KAMAL İLHAMOĞLU

Bir deyil, iki deyil, hansından danışım?

Bir deyil, iki deyil, hansından danışım?

KAMAL İLHAMOĞLU
Osmanlı sultanlarından IV Muradın vaxtında Bəkri Mustafa adlı bir adam olur. Hazırcavablığı ilə bilinən bu şəxs, “Bəkri” ayamasını da səhər-axşam şərab içdiyinə görə alıb. “Bəkri”, yəni Əyyaş Mustafa bir gün “Küçük Ayasofya” məscidinin yanından keçərkən görür ki, insanlar vəfat edən birinin cənazə namazını qılmaq üçün toplaşıb. Lakin namazı qıldıracaq imam yoxdu. Toplaşanlara salam verib uzaqlaşmaq istəyərkən, bunun geyimindən molla olacağını düşünənlər Bəkri Mustafaya “Gəl namazı qıldır, dəfn edək, bir xeyli müddətdir burada gözləyirik”, - deyir. Bəkri Mustafa razılaşmaq istəməsə də, zorla ona cənazə namazı qıldırırlar. Namazı qıldırdıqdan sonra Bəkri Mustafa əyilib mərhumun qulağına nəsə deyir. Bunu görən camaat ölüyə nə dediyini soruşur. O da deyir ki: “Gedəcəyin tərəfdə gəldiyin dünyada vəziyyətin necə olduğunu  soruşsalar, deyərsən ki, Əyyaş Mustafa Ayasofa məscidinə imam olub. Onlar vəziyyətin nə yerdə olduğunu başa düşəcəklər”.
İlin-günün bu vaxtı yuxarıda bəhs etdiyim anekdotu niyə xatırladım? Yəqin ki, çox yox, bir neçə gün öncə həbs edilən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov haqqında oxumusunuz. Muradov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla və s. maddələrlə cinayət işi açılıb. Bəs onun oğlu kimdi? Cavid Muradov. Polis polkovniki, Səbail Rayon Polis İdarəsi rəisi. Mətbuatda istefa verdiyi ilə bağlı məlumatlar olsa da, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən jurnalistlərin  sorğusuna cavab olaraq bildirilib ki: “Bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. Polis polkovniki Cavid Muradov hazırda Səbail Rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil”. Heç şübhəsiz mən oğul və ata müqayisəsi etmək və ya birinin digərinə görə ittiham edilməsinin tərəfdarı deyiləm. Ya da Turgenevin “Atalar və oğullar”ının başlığını alaraq nəsə demək istəmirəm. Lakin rüşvətlə nəfəs alan Vidadi Muradovun oğlu Cavid Muradovun fəaliyyəti, onun işlədiyi bölmələrə düşənlərə bəllidir. Xüsusilə müxalifətçilərə işgəncə vermək üçün fəaliyyət göstərdiyini özünün etiraf etməsi də başqa bir məsələdir. Bu qismini çox uzatmaq olar. Amma ehtiyac yoxdu.
Tək dərd budurmu? Yox əlbəttə. Xatırlayırsınızsa, bir müddət öncə Dövlət Təhlükəsizlik Xidməti bəzi rayonlarda əməliyyatlar keçirmiş, icra başçılarını həbs etmişdi. Məsələn, Ağstafada iş otağında tutulan  icra başçısı Nizaməddin Quliyev. N.Quliyevin övladlarından Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimi idi, Ramal Quliyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyirdi. Həbs edilən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışırdı.  Məhəmməd Hacıyev hansı ki, maşın kolleksiyası ilə də mətbuatın gündəmində yer almışdı. Və bu Məhəmməd Hacıyev bu günlərdə Qubadlı Rayon Prokurorluğuna müstəntiq təyin edilib. İşğaldan yeni azad olunmuş Qubadlı rayonuna. Yenicə işğaldan azad edilmiş rayonun taleyini təhvil verirlər adları dövlət əmlakını mənimsəmək faktına qarışmış şəxslərin ixtiyarına. Nə hikmətdirsə elə bütün xalqa, millətə qənim kəsilənlərin övladları polis olur, korrupsiyaya qarşı mübarizə aparır. Hər halda bu, bir ironiyadır.
Dəyərli oxucu, bizdən tez o tərəfə gedəniniz olsa, Azərbaycanı, işğaldan azad olunmuş torpaqlarda olan vəziyyəti soruşsalar, deyərsiniz ki, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunda işləyəcək. Azərbaycanı da hələ də YAP idarə edir.  İdarəetmədə hər şey olduğu kimi qalıb, sadəcə yazı-pozu işi bir az artıb...
 

MÜƏLLİFİN DİGƏR YAZILARI