KAMAL İLHAMOĞLU

Xalqı Amok vəziyyətinə salmaq istəyənlər

Xalqı Amok vəziyyətinə salmaq istəyənlər

KAMAL İLHAMOĞLU
Amok ifadəsini ilk dəfə Stefan Sveyqin “Amok” adlı hekayəsində oxumuşdum. Hətta bu əsər Anadolu türkcəsinə “Amok Koşucusu” adı ilə tərcümə edilib. Bizim dilimizə tərcüməsini tapa bilmədim. Sveyq bir çoxlarımıza “Şahmat” əsəri ilə tanışdır. Ümumilikdə, Sveyqin  yaradıcılığı ilə tanış olanlar əsərlərində intihar mövzusunu, psixoloji gərginlik durumunu necə işlədiyinin əyani şahidi olublar. Bilindiyi kimi, Sveyq özü də həyat yoldaşı ilə birlikdə intihar edərək həyatına son vermişdir. Əslində bu yazıda nə Stefan Sveyqdən, nə də onun əsərindən yazmaq niyətində deyiləm. “Amok” anlayışının özü haqqında arayış verdikdən sonra mövzunun daha da aydınlaşacağına əminəm. Amok ifadəsinin kökünə baxıldığında ilk dəfə Malayziya və Afrikada istifadə olunduğu görülür. Bir növ mənəvi-ruhi vəziyyəti izah etmək üçün istifadə edilir. Özündə olmama, psixolojik gərginlik kimi halları təsvir etmək üçün də işlədilən bu termini bəlkə də “affekt vəziyyət” halında olmaqla da izah etmək olar. Malay dilində “Amuk” kimi ifadə edilən bu anlayış, əsəbindən gözü heç nəyi görməyən, sağa-sola hücum etməyə hazır olan, qarşısına çıxan günahkar-günahsız fərq etməz, hər kəsə xətər yetirməyə hazır olan şəxslər haqqında deyilir.
Belə demək mümkünsə, Amok “xəstəliyinə” tutulanlar əvvəlcə depressiv olurlar, daha sonra ətrafdakılar arasında ayrı-seçkilik etmədən hücum edirlər. Bu arzuolunmaz vəziyyətə gətirib çıxaran bir çox amillər olsa da, sosial rifahın həddən aşağı olması, ətrafdakılar tərəfindən təhqirlərə məruz qalma, aşağılanma, haqqı olan dəyərin verilməməsi, qürurun incidilməsi və s. başlıca səbəblərdəndir.
Amok vəziyyətinə düşənlər ayıldıqdan sonra etdiklərinin heç birini xatırlamır və həddindən artıq peşman olurlar. Amma iş-işdən keçmiş olur. Malayziya və Afrikada bu halı bəzən iqlimlə əlaqələndirsələr də, bizdə sosial atmosferlə əlaqədardır. Hakimiyyət sözün əsl mənasında vətəndaşın “nəfəs” almasını istəmir. Əksini iddia  etmək çox çətindir.
Yəqin ki, müharibə qazilərinin şikayət dolu videoları sizlərin də qarşısına çıxır. Bir neçə gün öncə bir qazi ona yaradılan süni bürokratik əngəllər səbəbi ilə çəkdiyi video rolikdə deyirdi ki, gedib yerli idarə etmə orqanlarında işləyən məmurlarımı öldürüm?! İndi də müharibəni onlarlamı edək? Deyirlər, qalibiyyətin atası çox olur, məğlubiyyət yetim olur. Lakin bizim qalib gələn igidlərə də “yetim” münasibəti bəsləməyin səbəbi hələ ki yer planetində heç kimə məlum deyil. Çünki rasionallıq axtarırıq. Görünür, Amok vəziyyətə düşməklərini istəyənlər, arzu edənlər var. İstəyirlər ki, əli, ayağı, gözü olmayan qazi sosial duruma görə övladlarının yanında gözü kölgəli olsun, özünə də, müharibəyə getməyinə də, hakimiyyətə də, insanlığa da nifrət etsin. Müharibədə övladları itkin düşən valideynlərin şəhərin mərkəzində keçirdikləri piketlərə  polisin müdaxiləsinin hansı səviyyədə olduğunu görmüsünüz?
Bu vəziyyət aşağı-yuxarı ölkədəki bütün sahələrdə belədir. Pandemiya, qapanmalar, 190 manatın verilməsi proseduru, əlilliyə görə pensiyalarla bağlı son olanlar, Gömrük Komitəsində Səfər Mehdiyevin özbaşınalıqları, Tarif Şurasının qiymət artımı, Azalın qiymət siyasəti və sair və ilaxır, say-say bitmir. Və bütün bunlara reaksiya verməyi özünə sığışdırmayan hakimiyyət təmsilçiləri. Ölkədə yaşanan bütün dəhşətli hadisələr qarşısında insanların daha da alovlanmasını istəyən qrupların olduğu açıq-aşkar görünür. Əlbəttə, bu məsələdə iqtidarda təmsil olunan heç kimi birmənalı şəkildə günahsız hesab etmək olmaz. Hər kəs məsuliyyət daşıyır. Eyni zamanda hakimiyyətin içərisində bilərək və istəyərək iqtidarın topuğuna güllə atmaq prosesinin baş verməsində katalizator rolunu oynayanların mövcudluğunu görürük. Bu adamların 5-ci kalon və ya neçənci kalon olmalarının sadə vətəndaşa adiyatı yoxdur. Bu, Kürdəmirin Qaraqocalı kəndində yaşayan Həsən dayını maraqlandırmır. Həsən dayı vətəndaşı olduğu ölkədə, özünün və sevdiklərinin Amok vəziyyətinə düşmədən, normal yaşamağını istəyir. Hakimiyyət daxilindəki mətbəx çəkişmələri onun gündəmində yoxdu.
Həsən dayının da tək günahı var bu ölkədə siyasətə qarışmamaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI