KAMAL İLHAMOĞLU

Mir Şahin Ağayev və Alfred Nobel

Mir Şahin Ağayev və Alfred Nobel

KAMAL İLHAMOĞLU
Bildiyiniz kimi “Nobel qardaşları” adı dünyaya bir neçə məsələ ilə əlaqədar yaxından tanışdır. Eyni zamanda Nobel mükafatının necə yarandığını da bilməmiş olmazsınız.  Alfred Nobel dinamiti kəşf edən adam kimi də tarixə düşüb. O özü iddia edirdi ki, sülhsevərdir və onun kəşfi insanlığa xidmət edəcəkdir. Hətta o, “mənim dinamit istehsal edən zavodlarım sülhə, sülh konfranslarından daha çox xidmət edəcək” şəklində  nitq də söyləyirdi. 1888-ci ildə Alfred Nobelin  qardaşı Lüdviq Nobel vəfat edir. Bu zaman bir fransız qəzeti səhvən vəfat edən qardaşları qarışdırır. Onlar ölənin Lüdviq deyil, Alfred olduğunu zənn edir.  Qəzet,  Alfred Nobelin ölümü ilə bağlı verdiyi nekroloqun başlığını  “Ölüm taciri” vəfat etdi” şəklində təqdim edir. Bəhsi keçən qəzeti oxuyan Alfred dəhşətə gəlir. Ona qardaşının ölümündən daha çox “ölüm taciri Nobel öldü”, “insanlıq tarixi ondan qurtuldu” məzmununda yazılan cümlələr təsir edir. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəmirdi. Ona görə də ən son yazdığı vəsiyyətnamədə bütün yaxın qohumlarının etirazına və təəccübünə səbəb olan məşhur  “Nobel” mükafatını  təsis edir.  
Bunları niyə  xatırladım? Dünən oxudum ki, Mir Şahin Ağayev koronavirusa yoluxub. Vəziyyəttinin necə olduğunu bilmirəm. Amma xəstəliyə düçar olmuş Mir Şahin haqqında sosial şəbəkələrdə yazılan şərhlər isə dəhşət idi. Dəhşət dediyimə baxmayın. Gözlənilməyən deyildi. Gözlənilən idi. Bəlkə də Ağayevin arzuladığı kimi idi. Şərhlərdən bəziləri isə belə idi: “Axır ki, koronavirus yaxşı bir iş gördü”, “Mir Şahinin virusa yoluxduğuna inanmıram, ölsün inanım”, “Heç deyilsə bu virusun ədaləti var imiş, Mir Şahini tutdu”, “Möhkəm yapış ona, buraxma virus”, “Hər zaman yanındayıq, hər zaman dəstəyik sənə Covid-19. Güclü ol, Mir Şahinə qalib gələcəksən”, “Qıraqdan durub baxıram necə pis insanlar var. Mir Şahin bəyin koronavirusa yoluxmasına sevinmirlər”. Ümid edirəm ki, Mir Şahin Ağayev sağalacaq, daha sonra bu şərhləri oxuyacaq, görəcək, eşidəcək. Hətta görməmiş olsa belə, haqqında yazılanları təsəvvür edə bilər. Axı onun təxəyyülü güclüdür. Yaxşı bilir ki, indiyə kimi işlətdiyi bədii təsvir vasitələrini onun haqqında artıqlaması ilə işlədəcəklər. Mir Şahin sağalacağı təqdirdə Alfred Nobel kimi haqqında yazılanları oxuyub peşman olacaqmı, sualına yəqin ki, çox adam mənim kimi tərəddüd etmədən xeyir deyər. Hətta peşman olmaq bir tərəfə, ona yaradılmış imkandan istifadə edərək öz efirindən gözünü yumub ağzını açacaq. Ağzına-gözünə gələni, hədələyici dilini, təhdid nitqini yüksək səslə söyləyəcək.
 Bir dəfə də olsa Mir Şahin özünün də ifadə etdiyi şəkildə “orta statistik azərbaycanlı”nın ona niyə bu qədər qəzəbli olduğunu düşünübmü? Bu yazını oxuduqdan sonra onu müdafiə etmək eşqinə düşənlər yəqin ki, Ağayevə nifrət edənləri “qaragüruh” adlandıracaq, nifrət səbəbini isə onun istedadı qarşısında aciz qalmaq kimi bəsit dəyərləndirmə yolunu seçə bilərlər. Məsələnin belə olmadığını mübahisə obyektinı çevirmək istəmirəm. Günəşi inkar etmək mümkün deyil.
Mir Şahini heç vaxt taleyüklü məsələlərdə yanında görməyən cəmiyyətin ona qarşı aqressiyası normaldır. Və Mir Şahin bilməlidir ki, mətbuata “nifrət ritorikasını”, yəni akademik çalışmalarda istifadə edilən “Hate Speech”i gətirənlərin başında durur. Hətta onun dilindəki “nifrət ritorikası” ilə  bağlı magistratura tezisi yazmaq olar. Həyat da bumeranqdır. Bu gün mənə, sabah sənə.  Ağayev “ANS”də yaxşı işlər görmüş ola bilər. Onun da cavabı “dünənə görə sağol, bu gün nəçisən”dir.
Eyni zamanda Ağayev haqqında yazılanlara etiraz edən yazılar da gördüm. Jurnalist dostlarından bəziləri yazıları ilə ciddi cəhdlə onu müdafiə etmək istəyirdilər. Eyni bulağın suyundan içirlər. Müdafiə etmək istəkləri normaldır. Ən yaxınlarına, hətta özlərinə belə etiraf etməsələr də, anlayırlar ki, onların da başına gələ biləcək bədbəxt hadisəyə sevinəcək yüzlərlə insan var. Çünki bu adamların əllərində geniş imkanları olan mətbu orqanlar, əmrlərində bir xeyli jurnalist dəstəsi var. İllərlə istədiklərini yazıb-pozur, kimi  necə gəldi qaralaya bilirdilər. Vaxt-vədə yetişir, bu adamlar xəstələnir və ya vəfat edirlər. İndiyə kimi hər hansı bir şəkildə etiraz edə bilməyənlər isə öz qəzəblərini sosial şəbəkələrin imkanlarından istifadə edərək onların üstünə tökür.
Mənim şəxsən Mir Şahinə xüsusi nifrətim yoxdur. Hətta onun tezliklə sağalmağını da arzu edirəm. Dili dəyişməyəcək. Qozbeli qəbir düzəldə bilərmi, bilməzmi onu da bilmirəm. Ağayevin paxıllığını da çəkmirəm, hətta onu izləmirəm. Çünki Mir Şahinin fikri anlamda mənə, ölkəmə, gəncliyə söyləyəcək hər hansı bir sözü olmadığı qənaətindəyəm. Fikri olaraq Mir Şahin yaşayan “ölüdür”. Bu söylədiklərim onun istedadlı, bacarıqlı, təcrübəli, işinin öhdəsindən layiqincə gələn jurnalist olduğu gərçəyini də dəyişmir. Mir Şahinə qarşı hər hansı qərəzim olmuş olsaydı, yazımı “Allah Cəlal Əliyevə rəhmət etsin” sözləri ilə bitirərdim. Mən isə yazımı, Mir Şahinin tezliklə sağalaraq normal həyatına dönməsini ümid edərək bitirirəm.
PS: Bu yazı Mir Şahin Ağayev haqqında deyil. Mir Şahinlər, Mir Şahin olmağa iddia edənlər, Mir Şahin olma yolundan dönmə ehtimalı olan şəxslər haqqındadır.

MÜƏLLİFİN DİGƏR YAZILARI