəyişməlidirlər. Onları küçədə görüb “Пошёл” belə desəniz, bu tip adamların növbəti şou düzəltməsinə şərait yaradacaqsınız. Doğru olan odur ki, bu adamların etdiklərindən aidiyyəti qurumlara şikayət etmək, eyni zamanda prezidentə, vitse-prezidentə açıq məktubla bildirməkdir.
Yuxarıda yazdığım məscidə ayaqqabı ilə girən polislə məscidlərin bağlanmasına sevinən adamların nə əlaqəsi var, niyə o hadisəni xatırlayıb bu sətirləri yazdı deyə bilərsiniz. Mən yaşadığım peşmançılığı yaşamayasınız deyə yazıram. Bu gün dinimizi, milli-mənəvi dəyərlərimizi, müqəddəslərimizi təhqir edənlərə qarşı mübarizə üçün, fikir mübadiləsi aparmağınız üçün yazıram. Bu gün məscidimizin bağlanmasına sevinənlər, sabah onun açılmaması, daima bağlı qalması üçün mübarizə aparacaqlar.
Ayasofyanın ibadətə açılması üçün məhkəməyə müraciət edən İsmail Kandemir adlı şəxs haqqında yəqin ki eşitmişdiniz.  Yoxdumu aramızda İsmail Kandemirlər?

MÜƏLLİFİN DİGƏR YAZILARI