KAMAL İLHAMOĞLU

Mikayıl Cabbarov fenomeni

Mikayıl Cabbarov fenomeni

KAMAL İLHAMOĞLU
Hər hansı təşkilatda, iş yerində, məktəbdə, hərbi xidmətdə və s. yerlərdə bəzən bir insan tipi olur ki, rəhbərlik hansı işi kim bacarar desə, o “yoldaş” sinəsini dərhal qabağa verib mən deyir. Bu şəxs də adətən kollektivdə sevilməyən adam olur. Onun kollektivdə olanları dərhal rəhbərliyə çatdırdığı haqqında şaiyələr dolaşır. Mikayıl müəllim də İlham Əliyev hakimiyyətinin sinəsini qabağa verən oğlanıdır. Sadəcə, böyük ehtimalla o, mən demir, ona sən deyirlər. Yəni Mikayıl bu iş sənindir. Tapıblar bir fağır Mikayıl müəllim, o da etiraz edə bilmir, nə desələr baş üstə deyib keçib oturur deyilən küncdə.
Bildiyiniz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Müşahidə Şurasının sədri Mikayıl Cabbarov təyin edilib. Əslində bu təyinat bizim uzaqgörən xalqımıza heç də sürpriz təyinat deyil. Əvvəlcədən sorğu keçirilsəydi, xalqımız hamılıqla kimin təyin ediləcəyini bilərdi. Məşhur deyimdə olduğu kimi, xalqı onun içindən çıxan, onu yaxşı tanıyan iqtidar idarə edər. Bizim şanlı hökumətimiz də yaxşı bilir ki, onun təyinatlarına xalqı ağız büzən deyil. Ona görə də heç bir təyinatlarından narahat deyillər. Nəinki bürokratik təyinatlardan, heç seçili orqanlara belə edilən təyinatlara görə narahatlıq keçirmirlər. Milli Məclisin halı ortadadır. Nə isə. İlin günün bu vaxtı Mikayıl müəllimin SOCAR kimi bir qurumun müşahidə şurasına təyin edilməsinin səbəbi nədir? Cabbarov SOCAR-ı müşahidə etməyəcək. O, Rövnəq Abdullayevi müşahidə edəcək. Bəli, məhz Rövnəq müəllimi. Ötən yazılarımın birində Əli Həsənov xüsusi bir qələt etməsə onu həbs etməyəcəklərini, sadəcə onun “ailəmin pulları” ilə fəxr edirəm ifadəsinə görə təzyiqinin yoxlandığını demişdim. Eyni hadisə Rövnəq Abdullayev üçün də keçərlidir. Hakimiyyət ondan büdcənin doldurulması üçün xidmət gözləyir. Bu vaxta kimi SOCAR-dan (xalq arasında SÖKƏR) əldə etdiyi gəlirlərin hesabını soruşmağı və eyni zamanda bundan sonrakı müddət üçün bəsdi daha deməyi planlaşdırır. Düz də edirlər. Əslində bu addımla Rövnəq müəllimə yaxşılıq da edirlər. Yoxsa Rövnəq müəllim yenə oğluna bahalı saatlar alar, onun əfəl oğlu da milyonluq saatı itirməklə dünya mətbuatının gündəminə çevrilər. Bu da onun imicinə ziyan vurar. Hər zaman dediyim kimi, bu hökümət nəyi, necə edəcəyini hamımızdan yaxşı bilir. Lakin çox hörmətli Abdullayev daha narahat olmasın. Qoruqçu Cabbarov öz şəfqətli qolları ilə onu qoruyacaq. İmkan verməyəcək ki, neftimizin pulları avara yerə xərclənsin. Narahat olmayın, xalqa vermək düşüncələri də yoxdur. Dedim axı lazımsız heç bir yerə daha pul verilməyəcək. Pul xalqa verilsə, başımıza daha böyük fəlakətlər gələr. Təsəvvür edə bilirsiniz, ölkəmizdə vətəndaşların məişət qayğıları yoxdur, xalq nəyi, necə edəcəyik, bu maaşla necə dolanacağıq kimi suallara cavab axtarmır. Belə işlərə başı qarışmayıb. Mən şəxsən təsəvvür edə bilmirəm.
Xalqımız demişkən. Xalq arasında çox da bilinməyən bir məsələyə aydınlıq gətirim. Çoxumuz Mikayıl Cabbarovu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi kimi tanımışıq. Ona görə də deyirik ki, gəlib təhsilimizi, sonra vergilərimizi, hazırda da iqtisadiyyatımızı qorudu. Amma çox hörmətli, super güc olan nazirimiz qorumaq işinə başlamadan öncə İqtisadi İnkişaf nazirinin müavini vəzifəsində çalışıb. Çalışdığı nazirliyin adındakı inkişaf kəliməsindən necə ilhamlanıbsa, o gün bu gündür durmadan inkişaf edir. Elə bilməyin Cabbarovun uğurları yalnız ölkə daxilindədir. O, eyni zamanda Tbilisi şəhərinin fəxri vətəndaşıdır. Hətta illər öncə ona tanınmış gürcü müğənnisi Vaxtanq Kikabidze tərəfindən Tbilisinin rəmzi açarı da təqdim edilmişdi. Göz qamaşdıran tərcümeyi-halından da məlum olduğu kimi, harada aş, orada baş olan Mikayıl müəllimin olmadığı bir tək yer var idi ki, o da Qarabağ məsələsi idi. Hər şeyi bilən hökumətimiz bunu Mikayıl müəllimə bağışlamdı. Mikayıl Cabbarov dövlət başçısının 4 yanvar 2021-ci il  Sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin edildi.
Sonda Kəmaləddin müəllimə açıq məktub yazmağa qərar verdim. Çox hörmətli Kəmaləddin müəllim, bir-iki gün öncə mətbuatımızda sizin haqqınızda çıxan “Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb” yazısının hansı səbəblə yazıldığını siz məndən yaxşı bilirsiniz. Hər şeyi müşahidə edən Mikayıl müəllimin nəfəsini çiyninizdə hiss etməyinizə az qalıb. Gəlib sizi də  müşahidə edəcək. Bilirsiniz ki, Əli Həsənov, Rövnəq Abdullayevə verilən mesajla sizə verilən mesaj eyni qəbildəndir. İnanıram ki, bu proseslərdən ən az ziyanla çıxacaqsınız. Siz ağıllı adamsınız. Nə oğullarınız ayı əti yeyir, nə 2 milyonluq saat itirir, nə də maşınla hansısa kasıbın balasını altına alıb öldürmür. Sizə ağıllı adam yuxarıda saydıqlarıma görə demədim. Ağıllı ona görə deyirəm ki, sizin kimi monopolistə, xaricdən xırda-xuruş gətirərək dolanmaq istəyən insanlara qənim kəsilənə, medianın anasını ağladana, hələ də mələk kimi baxanlar var. Bu adamların sayı da nə qədər istəsəniz o qədərdir. Onlara deyirsən ki, Kəmaləddin müəllim belə işlər görür axı, əks arqumentləri də bu olur ki, bu ölkədə kim etmir ki belə şeylər. Bizdən öncəkilərin dediyi kimi, proses uzun çəkdi, hərə bir cürə dəli oldu.

MÜƏLLİFİN DİGƏR YAZILARI