İKİ PROFESSORUN BİR ÜZÜ (Gecikmiş, emosional, pafoslu yazı)


16 noyabrda, ermənilər dövlət sərhədində təxribat törədən günün axşamı Azərbaycanın müxalifət partiyaların birinin elmlər namizədi və professor olan sədrinin "Facebook" səhifəsində yazdığı statusunda bir ifadəsinə irad bildirmişdim. İradım nə həmin zatın siyasi baxışları, nə şəxsi, nə də ki, fəaliyyəti ilə bağlı idi. Professor sədr sərhəd insidentini Rusiyanın sifarişi əsasında törədildiyini qeyd edərək deyirdi ki, belə hallarda həm Azərbaycan, həm də Ermənistan uduzur. Qazanan isə ancaq Rusiyadı. Və heç yazmadım ki, ay məllim bəy, məgər bütün günü təbliğatını aparan Qərb istəyir ki, biz ermənilərlə sülh və əmin-amanlıq şəraitində yaşayaq?! Heç soruşmadım ki, bəs eyni yanaşmanı bu gün hər vəchlə xortdamağa çalışan Minsk qrupunun Rusiya ilə həmsədr olan ABŞ və Fransa üçün niyə sərgiləmirsən? Soruşmadım, çünki nə cavab verəcəyini bilirdim. İllərdir təkrar etdiklərindən başqa nə deyəcəkdi ki?! Ona görə də adamın çoxsaylı elmi titullarını nəzərə alaraq mədəni şəkildə dedim ki, «həm Azərbaycan, həm Ermənistan tərəfdən ölənlər var» ifadəsi doğru deyildir, bəlkə Azərbaycan tərəfdən şəhid olanlar var yazasınız? Pahooo! Elmlər namizədi, professor, onlarla kitabın, monoqrafiyanın, elmi məqalələrin müəllifi olan hörmətli müxalifət professoru tez cavab verdi ki, burada qəbahətli heç nə yoxdur, ölüb demişəm də, nə deməliyidim ki? Ardınca da rəhbərlik etdiyi partiyanın fəalları hamı tökülüşdü üstümə ki, bəs sən məllim bəydən səhv tuta bilməzsən, nə deyib düz deyib. Hətta aralarında eləsi də oldu ki, sədrlərinin dediyini müdafiə etmək üçün şəhidlik anlayışını dini inanca bağlayaraq aşağılamaq qədər tərbiyəsizlik də elədi. İzah eləmək istədim ki, Azərbaycan dünyəvi dövlətdir, şəhidlik dövlətin verdiyi statusdur, inanclı da, inancsız da onları şəhid kimi qəbul etməlidir, xeyri olmadı. Hə, bu arada həm bəy məllim, həm də şəhid dərəcəsini aşağılayaraq ələ salan məxluq (məhz məxluq!) ikisi də Azərbaycanın ikinci Qarabağ savaşında ən çox şəhid verdiyi bölgədən idi. Azərbaycan oğulları hamımızın Vətəni, üstəlik həm də şəhidə lağ edənin doğma yurdu uğrunda şəhid olan vaxtı, bu məxluq harada olsa yaxşıdır? Fransada! Fransız bayrağı ilə çəkdirdiyi şəkli də akkauntunda fəxrlə nümayiş etdirir. Kürəyini Qərb demokratiyasına söykəmiş professor arada məni hələ riyakarlıqda və pafosda ittiham elədi. Heç beş dəqiqə keçməmiş baxdım ki, adam yazdığı statusda mənim irad bildirdiyim cümləni tələm-tələsik çıxarıb. Əlbəttə, adamın özü alim, professor və nəhayət ki, partiya sədri olduğu üçün bu hərəkət riyakarlıq sayılmır. Kim nə sayır, özü bilər, mən qarışmıram.
Bu məsələni heç vaxt yazmazdım bəlkə də. Lakin, bu dəfə tamamilə əks cəbhədən, iqtidar partiyasının rəhbər şəxslərindən birinin, MM üzvü, professor, alimin, yenə də onlarla kitab və monoqrafiyalar, elmi məqalələr müəllifi olan Elşad Mirbəşirin Rauf Arifoğlunun Yeni Müsavat TV-dəki «Dərin təhlil»ində çıxışına baxmasaydım. ( burada bir haşiyəyə çıxım ki, hər iki professorun elmi səviyyəsi ilə bağlı fikir yürütmək həddim deyildir). Həmin debatda hörmətli iqtidar professoru müxalifəti təmsil edən Ağ Partiyanın sədri Tural Abbaslının «Azərbaycanın diplomatiyasının hansı uğurundan danışırsınız ki, ikinci Qarabağ savaşında AKP idarəçiliyində olan Türkiyədən başqa real olaraq əlini daşın altına qoyan olmadı?» fikrinə cavab olaraq bildirdi ki, siyasətdə emosiyalara yer yoxdur, çünki Türkiyəni regionda maraq sahibi edən də Azərbaycan diplomatiyasıdır! Yəni Türkiyəni Azərbaycana gətirən də bizik. Az qaldı desin ki, biz məcbur eləmişik ki, Türkiyə bizə dəstək versin. Rus demişkən, вот как вот!
Professorun bu sözlərinin səmimiliyinə o vaxt inanardım ki, burada söhbət ikinci Qarabağ savaşında bizə açıq və gizli dəstək verən Pakistan, İsrail, Böyük Britaniya, Çin kimi ölkələrdən gedə. Professor demək istəyirdi ki, (elə belə də dedi) Türkiyə nə qədər bizə yaxın olsa da onun burada öz maraqları var. Yəni ki, yenə də rus demişkən, дружба дружбой, а служба службой.
Bənzəri fikirləri mən hələ müharibə bitər bitməz eşitməyə başlamışdım. Həm də hər iki cəbhədən, iqtidar və Qərb aşiqləri olan müxalifət tərəfdən. Təxminən eyni sürətlə artan dinamika ilə. Əşşi, görmürsən, Qarabağı basıb türk şirkətləri, pul qazanmaq üçün kömək elədilər də bizə. Hətta içində gizli türk düşmənçiliyi olan biri yazmışdı ki, 5 milyonluq Bayrakdar verib, 5 milyardlıq iş götürmək əsl türk işbazlığıdır. Təhlükəli olan budur ki, belə fikirlərin bəlli çevrələr içində yer almasında nə yazıq ki, iqtidar partiyası rəsmisinin, hələ hələ guya yeni düşüncə daşıyıcısı olan gənc professorun (Siyavuş Novruzov deyil ki, lağlağıya qoyaq) dilə gətirdikləri önəmli rol oynayır. Görünən odur ki, Azərbaycanın siyasi sistemində bir ideoloji boşluq hələ də dominantlıq təşkil edir. Cümhuriyyət qurucuları böyük şəxsiyyətlərin «türkçülük, müasirləşmək, islam»sloqanına söykənən ideologiyası, Əbülfəz Elçibəyin Bütöv Azərbaycan çağırışına əksər müxalifət partiyalarının (ənənəvi və yaxud yeni, fərq etmir) gözübağlı Qərb sevgisi necə yad görünürsə, iqtidardakıların da bir çoxunun müharibə bitər bitməz Türkiyəyə yönəlik yumşaq desək soyuq münasibəti Heydər Əliyevin «Bir millət iki dövlət» istiqamətinə eyni cür yad görünür axı. Sadaladığım hər üç yol Türk-İslam birliyinə doğru milli dövlət, milli nizama doğru hədəflənməyibmi? Bəs nədir bir birinə tam zidd mövqedə olan iki professorun eyni baxışı? Hər ikisi də təxminən eyni fikirləri deyirlər. Biri şəhid adını önə çıxarmağı, ucaltmağı pafos, emosional davranış hesab edir. Digəri isə siyasətdə emosiyalara yer yoxdur deyir. Ancaq yaddan çıxarmaq olmaz ki, emosionallıq həm də bir xalqın insanlıq halıdır. İllərdir torpağı işğalda qalan xalqın ki, məhz elə emosiyalarla ilə bir ordu oldu, vuruşdu, şəhid oldu, qazi oldu, qəhrəman oldu. Hə, o ki qaldı, hörmətli iqtidar professorunun siyasətdə emosiyalara yer yoxdur, sadəcə maraqlar var» fikrinə, bir tarixi faktı yada salım. 1918-ci ildə Bakını erməni rus işğalından azad edən ordunun adı Qafqaz İslam (orduya belə bir adın verilməsi əslində həm də böyük bir amaldan xəbər verirdi.) ordusu idi. Komandanı da emosiyaları ilə hərəkət edən Nuru paşa! Özündən daha çox emosional davranışları ilə seçilən qardaşı Ənvər paşa isə üzü Şərqə, Türküstan qurmaq xəyalları getdi, bolşeviklərlə döyüşlərin birində, Düşənbə yaxınlığında şəhid oldu. Bu iki şəxsin sizlərin dediyi kimi «emosional davranış»larının Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hansı töhfə verdiyini bilməyən yoxdur. Daha sonra bilirsinizmi nə baş verdi, cənablar? Emosional davranmayan, öz maraqlarını üstün tutan türk siyasiləri bizim Xalq Cümhuriyyətimizi altı milyon qızıl pula «qiymət»ləndirdilər. Necə ki, üstündən 68 il sonra keçəndən sonra Süleyman Dəmirəl emosiyalara qapılmayaraq dönəmin Azərbaycan prezidenti Əbülfəz Elçibəyə Qarabağ məsələsində Rusiya prezidenti BorisYeltsinlə anlaşmağı məsləhət görmüşdü. Belə belə işlər…
P.S. dostlardan biri yadıma saldı ki, müxalifəti təmsil edən professorun qızı ikinci Qarabağ savaşında Nikol Paşinyanın arvadı Anna Akopyana məktub yazan «sülh göyərçinlər»ndən biri idi. Heç nə, gərək yazının birinci hissəsini ümumiyyətlə yazmazdım.
 
Fuad Həbibov
1202

DİGƏR XƏBƏRLƏR