Qarabağda “Böyük Oyun”


Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə avqusutun 3-ü törədilən təxribat nəticəsində Azərbaycan ordusunun bir əsgəri qəhrəmancasına həlak oldu və ordumuz dərhal anti-terror hərbi əməliyyatı keçirərək, düşmənə və onun himayədarlarına adekvat cavabı verdi.

Təxribatı kimlər törədir?

Azərbaycan ordusunun Hərbi əməliyyatından sonra Rusiya MN-nin rəsmi bəyanatında bildirildi ki, Azərbaycan tərəfi atəşkəsi pozub. Bu kifayət qədər ciddi ittiham idi. Və baxmayaraq ki, Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, “artıq Dağlıq Qarabağ deyə bir ərazi vahidi yoxdur! Qarabağ var və Qarabağ inzibati ərazisi var”, bəyanatda yenə “Dağlıq Qarabağ” ifadəsinə yer verildi. Daha sonra Rusiya tərəfi bildirdi ki, Dağlıq Qarabağda vəziyyət pisə doğru gedir. Ermənistan baş naziri Nikol Paşinyan isə öz növbəsində sülhməramlıları tənqid edərək, onların fəaliyyətinin suallar doğurduğunu bildirib. Əslində bu bəyanatlar belə təxribatın kimin tərəfindən törədildiyinə dair şübhəyə yer qoymamalıdır. Təsadüfi deyil ki, təxribatların böyük əksəriyyəti məhz sülhməramlı kontingentin məsuliyyət zonasında baş verir. Paşinyan hakimiyyətinə tabe olmaq istəməyən və ‘Qarabağ klanına’ dırnaqarası sadiq qalan bəzi separatçı qüvvələr bu təxribatlarda vasitəçi qismində çıxış edirlər. Əlbəttə sözügedən separatçılar son iki ildə cərəyan edən proseslərdən dərs çıxarmalı və Azərbaycan prezidenti cənab İlham Əliyevi diqqətlə dinləməlidirlər. Əks halda onların da aqibəti yaxşı olmayacaq.

Təxribatların səbəbi və məqsədi nədir?

Son vaxtlar Azərbaycanda istər MN istərsə də XİN-nin bəyanatlarında və digər rəsmi şəxslərin Qarabağ mövzusunda verdiyi bəyanatlarda, xüsusilə “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisi” cümləsinə yer verilir. Bu, eyni zamanda biz oynanmaq istənən oyuna gəlməyəcəyik anlamına gəlir. Ötən günlərdə prezident İlham Əliyevin Ermənistan tərəfinin 10 noyabr müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyini və Rusiya sülhməramlılarının da onları buna məcbur etmədiyini deyərək, hər iki tərəfi tənqid etməsindən sonra isə təxribatların sayında artış müşahidə olundu. Moskvada yaxşı başa düşürlər ki, Paşinyan rəhbərliyində Ermənistan qərbə inteqrasiya etmək üçün dəridən qabığdan çıxıb. Və bir növ “nankor”luq edərək, siyasi iqtisadi və hərbi cəhətdən hər cür dəstəyi verən Rusiyaya arxasını çevirmək istəyir. Əslində 44 günlük hərbi əməliyyatlar zamanı ermənilərin məğlubiyyətə rəğmən Paşinyanı hakimiyyətini ikinci dəfə seçməsi bunun bariz nümunəsi idi. Digər bir (qeyri rəsmi) məlumata görə isə, ötən günlərdə Azərbaycanın Xankəndi şəhərində erməni mülki əhali arasında keçirilən sorğuda vətəndaşlar Türkiyə və Azərbaycandan sonra üçüncü ən böyük düşmən olaraq məhz Rusiyanı gördüklərini deyiblər.
Dünənə qədər müharibə şəraitində olan Azərbaycan və Ermənistan artıq (ən azından siyasi olaraq) sülh sazişinin astanasındadır. Belə ki, əgər sülh olarsa, Rusiya sülhməramlı kontingenti Qarabağdan çıxmalı olacaq ki, bu da Kreml-in regiona təsir gücünü əhəmiyyətli dərəcədə azaldacaq. Ona görə də, hər vəchlə müsbət dinamizmə mane olmalıdırlar. Çoxlarının düşündüyünün əksinə, bunun üçün müharibəyə də ehtiyac yoxdur. Sadəcə təmas xəttində gərginlik, delimitasiya və demarkasiya prosesinin həll olmaması, sülh sazişinin imzalanmaması kifayətdir. Nəticədə, əvvəla rus sülhməramlılar Azərbaycan ərazisində erməni separatçıları qorumaq adı altında qalmağa davam etməlidir ki, bu, Rusiya üçün geo-siyasi ve strateji olaraq həyati əhəmiyyət daşıyan cənubi Qafqaz regionunda varlığını və təsir gücünü davam etdirmək deməkdir. İkincisi, Rusiya eyni zamanda qərbin Qərbin vasitəçiliyi ilə son aylarda regiondakı sülh yönümlü proseslərin inkişaf etməsindən narahatdır. Görünür Qərbin regionda fəallaşmasının qarşısını almaq istəyir. Üçüncüsü, Ankaranın regiondakı varlığını qəbul etməyə məcbur qalan Moskva üçün balansı qorumaq önəmlidir. Sülh sazişi imzalanmasa Ermənistan ilə Türkiyə arasında sərhədlər də açılmayacaq və bu da Ermənistanı yenə Rusiyadan asılı qalmağa vadar edəcək. Üstəlik, Qarabağdakı separatçıları Azərbaycan və Ermənistan üzərində siyasi təzyiq vasitəsi kimi istifadə etmək olar. İstənilən halda, Prezident İlham Əliyevin səhih və uğurlu siyasəti və Azərbaycan ordusunun şücayəti nəticəsində yaranan reallıqları həm regional həm də qlobal güclər görürlər. Erməni tərəfi isə Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər çərçivəsində konstruktiv bir yanaşma sərgiləməlidir. Əks halda, Azərbaycan ordusu “dəmir yumruq” prinsipi ilə hər an anti-terror əməliyyatları keçirə bilər. Qondarma rejimin separatçı qüvvələri isə çəmbərin getdikcə daraldığını yaxşı dərk edirlər. Heçkim unutmamalıdır ki, Azərbaycan 1990-lardakı Azərbaycan deyil.

Cavanşir Hakimoğlu
4286

DİGƏR XƏBƏRLƏR