KAMAL İLHAMOĞLU

Vüqar müəllimin sərgüzəştləri və ya YAP-çıların ortaq cəhəti

Vüqar müəllimin sərgüzəştləri və ya YAP-çıların ortaq cəhəti

KAMAL İLHAMOĞLU
Milli Bankın yenidən tikilməsi üçün ayrılan vəsaiti kifayət qədər müzakirə edib, haqlını-haqsızı müəyyən edib, hirsimizi sosial şəbəkələrdə çıxmamış, yeni bir bombanı qoydular qucağımıza. Vüqar Səfərli həbs edildi. Bu xəbəri oxuyan dostumuz yarı zarafat, yarı ciddi sual verdi ki, Vüqar Səfərlinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən oğlu yoxdur ki?! Sual kifayət qədər yerində verilmiş sualdır. Ona görə ki, korrupsioner məmurlarımızın ortaq cəhəti ondan ibarətdir ki, övladları korrupsiyaya qarşı amansız mübarizə aparır. Bu mübarizə o qədər amansız olur ki, evdəkini görə bilmirlər. Dedim axı sual yerindədir. Lakin bədbəxtçiliyimiz orasındadır ki, bütün faciələrimiz üzərindən zarafat edə bilirik. Bu da ayrı bir dərddir. Nəysə... Əslində bizim zarafatlarımızdan əlavə, Vüqar müəllim özü həyat və yaradıcılığı ilə bizə zarafat edib. Onun keşməkeşli həyat yoluna nəzər saldıqda görürük ki, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini 1981-ci ildə bitirən Vüqar Səfərli, Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupunda mühəndis vəzifəsində çalışıb. Müxtəlif illərdə Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsində 2-ci dərəcəli mühəndis olan, daha sonra "Müştərilərlə iş qrupu"nda çalışan Vüqar müəllim mühəndislikdən bezib, işıqlı sahə olan mətbuat sahəsinə keçməyə qərar verib. Hər halda düşünüb ki, işıq gələn yerə ən yaxşı mətbuat sahəsində barmaq tıxamaq olar. Vüqar müəllimin həyat və yaradıcılığına son nöqtəni qoymadan öncə ən önəmli məqamı siz oxucuların diqqətinə çatdırım. Vüqar Səfərli 06.02.2006 - 27.06.2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib. Tam təchizatlı korrupsioner olan  Vüqar müəllimin həyat yoluna baxdığımızda onun “mühəndis-hərbi strateq-mətbuat işçisi” trilogiyasını əbəs yerə yaratmadığını görmək elə də çətin deyil. Diqqətli oxucular yaxşı xatırlayar. İyun ayında mətbuatda Vüqar müəllimlə bağlı yazı dərc edilmişdi. Yazıda deyilirdi: “Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib. Yəni Vüqar müəllim sıradan biri olmuş olsaydı, illərlə onun oğurladıqlarına göz yumanlar birdən-birə onun haqqında 400 səhifəlik “əsər” yaratmazdılar. O xəbərlərdə eyni zamanda deyilirdi ki, müəllim yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib. Görünür beh olaraq verdiyi 100-lük xoşlarına gəlmədi ki, hesabında olan 5 milyon 796 min manat pula görə həbs edildi. Bura qədər hər şey anlaşılandı. Dedik, güldük. Vüqar müəllimi də həbs etdilər. İnandırım sizi, bir çox adam Vüqar müəllimin yerində də olmaq istəyər. Bu da başqa mövzudur.
Yaxşı, Vüqar müəllim və onun daxil olduğu qruplaşmanın milli mətbuata vurduğu zərər necə ortadan qaldırılacaq? Mətbuatımızın güzaranı ortadadır. Başqa ölkələrdə ciddi səs-küylərə səbəb olacaq səviyyədəki yazılar bizdə ortaya çıxsa, heç kim düşünməz ki, yaxşı jurnalistika nümunəsidir. Dərhal ağıla gələn o olur ki, görəsən kimin sifarişi ilə yazılıb bu yazı. Hətta 1990-2000-ci illər arası nəşr olunan qəzetlərlə müqayisədə hazırkı vəziyyət o qədər pisdir ki, bu halı ortadan qaldırmaq elə də asan olmayacaq. Hakimiyyət bilə-istəyə Vüqar kimiləri gətirdi bu işlərin başına. Milli mətbuatı sıradan çıxarmaq üçün əllərindən gələni ardlarına qoymadılar. Daha sonra xaricdən kiminsə hesabına maliyyələşən mətbuatla mübarizə aparmaq məcburiyyətində qaldılar. Sözün həqiqi mənasında səmimi şəkildə tənqid etmək istəyənləri də qatdılar onların gözünə ki, siz xarici qüvvələrin ruporluğunu edirsiniz. Xəta üstünə xəta etdilər. Dövlət olaraq, millət olaraq haqlı davamızı nəinki dünyada müdafiə edəcək mətbuatımız yoxdur, hətta öz xalqımızı inandıracaq mətbuat orqanı tapmaq çox çətin məsələdir. 700 minlik üzvü ilə fəxr edən YAP hakimiyyətinin birmənalı şəkildə nəzarətində olan mətbuat orqanlarında yazdıqlarını oxudub, inandıracaq 700 azərbaycanlı tapmaq çox çətindir. Çox uzağa getmədən, yanvarın 11-də Rusiyada baş tutan görüşlə bağlı milli mövqeyimizi təqdim edəcək və öz xalqımızı inandıracaq  bir mətbuat orqanı var əlinizdə?
YAP demişkən, Vüqar Səfərli 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvü, hazırda YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir. Bütün korrupsionerlərin daha bir ortaq cəhəti YAP üzvülüyü.

MÜƏLLİFİN DİGƏR YAZILARI