KAMAL İLHAMOĞLU

Batan gəmini ilk tərk edənlər...

Batan gəmini ilk tərk edənlər...

KAMAL İLHAMOĞLU
Hər halda gəmi siçovulları haqqında eşitmisiniz. Gəmilərdə yaşayırlar və gəmidə bir şey olduqda,  yəni gəmi batmağa başladığı anda dərhal gəmini tərk edirlər. Xalq arasında belə bir deyim var: “Gəmi batmağa başlayanda ilk  siçovullar gəmini tərk edirlər”.  Bu deyimi daha çox vəfasız insanlar haqqında işlədirlər. Təmsil olunduğu və illərlə faydalandığı hər hansı bir qrupun, təşkilatın və s. işləri yolunda getməyəndə, vəfasızlıq edib qaçanlar üçün ən çox  istifadə olunan məsəllərdəndir. Ümumiyyətlə, siçovul və siçanlar haqqında bir çox hekayələrə, deyimlərə, aforizmlərə rast gəlmək mümükündür. Bu heyvanlar haqqında kifayət qədər ədəbiyyat nümunəsini oxumaq olar. Adətən də mənfi obrazın təmsilçiləri olurlar. Bizim cəmiyyətimizdə gəmi siçovulları örnəyində olduğu kimi bənzər bir ifadə də  “Çörəyi dizinin üstündə olmaq” ifadəsidir. Deyirlər ki, filankəsə nə qədər yaxşılıq edirsən et onun çörəyi dizinin üstündədir.  Niyə yenə Dədə Qorqud kimi misallardan, məsəllərdən başlamışam? Şükür Allaha ölkədə hər gün gündəmimiz var. Allahın verdiyi hər gün müzakirə etməyə mövzusu nə qədər desəniz tapa bilirik. Dünən  bir xəbər çıxdı ki, bəs Əli Həsənov Azərbaycana gətirildi. Əlbəttə, bu xəbər ortaya çıxan kimi ağıla gələn ilk sual bu idi: Azərbaycana “gətirilən” Həsənov həbs ediləcəkmi? Haqqında  çıxan xəbərlərə səssiz qalmayan Həsənov sosial medya hesablarından bu xəbəri yazanları qınayan cümlələr işlətdi. Yazdığı cümlələr ədəbi-bədii, elmi yaradıcılıq nümunələri olduğu üçün olduğu kimi diqqətinizə çatdırıram: “Çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar. Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar". Bütün dediklərini bir kənara qoyub, “Çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” cümləsindəki “Çörəyə” fokuslanmaq lazımdır. Yuxarıda bəhs etmişdik axı. Çörəyi dizinin üstündə olmaq. Əli müəllimin vaxti ilə  hansı gücə, hansı imkanlara sahib olduğu haqqında uzun-uzadı yazıb təkrarçılığa yol vermək istəmirəm. Sadəcə bir məqamı xatırlatmaq istəyirəm ki, professor Həsənovun qılıncının dalı da, qabağı da kəsdiyi dönəmlərdə onu sevməsə belə adı gələndə ayağa qalxanların bu gün onun haqqında belə “qətiyyətli” mövqe ortaya qoymasını anlamaq üçün “siçovul və gəmi” örnəyini xatırlamaq lazımdır. Əlbəttə, Həsənovun etdikləri göz qabağında olub. Amma ona bu qədər imkanları verən hakimiyyət olub, onu tərifləmək üçün sıraya düzülənlər də bu hakimiyyətə yaxın adamlar olublar. Bu gün onu söydürən də hakimiyyətdir. Söyən də hakimiyyətə yaxın adamlar. Ağlamalı mənzərədir, biz isə gülürük. Sanki xalq olaraq bizi yığıblar teatra. Tamaşa göstərirlər. Sadəcə personajları, müsbət və mənfi obrazları tez-tez dəyişirlər. Eyni adam müsbət rol ifa etdiyi halda anidən dəyişərək mənfi obrazın mahir ifaçısı olur. Biz də tam anlaya bilmirik ki, bəs filankəs yaxşı rol ifa edirdi axı, necə oldu indi mənfi obrazdadır. Çaşqınlığımız özümüzə qalır. Biz, hə indi başa düşdük demək istəyirik ki, yenə rollar dəyişir. Tək dəyişməyən şey var, gəmidəki siçovullar. İllərdir eyni roldadırlar. Hansı düşərgə qalibdirsə, onun yanında olurlar.
Əslində, Əli Həsənov tutulmaq üçün böyük “qələt” etməsə, onu tutmayacaqlar. Bu xəbərlər sadəcə siqnal, mesaj xarakterlidir. Necə ki, bir müddət öncə bir neçə dəfə Ramiz Mehdiyev “öldü” xəbərlərini tirajladılar. Əli müəllimin haqqında bundan sonra çıxacaq xəbərlər də aşağı-yuxarı eyni qəbildəndir. Həsənova verilən mesaj aydındır. Ona deyilir ki, zamanında dediyin "Ailəmin malik olduğu adı çəkilən şirkətlərlə fəxr edirəm" cümləsindəki şirkətlərə və onlardan gələn pullara “salam olsun”. Siçovullara isə son sözümü Wieslaw Brudzinskinin məşhur ifadəsi ilə  demək istəyirəm: "Təhlükə anında gəmidən uzaqlaşan siçovullar köhnə evləri olan gəminin batmamağını həzm edə  bilməzlər". Amma nə edək? Batmayan gəmi batmır ki, batmır.
İstədim yazının sonunda Kəmaləddin Heydərova da siçovullarla bağlı məsləhət verim, deyim ki, Həsənova olan gündən sənə  də var.  İllərlə yedizdirdiyin media, vaxt gələcək səni həm Mehdiyev kimi “öldürəcək”, həm də Həsənov kimi Bakıya “gətizdirəcək”. Sonra vaz keçdim. Məsləhət filan vermirəm.

MÜƏLLİFİN DİGƏR YAZILARI