Həkim yoxsa biznesmen?...

Həkim səhvi üzündən baş verən hadisələr...

Yenidən həllini tapmayan, bizləri narahat edən bir mövzunu diqqətinizə çatdırmaq istəyirəm. Bu səfər belə bir mövzunu  gündəmə gətirməyimdə səbəb qazimiz oldu. 

Bildirim ki, qazi Hüseynov Ülvi Məsum oğlu HB Güvən Klinikasında ayağından əməliyyat olarkən tibbi avadanlıq partlayıb və nəticədə sağlam ayağına ziyan dəyərək yanıb.

Həkimin buna münasibəti isə belə olub: "Bir dənə barmaqdır da onu da kəsib götürərik, burda nə var ki?"

Həkim səhvi üzündən baş verən hadisələr pasiyentlərə bəzən həyatı bahasına başa gəlsə də, belə həkimlər öz fəaliyyətini davam etdirirlər.  Həkim səhlənkarlığı təkcə xəstənin səhhətinə zərər vurmur, həm də ailəyə maddi ziyan vurur. Həkim səhvinin fəsadlarının aradan qaldırılması ailəyə neçə min manata başa gəlir. 

Həkim məsuliyyətsizliyi səbəbindən xəstələrin başlarına gələn bu hadisələr yenidən "Pasiyent hüquqları haqqında" qanunun qəbulu məsələsini gündəmə gətirir. İllərdir bu qanunun qəbulu nəzərdə tutulsa da, hələ ki, pasiyentlərin hüququnu qoruyan ayrıca qanun qəbul edilməyib. Lakin “Pasient hüquqları haqqında” yeni qanun layihəsi hazırlanmaq üzrədir. Bu barədə məlumatım var. Ümid edirəm ki, tez bir zamanda qanun qüvvəyə minər.

Azərbaycanda dövlət məmurlarının mütləq əksəriyyəti xaricdə müalicə olunur. Baxmayaraq ki, ölkəmizdəki özəl klinikaların çoxu məmurlarındır. Bizə hər ay özəl xəstəxanalardan şikayətlər daxil olur. Azərbaycanda həkimlər nə maddi, nə də həkim məsuliyyəti daşıyır. Həkim peşəsi biznesə çevrilib.

Həkimlər müvafiq müqaviləyə imza atmırlar. Nəticədə xəstənin hüququnu da qorumaq çətinləşir.

Nəzərinizə çatdırım ki, Milli Məclisdə Səhiyyə Komitəsi var və deputat Müşfiq Məmmədli komitənin üzvüdür. Belə bir həssas məsələdə istərdim ki o da öz mövqeyini qoysun və daha sərt şəkildə qoysun. 

Pasiyent hüquqlarını qoruyan qanunun qəbuluna ehtiyac var. Əgər  bizdə pasiyentin hüququ “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla  qorunursa, bundan əlavə tibb müəssisələrində tibbi şuralar var, həkim səhvi müalicənin keyfiyyəti, müalicə ilə bağlı digər müraciətlər, eləcə də ölüm halları tibbi şuralarda araşdırılırsa, əgər həkim səhvi varsa, inzibti tədbir görülürsə niyə bəs əziyyət çəkən xəatələrin, haqsızlıqla üzləşən xəstələrin sayı artmaqdır? Xüsusəndə qazilərimizə daha diqqət ayrılmalı olduğu vaxtda?

Yazı olaraq bilirik ki, əgər həkim səhvi üzündən xəstənin sağlamlığına zərər dəyirsə, bu zaman pasiyent hüquq mühafizə orqanlarına müraciət edə bilər. Bəs müraciət olunduğu halda həkim özünü istənilən vasitələrlə müdafiə etməyə çalışdıqda niyə çox hallarda həkim qalib gəlir? Pulu çox olan bu ölkədə qanundurmu? Bizim bildiyimiz "Qanun şahdır". Lakin əfsuslar olsun ki, çox hallarda əksini görürür. Şah qanundan üstün olur.

Bu cür hallarda ekspertiza təyin olunmalı, cinayət tərkibi varsa, həkim məsuliyyətə cəlb olunmalıdır. Amma bununla belə hesab edirəm ki, xəstənin hüquqları daha detallı şəkildə qorunmalıdır.

Gəlin hamılıqla qanundan üstün olan şahları öz yerlərində oturdaq və öz səlahiyyətlərini yerinə yetirə bilmədikləri halda qanun qarşısında şah olma sevdalarını birdəfəlik unutduraq.

Ağ Partiya/ Xanımlar Təşkilatının sədri M. Amirova


 
2152

DİGƏR XƏBƏRLƏR