KAMAL İLHAMOĞLU

Vaksinlənməlimi, vaksinlənməməlimi?

Vaksinlənməlimi, vaksinlənməməlimi?

KAMAL İLHAMOĞLU
Bildiyiniz kimi, bu gün, yəni 18 yanvar tarixində Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Suallar, suallar. Peyvənd olunaqmı, olunmayaqmı? Ümumiyyətlə, bu sual niyə ortaya çıxır? Məsələ yalnız “Çip” taxacaqlar məsələsi ilə bağlıdırmı? Yəni olunmayaq deyənlərin tək arqumenti bu virus və onun vaksini vasitəsi ilə bizim iradəmizi əlimizdən alacaqlar, istədikləri kimi idarə edəcəklərdirmi? Ya da peyvənd olunmağın əleyhinə olanlar Anthony Burgess`in “A Clockwork Orange” və ya Albert Kamyunun “Taun” əsərini oxuyub da, bu əsərlərin təsirinə düşdükləri üçün, ya da dünyada kifayət qədər məşhur olan hər hansı tibb jurnalında olan məqaləni oxuduqları üçün olunmaqdan imtina edirlər?  İstisna da olsa yuxarıda qeyd etdiklərimdən və ya başqa oxuduğundan, izlədiyindən təsirlənən insanlar ola bilər. Lakin Azərbaycanda kütləvi şəkildə peyvənd olmağın əleyhinə olan insanların arqumenti nədir? Bunun qarşısında iqtidar necə qərarlar qəbul edəcək? Öncəliklə deyim ki, vaksinasiya yüksək riskli əhali qrupları nəzərə alınmaqla mərhələli şəkildə həyata keçiriləcək.
Baş infeksionist deyib ki, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur: “Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir”. Maarifləndirmə. Deməli səlahiyyətli şəxslərin ilk planı budur. Könüllü olmayanı maarifləndirəcəklər. Bu məqamda mötərizə açmaq lazımdır. Dövlət işlərində, yəni dolayısıyla maaş alan könüllülər və işsiz könüllülər. Nəzərə alsaq ki, ölkədə kifayət qədər işsiz var. Bu şəxslərin maarifləndirilməsinə ehtiyac var. Başa düşürəm bura qədər bir az qarışıq oldu. Ona görə də ən başdan başlamaq lazımdır.
Bir çox işlərdə olduğu kimi xalq iqtidarın atdığı addımlara etibar etmir. Məsələn, ölkədə pandemiya ilə əlaqədar karantin rejimi elan olunduqdan sonra atılan addımlara bir bütün şəkildə baxmaq lazımdır. Haqlı və ya haqsız narazılıq məsələsini müzakirə etmirik. 190 manatın verilməsi prosesindən kifayət qədər narazı insan varmı? Var. Rayonlara gediş-gəliş məsələsi ilə bağlı narazılıq varmı? Var. Gəlir yeri yalnız restoranlar olan adamların  ciddi narazılıqları varmı? Var. Rüşvət verib işləyən obyektləri görən, rüşvət verməyən ya da verə bilməyənlər narazıdırmı? Narazıdır. Siyahını nə qədər istəyirsiniz uzada bilərik. Yuxarıda da qeyd etdiyim kimi burada qadağaları qəbul edənlər və ya onlara əməl etməyənlərin hansının doğru etdiyini müzakirə etmirik. Məsələ bu insanların onları idarə edənlərə olan etibarıdır.
Ölkədə baş epidemioloq rayonda olduğunu və ölkədə baş verən hadisələrdən xəbərsiz qaldığını bildirir, sonra ölkənin baş infeksionisti Cəlal İsayev istefa vermiş baş epidemioloqun yanlış anlaşıldığını deyir. Bir müddət sonra bu baş infeksionist özü istefa edir. Onun yerinə başqa baş infeksionist gətirilir. Müzakirələr gedir ki, əslində bu vəzifələr, yəni baş epidemioloq və baş infeksionist ictimai əsaslarla işlənilən işdir. Yəni heç kimə bunun müqabilində pul, maaş verilmir. Yəni bu, işdən uzaqlaşdırılma hesab edilə bilməz. Bu istefa o istefadan deyil. Aləm dəyib bir-birinə. Əminəm ki, diqqətli oxucunun fikirləri qarışıb ki, görəsən müəllif nə demək istəyir. Niyə belə qarışıq yazıb. Əslində bu yazıda olan qarışıqlıq ölkəmizdə gedən qarışıq proseslərin yazıya keçmiş halıdır. Ölkədə hər şey qarışıqdır bu yazıda olduğu kimi.
Nəticə etibarı ilə demək istəyirəm ki, Azərbaycanda hökumətdə təmsil olunanlar bir iş “dövlət hesabına və könüllülük prinsipi əsasında” aparılacaq deyirsə, əhalinin ağlına dərhal şübhə düşür. Niyə belə bir addım atsınlar? Deməli, bunun arxasında hər hansı başqa bir məqsəd var. Bu problemi maarifləndirmə yolu ilə ortadan qaldırmaq istəyənlərə isə bu çətin yolda ancaq və ancaq uğurlar arzulamaq olar.
Soruşsanız ki, bizə nə məsləhət görürsən? İxtisasım tibb olmadığı üçün bu məsələlərdə kiməsə məsləhət vermək elə də asan deyil. Bütün hallarda deyim ki, mən vaksinasiya olmağın tərəfdarıyam. İlk fürsətdə özüm şəxsən ola bilsəm olacam. Əlbəttə ki, orqanizmam buna uyğundursa.

MÜƏLLİFİN DİGƏR YAZILARI