“AĞ Partiya Zəngəzur Komissiyası”nın bəyanatı

 
XX əsrin əvvəllərində  tarixi  torpaqlarımız  olan Zəngəzur vilayətinin böyük bir qisminin bolşeviklər tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana hədiyyə edilməsi, beləliklə də  bir imperiyalist proyekt çərçivəsində baş tutan bu məkirli addım uzun illərdir sağalmaz yarmız olaraq qalmaqda idi. “Vətən Müharibəsi”ndəki qələbəmiz yenidən Zəngəzur məsələsini haqlı olaraq gündəmə gətirdi. Azərbaycanın qələbə ilə nəticələnən Qarabağ müharibəsinin sonunda imzaladığı 10 Noyabr müqaviləsinin ən önəmli maddələrindən biri də şübhəsiz  Zəngəzur dəhlizinin açılmasıyla bağlı idi. Daha sonra 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Lakin 10 noyabr bəyanatının imzalanmasından iki ilə yaxındır vaxt keçməsinə baxmayaraq Ermənistan hakimiyyəti mümkün qədər prosesin uzanmasına, mümkünsə baş tutmamasına çalışır. Heç şübhəsiz ki, bu məsələdə onlara havadar çıxan başqa qüvvələr də var.
Rəsmi Ermənistan hakimiyyəti daxildəki narazılıqlar fonunda müxtəlif vaxtlarda həm daxilə həm də xaricə mesajlar verərək “Zəngəzur Dəhlizi” məsələnin reallaşmasına mane olmaq istəyi açıq ifadə edir. Belə ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan müxtəlif yerli və beynəlxalq mətbuat nümayəndələri ilə görüşlərində “Zəngəzur Dəhlizi” məsələsi üzərində manipulativ çıxışlar edərək  “Zəngəzur Dəhlizi” məsələsinin üç tərəfli bəyanatda yer almadığını qeyd edir. Lakin həmin bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Elə bu yeni nəqliyyat kommunikasiyaları məhz Zəngəzur dəhlizini özündə ehtiva edir və Ermənistan rəsmi şəkildə üzərinə götürdüyü öhdəliyə müvafiq olaraq sözügedən dəhlizin açılmasını təmin etməlidir.
Ermənistan ictimaiyyəti nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Əgər rəsmi Azərbaycan tərəfi də Ermənistan kimi davranmış olsaydı bu gün Laçın dəhlizi vasitəsi ilə hərəkət edən ermənilərin vəziyyəti necə olacaqdı?
 Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycan Laçin dəhlizini bağlasa və haqlı olaraq disbalansı dünyanın diqqətinə çatdırsa bu məsələ daha çox ziyanına olacaq?  
Dünya ictimaiyyəti də “Zəngəzur Dəhlizi”nin açılmasında maraqlıdır. “Zəngəzur Dəhlizi” özü ilə bərabər yeni reallıqları ortaya qoyur ki, bu eyni zamanda yeni iqtisadi konyuktura fonunda  Asiya və Avropanın nəqliyyat infrastrukturunda Cənubi Qafqazda və eləcə də bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. 
“AĞ Partiya Zəngəzur Komissiyası” olaraq Azərbaycan hakimiyyətinin bu məsələdəki mövqeyini dəstəkləyir eyni zamanda onları da qətiyyətli addımlar atmağa səsləyirik. Ermənistan tərəfinin bu məsələ üzərinə düşəni etməsi üçün zəruri olan tədbirlərin dərhal həyat keçirilməsini tələb edirik. Eyni zamanda Azərbaycanın haqlı davasında onun yanında olmayan, son günlərdə bu məsələlər ətrafında Azərbaycanın əleyhinə açıqlamalar səsləndirən region ölkələrinə də rəsmi şəkildə nota verilməsini Azərbaycan iqtidarından tələb edirik.
548

DİGƏR XƏBƏRLƏR