Vətən Müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə


AZAD QARADƏRƏLİ
      HEYSİYYƏT
           hekayə
Zəif payız günəşi arabir təbiəti isidir, uzaqlarda atılan top və tank mərmilərinin zəhmli səsinnən qorxubmuş kimi qayıdıb buludda gizlənir, ürəksiz uşaq əlinə bənzəyən  titrək şüalarını qalın buludlara tərəf uzadıb onları aralayaraq işığını yenidən ətrafa yarmağa çalışırdı.
           Birinci taqım dağın sinəsindəki kiçik meşəcikdə mövqe tutmuşdu. İkinci taqım isə bir qədər arxada, duman yatmış dərədə dayanıb öndəki taqımda olan komandirin əmrinə müntəzir idi. Aşağılardan qalxlb dağa doğru yeriyəcək dumanın onların dayandığı yeri bürüməsini gözləyirdilər ki, payız dümanına bürünüb meşəcikdən xeyli yuxarıdakı düşmən postuna hücuma keçsinlər. Hər iki dəstənin komandiri olan gənc leytenant arxadakı taqıma əmr etmişdi ki, öndəkilər hücuma keçən kimi onların durduqları yerə yerləşib hücuma keçəcək birinci taqıma dəstək versinlər. Bu dəstək əsasən şəhid və yaralıların arxaya aparılması, döyüşdəkilərin silah-sursatla təchizatı, lazım gəlsə döyüşə qatılmalarınnan ibarət ola bilərdi.
            Onun hesabına görə hələ yarım saatacan vaxtları vardı. Dilinin ucuna yığılıb qalan sözləri rəhbərlik etdiyi gənc əsgərlərlə bölüşmək ehtiyacı duydu bir anlığa.
   “Biz gedəndə arxaya baxmadıq. Çünki arxada əzizlərimiz qalsa da, irəlidə - döyüş olası yerdə əzizliyinnən endirilən, bəkarəti təhqir olunan, heysiyyəti zorlanan torpaq vardı - Vətən torpağı. Ona görə biz arxaya deyil, irəliyə baxırdıq...
            Əgər getməsəydik, sabah iş yoldaşlarımızın, ailəmizin və bu torpaq üstündə gəzən övladlarımızın üzünə baxa bilməzdik. Biz də övladıq axı. Həm ata-anamızın, həm də o heysiyyəti taptalanan torpağın – adına Vətən deyilən yerin...
            Bir dəfə tanıdığım birinin yasına getmişdim. Saatlar keçsə də, meyidi dəfnə aparmamışdılar. Dedim, yəqin gözləntiləri var, əzizlərinnən kimisə gözləyirlər ki, dəfnə çatsın. Az sonra biri qulağıma pıçıldadı ki, qəbir yeri o qədər bahadır ki, istənilən məbləği düzəldib verə bilmirlər. Ona görə də...
            Torpaq, üstündə min oyunnan çıxanların deyil, xalqın malına göz dikənlərin deyil, hər şeyi hərraca çıxardanların deyil, kasıblarındır. Bütün zamanlarda belə olub. Əli qabarlı xalq qoruyub torpağı. Bilir ki, onun gedəsi yeri yoxdur, əzəli də, sonu da buradır.
            Əziz qardaşlarım! Hünərli döyüş dostlarım! Məni komandiriniz yox, əsgər yoldaşınız bilin. Ən ağır döyüşlərdən birgə çıxmışıq. Xalq, millət yanında alnımız açıq, üzümüz ağdır. Geridə qalan döyüşlərdə neçə-neçə şir ürəkli qardaşımızı şəhid verdik. Ola bilər ki, elə bu döyüşdə mən də, sən də, o da şəhid olsun. Amma bir  həqiqət var: xalqımız arxamızdadır. Yerimiz boş qalmayacaq. Danışırlar ki, Səfərbərlik idarələrinin qarşısında adamlar növbələr tutublar. Döyüşə gəlmək istəyənlər o qədər çoxdur ki, istər-istəməz geri qaytarırlar və deyirlər ki, gedin, lazım olsa, çağıracağıq...
            Silah dostlarım! Bu günkü döyüş həlledici ola bilər. Ana torpağın üstündə gəzmək haqqımızı qanımız, canımız bahasına ödəməli olsaq belə, geri durmaq yoxdur. Bunu bizdən Xocalıda öz neftimizlə yandırılan atamız, orada atasının gözü qarşısında zorlanan bacımız, anasının qarnınnan xəncərlə diri-diri çıxarılan körpə balamız, erməni əsgərlərinin qəbiri üstündə qurban kəsilən qardaşımız tələb edir!
            O dağlara baxırsınızmı? Daim başı qarlı olar. İndi də belədir. Hesab edin ki, o qar deyil. Dağlarımız dağ deyil, qoca bir atadır ki, başına ağ şal bağlayıb və bizə demək istəyir ki, torpağımızı yağılardan azad etməyincə, məni başı papaqlı kişi yox, başı şallı bir qadın bilin... (Bilmirəm, vaxtilə şəhərin küçələrində başına şal bağlayaraq gəzən bir kişini görmüşdünüzmü – Bəşir Kəsirli adlı o qoca şair kitablarını sataraq deyirdi: neçə ki, Qarabağ azad edilməyib, bu şalı başımnan açmayacam... Eynən bizim bu dağlar kimi...)
            Qardaşlarım! Biz otuz ilin savaş aclarıyıq. Gözümüzü bu dünyaya açannan, ağlımız kəsənnən döyüşə hazırlayırıq özümüzü. Ən böyük arzumuz bizi döyüşə səsləyən bir komutanın gəlməsi olub. Çox şükür! O gün – bu gündür, qardaşlar!.Bu gün o savaşın ən mühüm həlqəsi olacaq. Düşmənin Hadrut, bizimkilərin Ağoğlan dediyi bu yurdu yağılardan xilas etməliyik. Unutmayın: bura yağıların ən çox önəm verdiyi nöqtədir. Qarşıdakı postu tutsaq, Ağoğlan ovcumuzun içində olacaq.
            İstəyirəm, döyüşə girəndə bir şeyi göz önünə gətirəsiniz: biz arxada qoyduğumuz gözüyaşlı əzizlərimizçün burdayıq, doğma yurd-yuvasınnan qaçqın düşən bir milyon qarabağlı üçün burdayıq, düşmənin təhqiramız surətdə hədələdiyi Vətənin heysiyyəti üçün burdayıq...
            Hərəmiz bir sahədə çalışmışıq. Mən, şəxsən bankda işləyirdim. Milyonlarla pulun, dolların cəm olduğu o binada işləyənlərin rahat və arxayın çalışması üçün burdayam. Xalqımın, millətimin səadəti naminə o binanın mühafizəsində dayanardım. İndi isə daha ucadır vəzifəm – Vətənin mühafizəçisiyəm! Biz hamımız vətən mühafizləriyik, dostlar! Vuran əlləriniz ağrımasın, tətikdə yatan barmağınız titrəməsin, düşmən üstünə yeriyən ayaqlarınız yorulmasın...
            Vətən eşqinə, torpaq eşqinə, analar eşqinə, irəli, dostlar!”                           
            Leytenant Teymur Abbasov komandiri olduğu dəstənin qarşısında çıxışını bitirən kimi onun əsgərləri Hadrut istiqmətində ağır döyüşə girdilər. Bu döyüş igid komandirin şücaəti nəticəsində qələbəylə sonuclandı. Dəstə tapşırığı yerinə yetirdi. Amma əməliyyat zamanı yenə şəhid və yaralılar vardı. Teymur bir neçə yaralını güllə altından çıxartdı. Daha bir nəfər də aşağıda, qayaların arasında atışdığı yerdə yıxılıb qalmışdı. Geciksəydi, qan itirmədəm şəhid ola bilərdi. Gənc leytenant sürünə-sürünə yaralıya çatdı, onu çiyninə alıb geri qaçmağa başladı. Elə bu zaman snayper atəşi onu yaraladı. Lakin yıxılmadı, əsgər yoldaşını daldaya çatdırmaq üçün son qüvvəsini sərf etdi. Bu zaman daha bir neçə güllə onun bədəninə sancıldı. Teymur yaralını təhlükəsiz yerə qoyub özü də yanına uzandı. İndi yaralı əsgər komandirinə ürək-dirək verir, yalvarırdı ki, gözlərini qapamasın...
      İgid komandir leytenant Teymur Abbasov 12 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid oldu. Məzarı Bakıda, İkinci Fəxri Xiyabandadır.
       

 
60555

DİGƏR XƏBƏRLƏR