KAMAL İLHAMOĞLU

 “Erməni dəyirmanı”na su tökənlər, dönüb oldular  “kor”

 “Erməni dəyirmanı”na su tökənlər, dönüb oldular  “kor”

KAMAL İLHAMOĞLU
İlk dəfə bu ifadəni kim işlədib,  bilmirəm. Amma ifadənin unikal olması müzakirə predmeti ola bilməz. Erməni dəyirmanına su tökənlər. İfadə olduqca mücərrrəd, sirli olsa da istifadəsi bir o qədər geniş yayılıb. Hakimiyyətdən kimi tənqid edirsən, tənqid edən haqqında deyilir ki, onlar erməni dəyirmanına su tökənlərdir. Şükür Allaha Qarabağ döyüşlərindən qalib çıxdıq, ermənin də dəyirmanı qurudu. Yəqin ki, bu ifadə aktuallığını itirmək məcburiyyətində qalacaq. Lakin  bizim məmurlara yeni ifadələr lazımdır. Deyəsən, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram müəllim tapıb. “Kor”. Onu tənqid edən sosial şəbəkə istifadəçiləri haqqında deyib ki, onlar kordur. Prinsip etibarı ilə pis tapıntı deyil. “Kor kora kor deməsə, bağrı çatlayar”. Əslində Bayram müəllimi yanlış anlamamaq lazımdır. O, milli köklərimizə, adət-ənənələrimizə bağlı adamdır. Kor ifadəsini işlətməklə eyni zamanda o, bizə atalar sözlərimizi xatırlatmaq istəyir.
Ümumiyyətlə, bu jurnalistlər Bayram müəllimdən nə istəyir, onu anlamıram. Kişini nə vaxt danışdırırlar, verdiyi açıqlamalarla dönüb olur ölkənin ən çox müzakirə edilən adamı. Axı nə istəyirsiniz, yaşlı adamdır. Başını salıb aşağı, işi ilə məşğuldur. Biznesini inkişaf etdirir. Kimin toyuğuna daş atır? Yaşlı demişkən, yadınızda olar. Bayram Səfərovun prezidentin müşavirəsində yatdığı fotolar ortaya çıxanda demişdi ki: “O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”
Gözünə işıq düşən kimi mürgüləyən Bayram müəllimin mətbuata ilk qalmaqallı açıqlaması hər halda 2013-cü ildə olmuşdu. Xatırlayırsınızsa, o illərdə ordudakı müəmmalı əsgər ölümləri ilə bağlı müxtəlif xəbərlər var idi. Bu hadisə ilə bağlı jurnalistlər ona sual vermişdi. Sual belə idi: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri kimi hərbi hissələrdəki müəmmalı əsgər ölümləri sizi narahat edirmi?” Bayram müəllim də verilən suala əsəbləşib: “Bir dəqiqə söndür əlindəkini. Mənim oğlum yerindəsən, bu nə təxribatçı sualdı verirsən. Yaraşır sənə? Orduda əsgər ölməsin kim ölsün? Ordudu, hər şey ola bilər. Niyə yazmırsan ki, Azərbaycan ordusu Qarabağı azad edəcək. Bu təxribatların yeri deyil axı. Gələrsən, mən sənə deyərəm, əsgərlər niyə ölür”.
O zaman bir ağıllı adam çıxıb, müəllimi başa salsaydı ki, vətən uğrunda şəhid olmaqla orduda müəmmalı şəkildə ölmək və ya öldürülmək arasında fərq var, hər halda Bayram müəllim başa düşərdi. Hətta eyni gün (Kəlbəcərin işğalının ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edərkən) İctimai Televiziyanın əməkdaşı icma rəhbərindən ermənilərin Kəlbəcərdə inşa etdirdiyi orta məktəb barəsində soruşmuşdu. Bayram Səfərov isə telejurnalisti ermənilərə xidmət etməkdə ittiham etmiş, “Bu nə erməni sualıdır verirsən əə.  Bu boyda Azərbaycanda 3000 məktəb tikilib, onu görmürsən, erməninin Kəlbəcərdə tikdiyi bir məktəbi görürsən? Ayıb olsun”, - demişdi.  Bir dəfə də müsahibəsində Bayram müəllim demişdi ki, “Lap məni orda (Şuşada) güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi?”. Sürdüyü bahalı maşını soruşurlar, cavab verir ki, "Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki?!"
Əslində mən cənab Səfərovun probleminin nə olduğunu bilirəm. Onun anlamaq problemi var. Verilən və veriləcək bütün suallara cavabı əvvəlcədən hazır olur. Bir-iki açar sözü yaddaşına həkk edib. “Erməni”, “Nə var əə” “Bu nə təxribatçı sualdır əə” və s. Nə sual versən bu cavablardan istifadə edir. Məsələn, desən ki, Bayram müəllim necəsiz? Deyəcək ki, “Bu nə sualdır əə?. Mənim yaxşı olmağım erməniləri narahat edir. Ermənisən əə?”. Onu sevənlərdən bu yazımı oxuyan olsa, mütləq şəxsinə çatdırsınlar ki, onun “xəstəliyinə” dəqiq diaqnoz qoymuşam. İstəsə özünü müalicə etdirər. Yəqin ki, özünün yazıb, oxumaqla arası yoxdur. Olsaydı onun haqqında çıxan xəbərlərdən az da olsa utanardı.
Biz də tapmışıq fağır bir Bayram müəllim, sağdan da döşüyürük, soldan da. Molla Nəsrəddinin məşhur lətifəsində dediyi kimi, bəs Bayram müəllimi bu vəzifəyə təyin edən, eləcə də bu qədər xətalarına göz yumanların heçmi günahı yoxdur?!
 

MÜƏLLİFİN DİGƏR YAZILARI