KAMAL İLHAMOĞLU

Bülbülümüz cəh-cəh vuranda

Bülbülümüz cəh-cəh vuranda

KAMAL İLHAMOĞLU
Xəbər saytlarının yazdığına görə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu deyib ki: “Müasir Azərbaycan 20 Yanvar kimi dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir”. Əslində bu əlaqələndirmə Azərbaycan xalqına aid deyil, Polad Bülbüloğlunun şəxsinə aiddir. Bülbüloğlunun bu açıqlamasına daha sonra qayıdarıq.
 Gəlin, əvvəlcə sizə “Bo (Beau) Şerif”in hekayəsini danışım. Bu hekayə xarici görünüşü sayəsində Avropada “Bo Şerif”, yəni “Gözəl Şərif”, vətənində isə “Boş Hərif”, yəni “Boş Adam” kimi tanınan Şərif Paşanın hekayəsidir. Şərif Paşa Fransanın ən stratejik əhəmiyyətə malik olan hərbi məktəbi “Saint-Cyr Akademiya”sından məzun olur. Bir müddət İkinci Əbdülhəmidin köməkçisi olur, daha sonra hərbi attaşe olaraq Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərir. 1898-ci ildə Stokholma səfir təyin edilir və 10 il İsveçdə yaşayır. Paşanın adının daha çox eşidilməsi bu vəzifəyə təyin olunandan sonra başlayır. Zəngin bir Misir şahzadəsi Emine Halim ilə evlənir və həyat yoldaşının zənginliyi sayəsində Stokholmda firavan və lüks bir həyat yaşayır. İsveç Kralı ilə dost olur, sarayın əvəzedilməz qonaqlarından olur. Paşa Avropadakı qadınların gözündə dünyanın ən yaraşıqlı kişilərindən biri olur. Belə yaraşıqlı olduğu üçün fransızlar ona bir də ləqəb verirlər. “Beau Sharif”, yəni “Gözəl Şərif”. Vətənini təmsil etmək əvəzinə vətənin əleyhinə olan işlərə əl atdıqdan sonra isə “Bo Şərif” dönüb olur “Boş Hərif”,  hətta bu adda bir kitabça da nəşr olunur. İsveçə Əbdülhəmid tərəfindən səfir təyin edilmiş olmasına baxmayaraq, “İttihatçılar”la birlikdə olmağa qərar verir. O, Əbdülhəmid hakimiyyətinin son aylarında istefa edərək Parisə gedir. 1908-ci ildə “İkinci Məşrutiyet” elan edildikdən sonra İstanbula qayıdır, ancaq bu dəfə də “İttihatçılar”a qarşı çıxaraq yenidən Parisə köçür. Burada “İslahat-ı Esasiye-i Osmaniye” adlı bir siyasi partiya qurur və “Məşrutiyət” adlı bir jurnal nəşr etdirməyə başlayır. 1914-cü ildə Parisdə bu fəaliyyətlərdən bezərək,  Monakoya köçür və Monte Carlodakı “Mon Keyf” adlı villasında yaşamağa başlayır. Həyat yoldaşının sərvəti və bir neçə il əvvəl vəfat edən atasından qalan mirası sayəsində heç bir çətinlik çəkmədən yaşamağa başlayır. Dörd il sonra, Şərif Paşa Monte Carlodakı lüks həyatdan da bezir və bu dəfə fərqli bir mərhələyə qədəm qoyur. Bu dəfə də özünü radikal kürdçü elan edir. “Kürdüstan Kralı” olmaq xəyalları qurur. Onun bu xam xəyalına qədər olan siyasi fəaliyyətləri müxalif siyasətçinin hərəkəti kimi normal qəbul edilə bilərdi, amma indi tamamilə fərqli bir yoldaydı və bu da onu dövlətinə xəyanət həddinə qədər gətirir.
Birinci Dünya Müharibəsi bitmiş, Osmanlı dövləti və müttəfiqləri müharibədə məğlub olmuş, müharibədən çıxmış dövlətlər sülh konfranslarında yeni bir dünya qurmağı planlaşdırırdılar. Etnik azlıqlar da öz növbəsində  müstəqil  dövlət olmaq istəyirdilər. Osmanlı torpaqlarında yaşayan ermənilər və kürdlər də müstəqillik arzusunda idilər.
Sevr müqaviləsindən öncə müstəqil dövlət qurmaq arzusundakı təşkilatlarından biri olan "Kürdüstan Teali Cəmiyyəti" Şərif Paşayı "Kürd nümayəndəsi" təyin edir. Paşa dərhal bir kürd nümayəndə heyəti quraraq, illərlə səfiri olduğu Osmanlıdan bu dəfə  torpaq qoparmağa çalışır. Bunun üçün o, erməni tərəfi ilə təmasda olmaqdan çəkinmir və hətta 11 noyabr 1919-cu ildə 'Kürd təmsilçisi' olaraq ermənilərin təmsilçisi Boğos Nubar ilə 'müstəqillik sənədi' imzalayır.
Birinci Dünya müharibəsinin qalibi dövlətlətlərlə birlikdə hərəkət edən Şərif Paşa Osmanlı tərəfini təmsil edən keçmiş həmkarlarından torpaq almaq üçün İngiltərə və Fransa təmsilçiləri ilə müstəqil bir Kürdüstanın necə qurulacağını müzakirə edir, nümayəndə heyətinə  məktublar, qurmağı xəyal etdiyi dövlətin sərhədlərini göstərən xəritələr göndərir. Xəyalı qurulacaq Kürdüstanın 'Kralı' olmaq, Mosulu paytaxt etmək və orada hökmranlıq etmək olur.  Fəqət o, problemli xarakterinə görə bir müddət sonra “Kürdçülük” oyunundan da bezir. Bir gün, həm türk, həm də fransız qəzetlərinə 'Sultanım və xəlifəmə sadiqəm və etdiklərimə görə peşmanam” deyə yazılar göndərir. İkinci Dünya müharibəsi sonrası yenə bəzi xam xəyallara düşsə də Şərif Paşanın xəyalları elə xəyal olaraq da qalır. Bütün bu etdiklərinə, yəni öz doğma vətəninə etdiyi xəyanətlərinə görə tarixə “Bo Şərif idin, dönüb oldun Boş Hərif” cümləsi ilə keçir. Tarixə bir ölkənin şərəfli diplomatı şəklində həkk olunmaq var idi, amma bunun tam əksi olur.
Yazının əvvəlində qeyd etdiyim, Polad Bülbüloğlunun məlum açıqlamasına gəldikdə isə, Azərbaycan xalqı nəinki 20 Yanvar hadisələrini, 90-cı illərin əvvəllərində olan torpaq itkilərimizi, hətta Xocalı faciəsini belə müasir Rusiya ilə əlaqələndirir. Bülbüloğlu özü də yaxşı bilir ki, Rusiyada Azərbaycan xalqını təmsil etmir. Son açıqlamalarına baxsaq, onun dedikləri nəinki İlham Əliyevin dedikləri, daha çox Putinin dedikləri ilə üst-üstə düşür. Onun təsəvvüründə olan Azərbaycan, özündən və özü kimi Rusiyaya sədaqət andı içmişlərdən ibarət deyil. Belə başa düşülür ki, Polad Bülbüloğlu tarixə ən yaxşı halda Şərif Paşa kimi düşmək istəyir.
 

MÜƏLLİFİN DİGƏR YAZILARI