KAMAL İLHAMOĞLU

Yazıla bilməyən yazı

Yazıla bilməyən yazı

KAMAL İLHAMOĞLU
Bu gün, yəni 20 yanvar günü və bu günün tarixi əhəmiyyəti barəsində yazmalıyammı? Yazası olsam da, hadisələri hansı perspektivdən dəyərləndirməliyəm deyə çox düşündüm. Sonda qərar verdim ki, yazmayım. Yəni mən bu yazını yazmıram. Bu yazını yazmamaq üçün obyektiv və subyektiv səbəblərim var. Bu səbəblər hadisələrin birbaşa iştirakçısı olmamaqdan tut, siyasi müstəvidəki müzakirələrin obyektivliyinə olan şübhələrə qədər  və s.  Sual oluna bilər ki, sanki haqqında yazdığımız bütün hadisələrin şəxsən şahidiyikmi? Əlbəttə xeyr. Lakin bu dəfə vəziyyət tamamilə fərqlidir. Xüsusilə də vətən müharibəsindən yeni çıxmağımız, rus sülhməramlılarının bölgəyə gəlişi kimi məsələlər varkən. Bir gün öncə, yəni 19 yanvar tarixinə olan xəbərlərə, müzakirələrə baxanda da vəziyyətin o qədər də ürəkaçan olmadığının şahidi oldum. Siyasi kulislərdə və efirlərdə olan iqtidar-müxalifət debatlarına nəzər salanda gördüm ki, müzakirələr ancaq bu qəbildədir: “Günahkar siz idiniz, yox siz idiniz”, “Vəzirov elə qaçdı”, “Mütəllimov onun yerinə keçmək üçün Moskvada idi”,”20 yanvar haqqında ilk siyasi qərarı biz qəbul etmişik”, “Yox o siyasi qərar deyildi, bəyanat idi” və s. 30 ildir necədir, bu gün də elə. Tarix keçmişdən, dünəndən daha çox sabah və gələcəkdir. Əgər biz yalnız dünəndən danışacağıqsa, elə dünəndə qalacağıq. Görünən odur ki, dünənə qədər haqqında çox böyük şövqlə danışdığımız “Vətən Müharibəsi”nin əhəmiyyəti haqqında danışmağın populyarlığı azalmağa başlayıb.
Bu gün 20 Yanvarla əlaqədar bütün yazıları oxumağa çalışacam. Ümid edirəm ki, “bu yanvar hər zaman olduğundan fərqli olacaq” cümləsindən bir addım uzağa gedən yazılara rast gəlmək mümkün olacaqdır. Yazası olsaydım düşünürdüm ki, müxtəlif ölkələrdəki hərbi qiyamlarla, 20 Yanvar hadisəsini müqayisə edim. Daha çox da ordunun öz dövlətinin vətəndaşlarına qarşı amansızca atəş açmasından yazım. Hətta qardaş Türkiyədə 15 iyul 2016-ci ildə baş verən hərbi qiyam cəhdi ilə də müqayisə etmək istəyirdim. Yazının çıxış nöqtəsi də o olacaqdı ki, hadisələr bu millətlərə düşmən olanların yerli sapı özümüzdən olan baltalarla birlikdə olan fəaliyyətindən başlayır. Nə isə. Yazmadım. Bəlkə də gələn il bu mövzuda yaza biləcəm. Yazıya da bu şəkildə başlayacam, keçən il yaza bilməmişdim, bu il isə....
Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər birimizin illərdir əzbərdən dediyi kimi “Azadlıq toxumu əkdi şəhidlər”.

MÜƏLLİFİN DİGƏR YAZILARI