Araz Teymurlu: “Mədəniyyət Nazirliyində Ramiz Mehdiyev komandasından qalan “mexanizm” hələ də işləkdir”


“Düşünürəm, öncəki mədəniyyət nazirlərinin bulaşdığı korrupsiya hallarını, haqsızlıqlarını nəzərə alaraq, Anar Kərimovdan müsbətə doğru gözləntilər çox idi. Amma təəssüf ki, dəyişən bir şey olmadı. Nazirliyin indiki fəaliyyəti Polad Bülbüloğlu zamanından heç də fərqlənmir. Nazirlik sanki bir dərnək kimi fəaliyyət göstərir. Anar Kərimov bu yaxınlarda internet televiziyaların birinə müsahibəsində nazirlik haqqında danışarkən bir neçə dəfə, davamlı şəkildə iş adamlarının nazirliyə cəlb olunması, investisiya qoyulması üçün işlər gördüklərini açıqladı. Obraz olaraq desək, sanki mədəniyyət naziri deyil, hər hansısa bir şirkətin marketinq şöbəsinin əməkdaşı kimi təsir bağışlayırdı. Görünən budur ki, qurumun daxilində Ramiz Mehdiyev komandasından qalan “mexanizm” hələ də fəaliyyət göstərir. Bu “mexanizim” sökülüb atılmadıqca heç bir irəliləyiş əldə etmək mümkün olmayacaq”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiya başqanın müşaviri Araz Teymurlu deyib.
 
O bildirib ki, Xalq artistlərinin, Əməkdar artistlərin, mədəniyyət işçilərinin vəziyyəti, həqiqətən, ürək ağrıdan bir mənzərə yaradır: “Ömürlərini, illərini sənətə qoymuş insanlar var ki, maddi sıxıntılardan, xəstəliklərdən əziyyət çəkirlər. Nazir onlara kömək edirmi? Xeyr! Bu insanlar efirlərə çıxıb ya ölkə başçısından, ya iş adamlarından kömək istəməyə məcbur qalırlar. O insanlara kim yardım etməlidir? Təbii ki, dövlət. Amma məmurlar o kabinetləri şəxsi mülkləri saydıqları üçün ömrünün 30 ilini sənətə, bu xalqa həsr etmiş insanları nəinki qapıdan, heç binanın həyətinə belə buraxmırlar. Düşünürəm ki, belə olmamalıdır, bu kimi hallara son qoyulmalıdır”.
 
A.Teymurlu bildirib ki, sosial şəbəkələrdə əxlaqsızlığı, milli-mənəvi dəyərləri heçə sayan insanların efirlərə çıxmasının qarşısı alınmalıdır: “Bu tip insanlar nə xalqa, nə dövlətə, nə də mədəniyyətimizə heç bir xeyir verə bilməzlər. Regionlarda mədəniyyət evlərinin bir çoxu çayxana kimi fəaliyyət göstərir. Oralar daha da bərbaddır. Nazirliyi tənqid etdikdə isə yeni işə başladıqlarını, yeni komanda qurduqlarını tez-tez vurğulayırlar. Təklif edirəm ki, bacarmırlarsa, çəkilsinlər kənara, möhürlərini təhvil versinlər. Biz Ağ Partiya olaraq işlərin öhdəsindən layiqincə gələ bilərik. Bu məsələlərlə bağlı planlarımız, bu işləri görə biləcək komandamız var. Gəncləri önə çəkmək, onları dinləmək lazımdır. Gənclikdə fayda var. Beyni korrupsiyaya, rüşvətxorluğa nizamlanan insanları silib atıb, gəncləri önə çəkmək lazımdır ki, inkişaf artan xətt üzrə hərəkət etsin”.
 
 
1161

DİGƏR XƏBƏRLƏR