KAMAL İLHAMOĞLU

Kürdəmirdə kriptovalyuta

Kürdəmirdə kriptovalyuta

KAMAL İLHAMOĞLU
Bütün bekar  adamların etdiyi kimi internetdə aşağı-yuxarı gəzirdim ki, bir xəbər çıxdı qarşıma. Dedim, aha Arximed, aha “Evrika”. Tapmışam. İlk növbədə xəbəri deyim, sonra tapdığım nəsnəni. Dünyada kifayət qədər məşhur olan repçi Akon Ugandada 6 milyard dollara öz şəhərini inşa edəcəyini deyib.  Şəhər futurologiya nümunəsi olacaq. Xəbəri oxuduqca yadıma düşdü ki, təxminən 1 il öncə də buna bənzər bir xəbər oxumuşdum. Mətbuat o zamanlar Akon ləqəbi ilə bilinən repçi Aliaune Damala Badara Thiamın Seneqalda belə bir şəhər tikməyə qərar verdiyi haqqında yazmışdı. Hətta o Senaqaldakı şəhərin inşasına da başlayıb. Bu başı batmış qarabala Akon bir müddət öncə özünün kriptovalyutası olan “AKoin”ni də dövriyyəyə buraxmışdı. O zamanlar bu “AKoin”in adlı kriptovalyutanın nə işə yarayacağı ilə bağlı suallar da meydana çıxmışdı. Akonun Seneqal və Uqandada quracağı şəhərlərdə bu valyuta işləyəcək. Xəbər bu idi. İndi isə bu xəbərin bizim işimizə necə yarayacağını izah edəcəm. Yəqin ki, dəyərli oxuyucular Kürdəmir adlı rayonumuzun olduğunu unutmayıb. Niyə unutmayıb deyirəm? Başda İlham Əliyev olmaqla bütün məmur heyəti belə bir rayonumuzun olduğunu unudub. Bildiyimiz kimi, ölkədə bir müddət öncə  icra hakimi “ovu” keçirildi. Həbs edilmiş bütün rayonlara 2-3 ay içində, İmişli rayonuna  isə  hətta 15 günə yeni icra hakimi təyin edildi. Kürdəmirin isə avqust ayında icra hakimi həbs ediləndən sonra adını çəkən yoxdu. Başa düşürsünüz bu nə deməkdi? Nə az, nə çox 228 gündür ki, Kürdəmir əhalisi icra hakimi üzünə həsrətdir. Böyük itkidir. Bəs 228 gündür başçıya rüşvət vermək istəyən sahibkarlar, məmurlar nə edir? Bu adamlar öyrəşmişdilər axı başçının rayonu dədə mülkü kimi çapıb talamasına. Yerli məmur tayfası 228 gündür kimə yaltaqlanır görəsən. Dediyim kimi böyük dərddir. Allah heç kimin başına gətirməsin. İcra hakimimizdən demişkən, təyinatlı deputatımızı xatırlamasaq olmaz axı. Əminə Ağazadənin deputat təyin edilməsi üçün gündəyməzlərində bülleten daşıyan adamların sosial şəbəkələrdə həbs edilən icra hakimindən və şanlı deputatımızdan narazılıq etdiyini görəndə əməlli əsəbləşirəm. İstəyirəm kəhər atımı minib, köndələn çapıb düz Kürdəmirə çatam, yapışam o adamların yaxasından ki, guya Əminə xanımdan yaxşı deputat tapacaqsız? Bu nə haqq tələb etməkdi, bu nə vicdanlı mövqedən çıxış etməkdi? Olmaz axı belə.
Əminəm, diqqətli oxuyucular fikirləşir ki, görəsən bu yazının sonu hara gedir. Tələsməyin, deyirəm. Təklif edirəm ki, rayonumuzdan bir qrup ziyalı yığılıb Akon ləqəbli repçi Aliaune Damala Badara Thiama müraciət edək. Hətta rayonumuzun Ağsaqqalllar Şurasına cəmi bir-iki gün öncə təyin edilmiş ağsaqqalı da qrupumuzun lideri təyin edək. Onun adından Akona müraciət edək ki, ay Akon qardaş, Seneqalı, Uqandanı boş ver. Niyə milyardlarını göyə sovurursan. Dur, gəl  Kürdəmirə. Bizə heç milyardın da lazım deyil. Ola bilsin yuxarılara bir az xərcin çıxacaq, o da olsun. “AKoin” adlı kriptovalyutanı da vur qoltuğuna gəl bura. Bax, rüşvət desən verəcəyik. Ayda məktəblərdən, baxçalardan yığdıqların sənin nəyinə bəs etməz. Hələ özünə bir təsərüfat da qurarsan, rayon əhalisinin suyunu da kəsib öz təsərüfatına işlədərsən. Narahat olma, bu etdiklərinə etiraz edəcək nə deputatımız var, nə də başqa biri. Bir sözlə, kef-işrət. Bundan başqa sənə nə deyək, ay Akon qardaş?!
Soruşa bilərsiniz ki, bəs Kürdəmir əhalisinin nə faydası olacaq? İlk növbədə onu deyim ki, indiyə qədər olan icra hakimlərinin Kürdəmirə nə faydası olub? Və ya 7 aydır icra hakimi yoxdur, rayon camaatına nə olub? Akon qardaş gəlsə həm kripto valyutamız olacaq, həm Seneqalda qurulmağa başlanılan şəhərlə Kürdəmiri qardaşlaşmış şəhər edərik, həm də qış aylarında gölə dönən rayon küçələrində dünya su yarışları keçirərik. Onsuz da illərdir nə kanalizasiyamızı düzəldən var, nə də bu kimi problemlərin həllinə çalışan. Heç olmasa mənfilikləri fürsətə çevirmiş olarıq. Ən əsas məsələ də rayonda olan saxtakar, iki üzlü, rüşvətxor məmurların öhdəsindən ancaq Akon qardaş gələr. İnanmırsınızsa, açın “google”u baxın. İki metrə boyunda qapqara bir oğlandı Akon. Lazım gələrsə, hətta Akonun rəhbərliyi ilə öz kriptovalyutamızı da dövriyyəyə buraxarıq "KKoin".

MÜƏLLİFİN DİGƏR YAZILARI