Azərbaycan dili probleminə rus təhsil sisteminin təsiri

   
Azərbaycan, dil məsələsində nadir ölkələrdəndir ki, ərazisinin kiçik, əhalisinin az olmasına baxmayaraq böyük problemlər yaşayır. Bunun tarixi kökləri qədimə gedərək uzun bir zamanı əhatə etdiyindən təfərrüatına varmaq fikrim yoxdur, ona görə ki, tarixi araşdırmayla bağlı başqa bir mövzunun tərkib hissəsidir. Lakin bu gün yaşanan problemlərin əsasında məhz bu başlıca amilin dayanması məsələyə münasibət bildirməyim üçün zəmin yaratmışdır.
  Ümumiyyətlə dil məsələsi siyasi məsələdir və təhsildən bilavasitə asılıdır. Buna görə də  dövlət məktəblərində təhsil birmənalı olaraq Azərbaycan dilində tədris edilməlidir. Artıq bu fikir cəmiyyətimizdə geniş müzakirə olunur ki, bu da sevindirici haldır. Bizim ana dilimiz Azərbaycan dilidir.  Lakin biz ana dilimizə nə dərəcədə, hansı səviyyədə hörmətlə yanaşırıq? Bu sualı cavablandırmaq ağrılı da olsa heç də qənaətbəxş deyil.
   Bu gün yuxarı vəzifələrdə işləyən məmurların böyük bir qismi doğma dilində sərbəst danışa bilmir. Onların övladları və nəvələri isə artıq bu dildə heç başa da düşmürlər. Birmənalı olaraq rus dili onların ana dilinə çevrilib. İkinci dil isə ingilis, fransız, ispan, portuqal, yapon və ya başqa dillərdir ki, onların da arasında doğma dilləri yer almır. Bu çox böyük problemdir.
   Bəs problemin əsasında nə durur? Birincisi dünyaya rus mühitində gələn, dil açarkən ilk işlətdiyi söz ana dilində deyil rus dilində olan körpə artıq azərbaycanlı sayıla bilməz. Bağça və məktəbdə öz ana dilində deyil rus dilində təhsil alan uşaq o xalqın nağılları, sonradan hekayələri və ədəbi janrlarının təsiri altinda böyüyür ki, bu da milli mentalitetimizə hər mənada yad və ziddir. Körpəlikdə “Cırtdan”, “Tıx-tıx xanım”, “Məlik Məhəmməd” və sairə nağıl qəhrəmanları əvəzinə “Ruslan və Lyudmila”, “Ölməz Koşşey” kimi  nağılları öyrənirlər. Oradakı qəhrəmanlara oxşamağa çalışır, onlardan bəhrələnərək böyüyürlər. Rus məktəblərində Nizami, Nəsimi  və digər ədiblərin yaratdıqları  fundamental, milli maraqlara uyğun əsərləri deyil əsasən slavyanlığı, yad mədəniyyəti təbliğ edən rus ədiblərinin əsərlərindən birtərəfli olaraq bəhrələnirlər. Yetkinlik yaşlarına çatanda artıq onların çoxunun gözündə Azərbaycan xalqı birmənalı olaraq cəhalət içərisində yaşamağa məhkum cahil insanlar kimi görünməyə başlayır. Bu baxış əslində rusun imperialist baxışıdır. Rus dilində danışa bilməyən həmvətənlərini öz aralarında məzxərəyə qoyaraq “çuşka” adlandırmaqdan çəkinməyən və onlarla hətta söhbət etməyi özlərinə rəva bilməyənlər də az deyil.
   Rus imperiyası, sonradan Sovet dövründən qalma xalqımızı uçuruma aparacaq çirkinliyin arxasında məhz dil baryerinin dayanması məsələnin nə qədər ciddi olmasından xəbər verir. Buna görə də birmənalı qaydada hər hansı bir dövlət işinə sənəd verərkən milliyətindən asılı olmayaraq istənilən Azərbaycan vətəndaşı Azərbaycan dilində sərbəst danışmağı bacarmalı, Azərbaycan xalqının qədim tarixini və ədəbiyyatını dərindən bilməlidir. Əks təqdirdə qonşu dövlətin tarixiylə yaşayan, qəhrəmanlarıyla fəxr edən, onların yedəyində gedərək xalqına qarşı biganə olan məmurların hətta 1920-ci ildə olduğu kimi istiqlalımızı, müstəqilliyimizi qurban verməyə həmişə hazır olan vətəndaşlarımız kifayət qədər olacaq ki, bu da yolverilməz strateji məsələdir.
   Təbii ki, rus bölmələrində təhsil alan və vətəninə sadiq oğul və qızlarımız vardır. Bu əsasən Sovet dönəmində gələcək karyeralarını qurmaq və karyera pilləkənlərində irəli addımlamaq üçün valideynləri tərəfindən rus məktəblərinə zərurətdən yerləşdirilmiş və aparılan ruslaşdırma siyasətinin qurbanları hesab edilən, 70 ildən artıq bir dönəmdə öz doğma dilindən üstün tutulan rus təhsilli azərbaycanlıların çoxuna aid etmək olmaz təbii ki. Lakin rus əsarətindən çıxmiş müstəqil Azərbaycanda rus təhsili alan və ana dilində hətta danışa bilməyən hər bir azərbaycanlıya şamil edilir. İstənilən xarici dildə danışmağı, müxtəlif dilləri öyrənməyi isə dünyanın qloballaşdığı, elmi-texniki tərəqqinin tüğyan etdiyi zamanda vacib hesab edirəm və alqışlayıram. 
    Artıq qədim və şanlı Türk tariximizi öyrənməyin zamanı çatıb. Alp Arslan, Bilgə Kağan kimi ərənlərimizlə öyünməliyik. Bismarklarla deyil, onlardan yüz illərlə əvvəllər yaşamış və zamanının ən güclü strateqləri Metelərlə fəxr etməliyik. Lakin bunun üçün Azərbaycan türkü kimi yaşamalı, öz dilimizdə danışmalı və öz dilimizi sevərək türk olmağımızla qürur hissi keçirməli, tariximizi öyrənməliyik. 
Allah TÜRKƏ yar olsun!    

Anar Kazımov
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin  eksperti 

Agxeber.com


 
1283

DİGƏR XƏBƏRLƏR