Əxlaqi-mənəvi dəyərlər və qloballaşma

     Giriş
    Qloballaşma və onun siyasi, iqtisadi, ictimai-mədəni sahələrdəki təzahür formaları bəşər tarixinin şahid olduğu ən böyük dəyişiklikdir. Qloballaşma nəticəsində dünya “kiçik kənd”ə çevrilmişdir. Bu nəhəng hadisə həyatın bütün sahələrində köklü dəyişikliklərlə müşayiət olunur.
    Son vaxtlar qloballaşmaya belə bir münasibət forması geniş yayılıb ki, bu hadisə daha çox siyasi-iqtisadi sahələrdə təzahür etsə də, onun əsas hədəfi bəşər cəmiyyətinin mövcud ictimai-mədəni vəziyyətində, o cümlədən dəyərlər sistemi, davranış və yaşayış tərzində köklü dəyişiklik aparmaqdır. Təbii ki, qloballaşmaya münasibət onun tərəfdarları və əleyhdarlarına görə dəyişir. Məsələn, ona tərəfdarlarının verdiyi tərifləri belə ümumiləşdirmək mümkündür: qloballaşma həm dünyanın “sıxılması”, həm də bu “sıxılma”nı dərk edən fərdi və ictimai şüurun inkişafı prosesidir.
   Bu proses nəticəsində ictimai münasibətlər intensivlik kəsb edir, iqtisadi, siyasi, mədəni, ictimai sahələrdə ÖZlə ÖZGƏ birləşir [1, s.62]. Yaxud qloballaşma siyasi-iqtisadi, ictimai-mədəni, texnoloji sahələrdə müəyyən səciyyəvi xüsusiyyətlərin məhəlli və milli sərhədləri aşaraq bütün dünyaya yayılması prosesidir. Bu prosesə qarşı çıxanların isə iddiaları budur ki, qloballaşma dövlət, millət və vətən anlayışları ilə hesablaşmır, müxtəlif nəhəng şirkətlər və qurumlar qarşısında əngəllərin ləğvinə çağırır, milli dövlətlərin əriməsi təhlükəsini yaradır, onların rolunu beynəlxalq kapitalist maraqların təminatçısı olmaqla məhdudlaşdırır [2, s.58]. Məsələn, müasir ərəb tədqiqatçılarından Təllal əl-İtrisi yazır: “Qloballaşma anlayışı bir-biri ilə əlaqəli üç səviyyədə özünü göstərir: siyasi, iqtisadi və mədəni. ...Mədəni müstəvidə qloballaşma qadın, ailə, istək, ehtiyac dəyərlərinin, zövqlərinin, yemək və geyim tərzlərinin birləşdirilməsidir. Həmçinin o, ÖZə və ÖZGƏyə baxış formalarının, davranış qaydalarının ümumiləşdirilməsidir” [3, s.44].

   Müsəlman dünyasında qloballaşmaya münasibət
   Müsəlman dünyasında düşünürlər ki, qloballaşma Qərb, xüsusən Amerika mədəniyyəti nümunələrini, onun ideoloji, siyasi, mədəni-iqtisadi normalarını bütün dünyada yaymaq prosesidir [4, s.215]. Məsələn, mərakeşli mütəfəkkir Məhəmməd Abid əl-Cabirinin (1936- 2010) qloballaşma ekspansiyası haqqında dedikləri maraq doğurur: “Qloballaşma dünyaya hegemonluq etmək və onu amerikalılaşdırmaq istəyini əks etdirən ideoloji prosesdir. Çünki o, bir ölkəyə – Amerika Birləşmiş Ştatlarına xas mədəni tərzin bütün dünyaya yayılmasına kömək edir” [5, s.32-33].
   Qloballaşma proseslərinə təşviş məzmunlu münasibət bəsləyən müsəlman mütəfəkkirləri göstərirlər ki, bu qlobal təzahür, əslində, klassik müstəmləkəçiliyin Amerika (Qərb) ekvivalentidir. Qloballaşma dünyanın birtərəfli iqtisadi standartıdır; dini, mədəni fərqləri bəyənmir, milli, irqi və dini şüarlara ehtiyac qalmasın deyə milli maneələri dəf edir [6, s.143].

   Qlobal mədəni inteqrasiya proseslərinin əxlaq dəyərlərinə təsiri
   Qloballaşma müxtəlif səviyyələrdə (siyasi, iqtisadi, sosial, mədəni...) ortaya çıxsa da, onun dağıdıcı tərəfi özünü daha çox ayrı-ayrı mədəniyyətlərə, mədəni-mənəvi və əxlaqi dəyərlərə münasibətdə göstərir. “Mədəniyyət (isə) bu ya digər cəmiyyətin, xalq və millətin identikliyini qoruyub-saxlayan xatirələr, hadisələr, dəyərlər, simvollar, ifadə üsulları və formaları, nailiyyətlər və yaradıcılıq məhsullarının həmahəng kompleksidir” [7, s.256]. Bu baxımdan mədəniyyət cəmiyyətin mövcudluğunun ifadəsidir; onun yox olması ilə cəmiyyət də yox olar. Məhz mədəniyyət bir cəmiyyəti digərindən fərqləndirən əsas cəhətdir; bu və ya digər ölkə, yaxud dövlət öz mədəniyyətinin başqa ölkələrdə yayılması və güclənməsinə cəhd göstərir. Bu səbəbdən mədəni “ekspansiya” tarix boyu hər bir cəmiyyət və dövlətin özünütəsdiq və özünüqəbuletdirmə şərti kimi çıxış etmişdir.       
     Qloballaşmanın tərəfdarları isə iddia edirlər ki, mədəni qloballaşma mədəni sərhədlərin olmadığı dünya yaratmaq məqsədi daşıyır. Belə bir dünyada milli mədəniyyətlərin, ideya və dinlərin beynəlxalq müstəviyə daşınması asanlaşır. Qloballaşmanın əsas hərəkətverici funksionerləri vahid ümumdünya mədəniyyəti yaratmağı qətiyyən fikirləşmirlər; əksinə, onlar mədəniyyətlərin qarşılıqlı fəaliyyəti üçün sağlam ab-hava formalaşdırmağı düşünürlər [7, s.217].
     İlk baxışdan elə görünür ki, mədəni qloballaşma müxtəlif mədəniyyətlərə “xidmət” göstərmək üçündür, bu və ya digər mədəniyyətə özünü ifadə etmək, dar çərçivədən dünya arenasına çıxmaq imkanı yaradır; nəticədə mədəniyyətlər müəyyən mədəni tərz və normaların bir ərazidən digərinə asanlıqla keçidini təmin edən kommunikasiya inqilabı sayəsində bir-biri ilə qarşılıqlı münasibət yaradır. Amma reallıq bunun əksini deyir. Çünki informasiya axını birtərəflidir: bu axın Qərbdə başlayıb, Şərqdə qurtarır. Həmçinin mədəni mübadilə qeyribərabərdir, ona görə ki, mədəni qloballaşmanın əsas ideoloji təbliğat maşını sayılan media və informasiya vasitələri qloballaşmanın əsas aparıcı qüvvələri olan dövlətlərin inhisarındadır. “Təsadüfi deyildir ki, dünyadakı ən iri media şirkətinin üç yüzə yaxını ABŞ, Avropa və Yaponiyada toplaşmışdır. Bunların yüz qırx dördü ABŞ-ın, səksəni Avropanın, qırx doqquzu isə Yaponiyanın payına düşür” [8, s.116].

   Qloballaşma məhz mədəni sahədə “səmərəli” olduqda iqtisadi, siyasi, təhsil sektorlarını da əhatə edə bilir. Mədəni qloballaşma, əslində, Qərb, xüsusən Amerika mədəniyyətinin, daha dəqiq desək, Hollivud mədəniyyətinin digər mədəniyyətlər üzərində hegemoniyasıdır: “Ümumdünya mədəniyyəti deyilən bir şey mövcud deyildir; əksinə, qloballaşma proseslərinə təkan verən hegemon tərəfin mədəniyyətinin yer üzünə hakim olması təmayülü mövcuddur. Çünki mədəniyyət bu və ya digər xalqla, dillə, dinlə əlaqəli məsələdir” [9, s.25].
   Qloballaşma və onun mədəni qəsbkarlığı probleminə diqqət çəkən müsəlman ziyalıları bildirirlər ki, mədəni qəsbkarlıq həqiqi mənada İslam dünyası üçün təhlükədir. Onlar bu prosesə müqavimət göstərməyin zəruriliyinə çağırış edirlər. Söhbət mədəni İslam dəyərlərinin, müsəlman identikliyinin, daxildə və xaricdə İslam mədəniyyətinin qorunmasının zəruriliyindən gedir [10, s.138].
   Qloballaşmanın mənfi nəticələrinə həsr olunmuş elmi tədqiqatlarda bu nəhəng fenomenin mədəni təzahürünün İslam mədəniyyətini təhdid etməsi haqqında danışılır. Xüsusi şəkildə vurğulanır ki, qloballaşma Qərb müstəmləkəçiliyinin vaxtilə yürütdüyü mədəni işğal siyasətini xatırladır. Lakin bu işğal fiziki güc vasitələri ilə – ordularla, top-tüfənglə aparılmır. Mədəni işğal bu dəfə iqtisadi qloballaşmanın, beynəlxalq ticarətin böyük hissəsinə nəzarət edən nəhəng şirkətlərin genişlənməsi nəticəsində baş verir. Bu da öz növbəsində Qərb dəyərlərinin yayılmasına səbəb olur, ənənəvi həyat tərzi və yerli mədəniyyət üçün təhlükə yaradır [10, s.115].

   Qloballaşma, yoxsa amerikalılaşma?
   Qloballaşmanı amerikalılaşma kimi təqdim edən nöqteyi-nəzər də mövcuddur. Bu düşüncənin müdafiəçiləri iddia edirlər ki, Sovet İttifaqının dağılmasından sonra ABŞ dünyada siyasi, iqtisadi və ideoloji cəhətdən hegemonluq etməyə başlamışdır [10, s.119; 6, s.32]. Nəticə etibarilə, qloballaşma Amerika mədəniyyətinə dünyaya hakim olub, yerli mədəniyyətləri sıxışdırmaqda kömək edir. Bu baxımdan qloballaşma dünyaya hegemonluq etmək istəyini əks etdirən ideoloji prosesdir. Bu proses bir ölkəyə – Amerika Birləşmiş Ştatlarına aid mədəniyyət tərzi və normalarının ümumbəşəri məzmuna çevrilməsinə xidmət edir, milli-mədəni fərqliliklərin ləğvinə cəhd göstərir. Ümumiyyətlə, mədəni qloballaşmanın son məqsədi şüurlara nəzarətdir. Bununla da hiss və istəklər ikinci tərəfin nəzarətinə keçəcək, müstəqil düşünmə tədricən asılı təfəkkürlə əvəzlənəcək, dəyərlər təhrif olunacaq, xəyal və fantaziya kənardan idarə ediləcək, zövq və davranışlar “qəlibə” salınacaqdır. Bütün bunlar isə istehlakın, bilik və əmtəənin xüsusi növünü meydana gətirmək məqsədi daşıyır. Dünyanın digər hissəsinə qəbul etdirilən biliklər “nüfuz” bilikləri adlanır və qlobal hegemonluqla münasibətlərin normallaşdırılmasına, mədəni asılılıqla barışmağa xidmət edir. Qloballaşmanın meydana çıxardığı mədəniyyət istehlak zövqü yaradan, insana, cəmiyyət və tarixə xüsusi baxış formalaşdıran audio-vizual media mədəniyyətidir [5, s.32-34].
Mədəni qloballaşmanın ən çox diqqəti cəlb edən tərəfi budur ki, Qərb, xüsusən Amerika pop-mədəniyyəti zövqləri tənzimləyən başlıca amilə çevrilmişdir. Amerika və Avropa istehsalı olan filmlər, mahnılar, şou-verilişlər bütün dünyada yayılmış, özü ilə birlikdə dünya, insan və həyata Qərb sayağı baxış forması gətirmişdir.

   Qloballaşma və beynəlxalq narahatlıq
   Qloballaşma prosesində Qərb mədəniyyətinin digər mədəniyyətlərə dağıdıcı təsir göstərməsi dünyanın bir çox ölkəsində fobiya və narahatlığın yaranması ilə nəticələnmişdir. Hətta ABŞ-la rəqabət aparmaq qüdrətində olan Avropa Birliyinin bəzi ölkələrində (Fransa, Yunanıstan) qloballaşmanın milli mədəniyyət və dilə təsiri barədə narahatlıq ortaya çıxmışdır. Məsələn, UNESCO-nun 1992-ci ildə Meksikada keçirdiyi Mədəni Siyasi Kurslar Beynəlxalq Konfransında Fransanın ovaxtkı mədəniyyət naziri Jak Lang (1939) öz çıxışında demişdi: “Maliyyə və ideoloji imperializmin bu forması əraziləri işğal etmir, amma o, vicdanları, düşüncə və yaşayış tərzini müsadirə edir” [11, s.50]
Qloballaşma hegemonluq praqmatizminin təzahürüdür.
Belə bir hegemonluq arzusu Sovet İttifaqının süqut edib, liberal demokratiya və Qərb, daha doğrusu, Amerika düşüncə tərzinin qələbə çalmasından sonra ortaya çıxmışdır. Qərbdə hesab edirlər ki, liberal demokratiya beynəlxalq ideyaya SSRİ-nin yıxılmasından sonra çevrilib. Əslində, hegemonluq nəzəriyyəsi Frensis Fukuyamanın (1952) açıq şəkildə ortaya qoyduğu nəzəriyyədir. Bu ideya onun “Tarixin sonu” nəzəriyyəsinin əsas hissəsini təşkil edir [10, s.120]. Bu nəzəriyyə “... yeni dinin yaranacağı haqqında bizə müjdə verir. Bu qloballaşmadır. Qloballaşma zəminində Qərb bitərəf siyasətdən imtina etməklə dürüstlüyün və insan haqlarının üstündən xətt çəkib. Həmçinin o, elə bir zorakı qəlibə düşüb ki, heç kəs onun sarsılmaz qanunlarına “gözünün üstündə qaşın var” – deyə bilməz” [12, s.45]. Belə hegemonluq qeyri-rəsmi şəkildə, elan etmədən bu və ya digər ölkənin mədəni irsini, dini-milli kimliyini aşınmaya məruz qoymaq siyasəti yürüdür. Bu məqsədlə milli sərhədlərin, mədəni-ideoloji plüralizmin ləğvinə, qlobal müstəvidə vahid mədəni-sosial nümunənin təsis edilməsinə cəhd göstərilir.

   Qloballaşma və media
   Qloballaşmanın vuran “əli” media və informasiya vasitələridir. Bu vasitələr cəmiyyətin müxtəlif sektorlarına güclü təsir imkanlarına, dəyərlərin məzmun “redaktə”si, yaxud bütövlükdə aşınmasına səbəb olacaq potensiala sahibdir. İnkişaf etmiş kommunikasiya və informasiya texnologiyası müəyyən norma və dəyərlər sisteminin formalaşmasında qloballaşma prosesinin ən mühüm vasitəsidir. İnternet və peyk kanallar vasitəsi ilə yayımlanan filmlərdəki zorakılıq və əxlaqsızlıq motivləri ilə zəngin səhnələr, xüsusən gənclərin nəzərində əxlaqi-aksioloji, ictimai dəyərlərin çəkisini azaldır.
Qloballaşma zəminində aşağıdakı proseslər daha qabarıq görünür:
a) Milli dövlətlərin hakimiyyətinin zəiflədilməsi və rolunun məhdudlaşdırılmasına cəhd edilir. Nəticədə vətəndaşların öz vətənlərinə aidliyi, dəyərləri, millilik və vətənpərvərlik şüuru zəifləyir.
b) Praqmatik, dünyəvi-materialist dünyagörüşü və həyat tərzinin qəbul etdirilməsinə cəhd göstərilir. Maddiyyatı əsas götürən mədəniyyətdə məqsədə çatmaq üçün hər bir vasitədən istifadə təşviq olunur [13, s.99-101].

   Nəticə
   Deyilənlərdən bu nəticə hasil olur ki, qloballaşmanın dəyərlər sisteminə mənfi və dağıdıcı təsiri inkaredilməzdir. Bu məqsədlə media və kommunikasiya vasitələrinin gücündən istifadə olunur. Texnoloji inqilab və internetin meydana gəlməsi ilə təsvir mədəniyyətinin yaranmasından sonra mənəvi dəyərlərin faktiki aşınması prosesi başlanmışdır. Müasir televiziya və “ağıllı telefonlar” yanıldır, zehin üçün heç “qida” təqdim etmir, mənəvi dəyərlərin verdiyini vermir, amma buna baxmayaraq, cazibədardır, çünki özündə bir çox həzzi ehtiva edir: aydın təsvir, müxtəlif səslər və musiqi, düşünülmüş səhnələr.
Müasir ərəb mütəfəkkiri Təllal İtrisinin qloballaşmanın mənəvi dəyərləri aşındırmasına dair dediyi sözlərlə fikirlərimizi yekunlaşdıraq: “Dəyərlər mövzusunda qloballaşmanın tənqid olunması iki məsələ ilə əlaqəlidir:
   Birincisi, media orqanları, beynəlxalq kino və hər bir evə daxil olmuş peyk kanallarda təbliğ edilən zorakılıq və seks dualizmidir. Bu dualizm iffət, namus anlayışlarının hələ də xüsusi önəm daşıdığı cəmiyyətlərdə nihilizm və əxlaqsızlığı yaymaq yolu ilə davranış və dəyərlərin deqradasiyasına səbəb olur.
İkincisi, yemək, içmək, ailə və qadın-kişi münasibətlərində, ümumiyyətlə, şəxsi və ictimai həyatla əlaqəli hər şeydə ümumi normaların, xüsusən də qlobal iqtisadiyyatın əsas komponenti sayılan istehlak prosesinə aid vahid dəyərlər sisteminin yaradılmasına cəhd göstərilir” [14]

Elvüsal MƏMMƏDOV
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru.

Mənbə: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı, DÖVLƏT VƏ DİN İCTİMAİ FİKİR TOPLUSU.
7168

DİGƏR XƏBƏRLƏR