Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında bir qrup azərbaycanlı gənc səssiz etiraz aksiyası keçirir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyada Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycana qarşı son günlər həyata keçirdiyi hücum cəhdləri və təxribatlarına etiraz bildirilir.

İngilis dilində “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!” və "Dağlıq Qarabağın işğalına son!" yazılan köynəklər geyinən gənclər səfirliyin binası qarşısında 1 saat ərzində səssiz dayanıblar. Bununla onlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, mülki şəxsləri və yaşayış evlərini hədəfə almasına etiraz, şəhid olan azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutan aksiyaçıların üzündə "Stop COVID-19" və "Stop Armenia" yazılı maskalar da olub. 

Aksiyanın təşəbbüsçüsü Adnan Hüseyn aksiyanın məqsədindən danışıb: "Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasını tələb edirik. Qəhrəmancasına həlak olmuş hərbçilərimizin qanını yerdə qoymayacağiq. Biz ön cəbhədə vuruşan əsgərlərimizin yanındayıq".





63

DİGƏR XƏBƏRLƏR