AĞ Partiya cəbhədəki vəziyyətlə bağlı bəyənat yaydı


Əziz həmvətənlərimiz, dəyərli Azərbaycan xalqı. Bildiyiniz kimi, mənfur düşmənimiz olan ermənilər və onlara məxsus ordu birləşmələri tərəfindən Azərbaycan torpaqlarına qarşı təxribat xarakterli addımlar atılmışdır. Bu addımların Dağlıq Qarabağ və eləcə də Dağlıq Qarabağ ətrafı ərazilərdə deyil, digər sərhəd bölgələrimizdə baş verməsi onların işğalçı, terrora meyilli xislətindən xəbər verir. Ermənilərin bu addımı, növbəti dəfə gərginlik yaratmaq cəhdləri onların məkrli planlarını açıq-aşkar şəkildə ortaya qoyur. Qəhrəman Azərbaycan Silahlı Qüvvələri isə onların hər hansı səbəbdən törətdiyi təxribatın qarşısını almış və gələcəkdə törədəcəkləri bütün təxribatların qarşısını alacaq gücdədir. Tovuz rayonu ərazisindəki təmas xəttimizdə iyul ayının 12-də yaşanan hadisələr və ordumuzun verdiyi cavablar yuxarıda sadaladıqlarımızı söyləməyə əsas verir. Heç şübhəsiz ki, ermənilərin iyrənc niyətlərinin qarşısını alarkən şəhid olan zabit və əsglərimizə görə hər birimizin ürəyi qan ağlayır. Amma vətən torpağının bir qarşını belə verməmək üçün canından keçən ordu mənsublarımıza görə kədərlənməkdən daha çox onlarla qürur duyuruq. Daxildə və xaricdə olan düşmənlərimiz bilsinlər və agah olsunlar ki, Azərbaycan xalqı cavanından yaşlısına kimi canı və qanı ilə düşmənin qarşısına çıxmağa hazırdır. Bu gün ordumuzun gücü bütün düşmənlərimizə cavab verəcək qədərdir. Ehtiyac olacağı təqdirdə xalq olaraq hər birimiz ordu nəfərlərinə çevrilməyə hazırıq. Düşmən öz itkilərini gizlətmiş olsa da, biz şəhid olan hər bir vətəndaşımızın adını yüksək səslə deməyə hazırıq və bunu edirik.
AĞ Partiya olaraq qəhrəman ordumuzla qürur duyduğumuzu, bütün hallarda onu dəstəklədiyimizi və sonuna qədər dəstəkləməyə hazır olduğumuzu bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq. Eyni zamanda siyasi hakimiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyd-şərtsiz əməliyyatlara başlamağa çağırırıq. Düşmənlərimiz və kimliyindən asılı olmayaraq onları müdafiə edənlərə qarşı təxirə salınmaz addımların atılmasının zəruri olduğunu hakimiyyətin diqqətinə çatdırırıq. Azərbaycan hakimiyyəti bilsin ki, siyasi düşüncələrimiz nə qədər fərqli olmuş olsa da, AĞ Partiya olaraq əməliyyatlar başlayacağı andan bitənə qədər bütün gücümüzlə onların yanındayıq. Torpaqlarımızı işğaldan azad etmək üçün atılan bütün addımları sonuna qədər dəstəkləyəcəyik.
AĞ Partiya olaraq ordumuza, xalqımıza güvənimiz sonsuzdur.
Azərbaycan xalqının da bu məsələdə bir yumruq kimi birləşəcəyinə zərrə qədər şübhəmiz yoxdur. Allahdan şəhidlərimizə rəhmət, ordumuza zəfər arzu edirik. 
Tezliklə qələbə günü qeyd etmək ümidi ilə.
4068

DİGƏR XƏBƏRLƏR