KAMAL İLHAMOĞLU

   Əliyevi tənqid etmək olar, amma...

   Əliyevi tənqid etmək olar, amma...

KAMAL İLHAMOĞLU
İkinci Qarabağ Müharibəsindən sonra növbəti dəfə Putin, Əliyev və Paşinyan Moskvada görüş keçirdi. Görüşün olacağı barədə məlumatlar ortaya çıxdığı andan etibarən müxtəlif şərhlər verilməyə başlandı. “Dananın quyruğu” isə görüşdən ilk foto və videoların mətbuata ötürülməsindən sonra başladı. Müzakirələrə ötəri də olsa nəzər saldıqda görünən  o idi ki, bu söhbətlər bu minvalda gedir: “Masa niyə dairəvidir?”, “Niyə Putin iki dövlət rəhbərinin qarşısına keçib oturub?”, “Niyə yalnız Rusiya bayrağı var idi?”, “Niyə Əliyev əlini masanın altına qoymuşdu?”, niyə də, niyə... Bəlkə düşünürsünüz bu sualları yazmaqda mübaliğə edirəm. Əgər elədirsə özünüzü təbrik edə bilərsiniz ki, sizin ətrafınızda belə müzakirə edəcək insanlar yoxdu. Əvvəlcədən iki mətləbə aydınlıq gətirdikdən sonra əsas mövzumuza qayıdaq.
Birincisi, İlham Əliyevin kifayət qədər tənqid ediləsi tərəfləri var. Onun iqtidarının hər ilinə tənqidlər həsr edə bilərik. Bunu edənləri haqsız hesab etmək olmaz. Siyasi fiqur və dövlət rəhbəri olduğu üçün vətəndaşların onun bütün görüşlərinə, danışığına, aldığı qərarlara və s. münasibət bildirməyi ən təbii haqqıdır.
İkincisi, İlham Əliyevin bu ilin 11 yanvar tarixində Moskvada baş tutan görüşünün müzakirə edilməsi nəinki tənqid ediləsi, əksinə sevindirici haldır. Vaxt var idi insanları ancaq müğənnilərin həyat tərzini müzakirə edir deyə qınayırdılar. İndi isə cəmiyyətimiz dövlətimiz üçün vacib olan məsələlərin müzakirəsində hər hansı bir formada iştirak edir. Sevindirici haldır. Ona görə də “hamı politoloq olub” taftalogiyasını yarlıq kimi üzərlərində gəzdirənlərə fikir verməmək lazımdır.
Yenidən əsas mövzumuza qayıdacaq olsaq, ilk növbədə onu deyim ki, bu görüşə cəmiyyətin niyə bu qədər məna yüklədiyini anlamaq olar. Çünki rus sülhməramlıları və keçmiş Dağlıq Qarabağ ərazisi ilə bağlı vətəndaşlarımızın cavabsız sualları var. Lakin bu görüşü son görüş, hər şeyin müqəddəratını həll edən görüş kimi təqdim edilməsini anlamaqda doğrusu çətinlik çəkirəm. Bu görüş sadəcə 1994-cü il atəşkəsindən sonra sayısını unutduğumuz görüşlərdən biridir. Hətta bir az irəli gedib deyə bilərəm ki, Putinin növbəti ego tətmini üçün baş verən görüşdür. Əgər biz cəmiyyət olaraq hər hansı bir görüşdən narahat olan idiksə 29 noyabr 2007-ci ildə Madrid şəhərində keçirilən və daha sonra siyasi literatura “Madrid prinsipləri” adı ilə daxil olan görüşə görə olmalı idik. Hansı ki, o görüşdə Minsk qrupunun həmsədrləri Məmmədyarovla Oskanyana Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim etmişdi. Daha sonra Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Madrid görüşündən dərhal sonra jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan prezidentlərinin yaxın bir neçə həftə ərzində təklif olunmuş layihə üzrə razılıq bildirəcəklərinə ümid etdiyini demişdi. Və  2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin imzaladığı Moskva bəyannaməsində   “Madrid prinsipləri” əhəmiyyətindən bəhs edilirdi. Eləcə də Avropa və bir neçə ölkə istisna olmaqla bütün dünya Qarabağ məsələsinin real həllini bu prinsiplərlə görürdülər. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun “Azərbaycan və Ermənistan tərəfinin görəcəyi əsas iş “Madrid prinsipləri”nə daha çox fokuslanmaq olmaldır”, - dediyi vaxtlarda biz narahat olmalı idik. Nəticə olaraq deyim ki, biz narahat olmalı idiksə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-York şəhərində (27 sentyabr 2018) və Milanda (5 dekabr 2018) görüşləri sonrası daha çox narahat olmalı idik. Xatırlayırsınızsa Məmmədyarov Milan görüşündən sonra “Madrid prinsipləri”nin həyata keçməsi üçün daha münbit şəraitin ortaya çıxmasından bəhs edir, Ermənistandakı yeni hakimiyyətlə müzakirələrin daha faydalı olduğuna diqqət çəkirdi. Nəticə etibarı ilə bu danışıqların heç biri baş tutmadı və biz torpaqlarımızı işğaldan hərbi yolla azad etdik. O görüşlərlə bu görüşlərin ən böyük fərqi ondadır ki, bu günə kimi olan görüşlərdə məğlub kimi qatılırdıqsa, indi qalib kimi qatılırıq. Məğlub  kimi qatıldığımız görüşə nisbətən qalib kimi qatıldığımız görüşlə bağlı daha çox  narahatlığın olması sizcə də qəribə deyilmi?
Əlavə məlumat üçün deyim ki, xatırlayırsınızsa 10 noyabr atəşkəsi imzalandıqdan sonra noyabrın 21-də Sergey Şoyqu və Sergey Lavrov Ermənistana işgüzar səfərə getmişdilər. Rusiya nümayəndə heyətinin erməni həmkarları ilə görüşdən mətbuata çıxan şəkillərdə yalnız Ermənistan bayrağı var idi. Buna görə ruslar səs-küy salmamışdılar. Bu “bayraq krizinə” başqa örnəklər də göstərmək olar. Məsələn, bu hal İraq prezidenti Berhem Saleh və Misir prezidenti Abdulfettah al-Sisi arasında olan görüşdə də yaşanmışdı. Ərdoğan ilə İran prezidentinin köməkçisi Cihangirinin görüşündə də  yaşanmışdı və s. Bu örnəkləri kifayət qədər uzatmaq olar. Deyəcəyim odur ki, protokol qaydalarını da bilirik, digər məsələləri də. Bütün bunlarla yanaşı İlham Əliyevi nəyə görə tənqid edirsiniz, onu özünüz bilərsiniz, amma bu gün baş tutan görüşdə “havadan-sudan” məsələlərə görə onu tənqid etmək ədalətsizlikdir.
 

MÜƏLLİFİN DİGƏR YAZILARI