KAMAL İLHAMOĞLU

REAL populizm aşağı, REAL populizm yuxarı...

REAL populizm aşağı, REAL populizm yuxarı...

KAMAL İLHAMOĞLU
Bu yazının adı “Siyasət və söyüşün vəhdəti” ola bilərdi. Yazını yazmağa başlayandan sonra fikrimi dəyişdim. Çünki heç bir cəbhə Azərbaycan siyasətinə söyüşü kimin gətirdiyinə qərar verə bilməyib. İqtidar müxalifəti, müxalifət də bu mövzuda iqtidarı günahkar hesab edir. Hər kəsimin də öz tərəfdarları var axı. İqtidarı qoyaq bir kənara, onsuz da onların dediyini ciddiyə alan yoxdu. Müxalifətin içində olan fədailər də yapışıb öz liderinin ətəyindən məşhur lətifədə olanı deyir: “Televizor ucqar bölgələrə yeni ayaq açdığı vaxtlarda, kəndlərin birində kənd camaatı kəndə yeni gələn “rəngli qutunu” izləmək üçün toplaşır. O saatda televizorda tenis oyunu gedir, oyunu bir xeyli izlədikdən sonra söhbətin nədən getdiyini anlamayan kəndlilər, kəndin baş biləninə deyirlər, ay ağsaqqal, bu nə mənə olan şeydi? Ağsaqqal özü də ilk dəfə tenis izləsə də, statusuna görə özünü cavab vermək məcburiyyətində hiss edir. Deyir ki, vallah o yumru ağ şey nədirsə, deyəsən onu canlı tutmaq istəyirlər”.
24 saatdır ki, ölkəmizdəki sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyət REAL-çıları, eləcə də onun sədri İlqar Məmmədovu etdiyi qələtinə görə söyür. Qələtin də nə olduğunu bilirsiniz. Uşaqpulu məsələsindəki üslubu. Məməmmədovun üslubuna cəmiyyətin böyük əksəriyyəti də müxtəlif epitetlər vasitəsi ilə etiraz edir. Gözünə döndüyüm İlqar və onu kor-koranə dəstəkləyənlər də dirəniblər ki, yox əşşi siz bilmirsiniz, populistsiniz, yuxarıdakı lətifədə ağsaqqalın dediyi kimi, o ağ şeyi diri tutmaq istəyirlər. Mövzu fırlanır gəlir populizmə. Üslub problemi nə İlqarın, nə də REAL-ın qurucularının ilk dalana dirəndiyi məsələ deyil. Bu gediş onu göstərir ki, daha çox yaşanacaq.
Hörmətli Məmmədov bir ara Üzeyir Mehdizadə vasitəsi ilə dil tapacam dedi, sonra 9 fevral seçkiləri öncəsində “sən seçməsən, sənin yerinə soğan qabıqlı sup seçəcəklər” klipi ilə nəsə dediyini zənn etdi, elə o ərəfələrdə Məmmədovun yavəri Don Kixot Natiq bəy “qara reklamdan” bəhs etdi. Nə isə bunları uzun-uzadı yazmaq nə REAL-dan əlini üzmüş xalqa fayda verəcək, nə də bütün kosmosa qulaqlarını tıxayıb özləri div güzgüsündə seyr halında olan cənab əjdaha müxalifət F-16-sı Məmmmədov, Cəfərli ikilisinə.
Yazının ki, adını populizm deyə qeyd etmişik, gərək ki, bu başı bəlalı termin haqqında bir-iki cümlə söyləyək. Richard Hofstadter: “Hamı populizm haqqında danışır, amma heç kim populizmin dəqiq tərifini verə bilmir” deyirdi. Hofstadter daha sərt sözlər deyir, amma mən çox o yerlərə girmədən onu deyə bilərəm ki, günümüzdə bu başı bəlalı populizmi söyüş yerinə işlədirlər. Gördün kimdənsə xoşun gəlmir, bas getsin populist kəliməsini. Ümumilikdə, yəqin ki, bu kəlimə dünya siyasi səhnəsində son 10  ildə işləndiyi qədər heç vaxt istifadə edilməyib.
Ivan Krastev kimi siyasət nəzəriyyəçisi içində yaşadığımız əsri “Populizm əsri” adlandırır. Jan-Werner Müller özünün məşhur “Populizm nədir?” əsərində: “Bir populizm nəzəriyyəsinə sahib deyilik, siyasətçilərin nə vaxt populist adlandırılacağını müəyyən edən müfəssəl kriteriyalar yoxdur. Nəticə etibarı ilə demokratik olma iddiasında olan cəmiyyətlərdə siyasətçilər, xalqın diqqətini çəkmək üçün, mümkün qədər xalqın başa düşəcəyi şəkildə onlara fikirlərini ifadə edirlər. Bununla da o siyasətçilər sadə xalqın qırmızı nöqtələrində həssas olmaq istəyirlər. Əks təqdirdə bir qrupun sevmədiyi bütün qrupları, xüsusilə də uğurlu siyasətçiləri populist adlandırmaqları nə qədər doğrudur?”.  Jan-Werner Müller eyni zamanda siyasət fəlsəfəsini də içinə alan bir sual da ünvanlayır: “Kimlərisə populizmdə ittiham etmək, özü populist yanaşma deyilmi?”
Bu yerdə ərinməyib Christopher Lasch’ın hər kəs tərəfindən bilinən “Populizm demokratiyanın həqiqi səsidir” statına yer verməyi özümə borc bilirəm.
Ümumilikdə, siyasi populizm barədə yazılar yazanların, siyasət fəlsəfəsi ilə məşğul olanların ortaq qənaətlərindən də biri odur ki, populistlər sadəcə və sadəcə özlərinin xalqı həqiqi mənada təmsil edə biləcəklərini iddia edirlər. Populistlər istər iqtidarda olsun, istərsə də müxalifətdə siyasi rəqiblərini degenerasiyaya məruz qalmış, özlərindən aşağı görürlər. Bütün bunları nəzərə aldıqda bizim ölkədə ən populist partiyanın  REAL olduğunu rahatlıqla demək mümkün deyilmi?
Hörmətli Don Kixot Natiq bəy Cəfərli başda olmaqla qaragüruh dəstəsindən ibarət realçılar istəsələr onlar üçün populizmlə bağlı bir xeyli qaynaq məsləhət görə bilərəm. Özü də onların sümüklərinə uyğun “angiliski” qaynaqlardan.

MÜƏLLİFİN DİGƏR YAZILARI