“Azərbaycan Ordusunun haqlı mübarizəsində tam zəfər çalacağına inanıram”.
Bunu APA-nın yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İraq və Suriyadan gətirilmiş PKK terrorçularının Azərbaycana qarşı döyüşdüyünə dair faktları açıqladığını xatırladan A. Ağar deyib ki, arxa cəbhənin təhlükəsizliyini təmin etmək, xalqda qələbəyə olan inamı daha da artırmaq üçün güclü təbliğat-təşviqat işlərinin aparılması son dərəcə vacibdir: "Xüsusilə Bakı, Gəncə və digər böyük şəhərlərin, eyni zamanda strateji obyektlərin, neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin gücləndirilməsi çox önəmlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun işğal altındakı əraziləri tam şəkildə azad etməsi vacib faktorlardan asılı olaraq, uzun və ya qısa müddətə mümkündür.
Azərbaycan Ordusunun strateji xəttini diqqətlə izlədiyini vurğulayan A. Ağarın sözlərinə görə, bu strategiyada ən böyük uğur vacib yüksəklikləri ələ keçirməkdir ki, Azərbaycan Silahlı Qüvvələri bunun bir qisminə nail olub: “Önəmlisi odur ki, mühüm yüksəkliklər azad edilib. Bəzən sürətlə irəliləmək, bəzən təmkinli və yavaş davranmaq ordunun özünəməxsus taktikasıdır. Azərbaycan Ordusu doğru yoldadır”.