Son Zəng və Məktəb İlləri


Həyatımızdakı zaman elə sürətli axır ki, artıq sən demə 17 ildir son zəng günümüzü qeyd etdiyimizi xatırlaya bilirik. Xoş xatirələri, sinifyoldaşlarımızın şıltaqlıqları, rəhmətlə andığımız həyatda olmayan bir çox müəllimlərimizlə yaşadığımız anlar bir kino kimi gözümüzün qarşısından keçir. Hətta bəzən yenidən o anlara, günlərə, xatirələrə qayıtmaq istəyir insan. Xatırlayıram uşaq ikən dindirdiğimiz ağsaqqallar saatlarla öz yaşadıqları anlardan danışardı, çünki yaşadıqları var idi, etdikləri var idi, həyatlarına bir çox şeylər sığdırdığı vardı insanların. İllər keçdikçə insanlar, düşüncələr, xəyallar da sanki məhdudlaşır. O qədər telefonumuza, internet dünyamıza sığdıq, sığdırıldıq ki 10 illik həyatımızı 2 cümlə ilə ifadə edə bilməyəcək hala gəldik. Heyfsilənirəm indiki gənçliyə də, uşaqlarımızın yaşadığı xatirəsiz məktəb illərinə də. Hələ məktəb yoldaşlarını 17 il axtaran, toplaşıb o anları yaşayan, xatırlayan məktəbliləri demək olar ki ətrafımızda görə bilmirik. Bilmirəm bəlkə də məktəblilərin xəyalları, həyatları və dünyaları ilə oynayanlar da az deyil. İmtahanlar, summativlər dediyimiz hədsiz çox stres, həyacan dolu imtahanların çoxluğu, uşaq dünyasını yaşaya bilmədiyi dərs çoxluğu bir tərəfdən, digər tərəfdən də azmış kimi şəkər əvəzi dağıdılan maddələr, bağımlılıq yaradan bir çox zərərli vasitələr də övladlarımızın həyatını, xəyallarını puç edir. Bəli biz övladlarımıza təcrübələrimizi öyrətməliyik Nəyi, Necə, Niyə qazanmaq olaraq adlandıraq bunu. Övladlarımız oxuduqları ilə nə edəcək, hara gələcək və hər iki dünyaları bərbad etmədən necə abad bir həyat qura biləcəklərini öyrətməliyik. Və bir çox maddələrlə övladlarımızın dünyası ilə oynayanlar (şüşə, poti, kristal v.s. adını çəkməyə utandığımız) Allahdan qorxmursa, vicdanından o da yoxdursa, əxlaqından ondan da nəsiblənməyibsə bir gəmidə olduğumuzu unutmadan və etdiyinin bir gün övladlarının qarşısına da çıxacağını unutmadan bu əməlindən çəkinməsini arzu edirik. Övladlarımız hər şeyin ən gözəlinə layiqdir və onlar bizim özlərinə hazırladığımız gələcəyimizdir! Gələcəkləri abad olan gənclik bizə ən böyük uğurları qazandıraraq, ən xoş günlərin müjdəcisi olar. Elə isə övladlarımıza xatırlaya biləcəkləri, fəxr edə biləcəkləri tarix yazaraq, dünya hazırlamağa çalışmalıyıq! Əlimizdən gələnin ən əlasını etmək kifayət edir, alınması bir hikmət, həyata keçməsi bir qismət deyib əsil nəsillərin yetişməsinə təkan, imkan yaratmalıyıq. Hər şeyi satıb-almadan, hər şey mənimdir deyib insanları tükətmədən, xəyallar və idealları yox etmədən yetişəcək qürurlu nəsil hər zaman baş tacımız olacaq. Bu ümidlə son zəngimiz bütün məktəblilərimizə uğur, böyük nəaliyyət və müvəffəqiyyətlər qazandırsın. Yolunuz, bəxtiniz açıq olsun əziz məktəblilərim...


Sənan Əzimov
İstanbul  Universiteti Doktorant
651

DİGƏR XƏBƏRLƏR