Azərbaycan türklərinin ataları – Tarixin axınını dəyişən oğuzlar


Birinci Göytürk Xaqanlığı 630-cu ildə böyük böhran dönəminə girdiyi vaxt Orxon vadisində türk boylarından doqquzu (Doqquz Oxlar) birləşərək, bir xaqanlıq qurdular. İkinci Göytürk Xaqanlığı qurulduqdan sonra oğuz adıyla tanınan türk boyları onlar oldular. Bir çətir altında birləşən türklər özlərinə Üç Oğuz, Altı Oğuz, Doqquz Oğuz, Otuz Oğuz və s. kimi adlar verdilər.

Teleqraf.com oğuz türkləri haqda yazını təqdim edir.

Oğuz adına ilk dəfə Yeniseyin daş kitabələrində rast gəlinib.

Mahmud Qaşqariyə görə, 22 boydan, “Oğuz Xan” dastanına görə isə 24 boydan ibarət Orta Asiya kökənli ən böyük türk boyudur. VII əsrə yaxın dövrlərdə böyük köçlərlə yer dəyişdirməyə başlayıblar. Bizans qeydlərinə görə, əvvəlcə Balkan yarımadasına üz tutublar.

Oğuz Xanın övladları

Tarixi mənbələrə görə, oğuzlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran, İraq, Suriya, Misir və Balkan yarımadasında (Bolqarıstan, Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Kosovo və Serbiya) yaşayan türklərin atalarıdır. Qədim türk dastanlarına görə, oğuzlar Oğuz Xanın 6 oğlu və onların hər birinin 4 oğlundan doğulublar.

X əsrə qədər köçəri həyat tərzi sürən oğuzlar bu dövrdə Xəzər dənizinin şərqində Oğuz Yabqunun öndərliyində ilk dövlətlərini qurdular. Oğuz Dövlətinin hökmdarı yabqu idi, ona köməkçi olan ikinci şəxs isə kül erkin adını daşıyırdı. Ordunun başında subaşı dayanırdı. Oğuzlar özlərini bütün türk boylarının ümumi anlamına gələn “oğuz” adlandırırdılar. 1000-ci ildə qıpçaqlar tərəfindən bu dövlətin varlığına son qoyulmasından sonra oğuzlar ikiyə bölündü. Bir qismi şimala, bir qismi də cənuba üz tutdu. Şərqdəki oğuzların tarixi başqa səmtə yönəldi. 840-cı ildə Uyğur Dövləti qırğızlar tərəfindən dağıdıldıqdan sonra oğuzların ən böyük və tarixi köçü başladı. Asiyanın dörd bir tərəfinə yayılan oğuzların bir qismi Qərbə üz tutdu və qan qohumluğu olan boylarla birləşdi.

Adı Quranda keçən oğuz xaqanı

“Oğuz” kəlməsinin “güclü” və “qüvvətli” mənasına gələn “öküz” anlamında bir ləqəb olduğu və Mete Xanın öküz buynuzlu bir dəbilqə taxması səbəbindən bu ləqəbin istifadə edildiyi bildirilir. Bəzi mənbələr Hun hökmdarı Metenin əslində Oğuz Xanın özü olduğunu iddia edir. Bu iddianı irəli sürən mənbələr Quranda Zülqərneyn (iki buynuzlu) olaraq adı keçən peyğəmbərin Mete Xan olduğunu bildirir. Oğuzlarda liderlərin hakimiyyətinin gücünü simvolizə edən “qut” anlayışı da, onların peyğəmbər soyundan gəlməsi inancından ortaya çıxmışdı. Oğuz boyları tərəfindən qurulan böyük və kiçik dövlətlərdə xaqanın həmişə Oğuz Xanın soyundan gəldiyinin qeyd olunması da, bu inanca əsaslanırdı.

Oğuzların dağları

Göytürk kitabələrinə görə, Oğuzlar doqquz boyadan meydana gəlmiş bir xalqdır. Bu səbəbdən, bəzi mənbələrdə Toquz (Doqquz) Oğuz da adlandırılır. Oğuzların ilk yaşayış məskənləri Tul çayının sahilləri hesab olunur. İstəxriyə görə, Oğuzların yeni yurdu Xəzər dənizindən Sırdərya çayı sahilləri, Fərab və İsficaba qədər uzanırdı. Dastanlar və tarixi əsərlərdə “Oğuzların dağları” kimi təqdim olunan Qazıqurd və Qazılıq da, Qaracuq sıra dağlarında yerləşirdi.

Oğuzların Ögüz (çay) dedikləri çaya alimlər Seyhun (Sırdərya), Amudəryaya da Ceyhun adını verdilər. X əsrdə Oğuz Dövlətinin paytaxtı Sırdərya çayı yaxınlığında yerləşən Yenikənd idi.

Həyat tərzləri

X əsrin əvvəllərində oğuzların əksəriyyəti köçəri həyat tərzi sürürdü. Yaz aylarında şimaldakı Qaraquma və şimal-qərbdəki yaylaqlara köç edir, qış yaxınlaşanda Sırdərya çayının aşağı sahillərinə qayıdırdılar. Yabqu adını daşıyan Oğuz hökmdarları qış fəsillərində Yenikənddə otururdu. Oğuz ölkəsindəki Cənd və Hüvar şəhərləri də yabquların idarəçiliyində idi. Bu şəhərlərdə müsəlmanlar da yaşayırdı. Mahmud Qaşqari Sapran, Fərab, Suğnaq, Qərnağ və Sitkünü də Oğuz şəhərləri arasında sayırdı. Mənbələrdə Qaşqarinin bəhs etdiyi dövrdən sonrakı dönəmlərdə oğuzların yeni şəhərlər saldıqları bildirilir. Bunlardan biri də Barçınkənddir.

Oğuz şəhərlərində aparılan arxeoloji araşdırmalarda inkişaf etmiş maddi-mədəniyyət izlərinə rast gəlinir. Bu dönəmlərdə oğuzların böyük əksəriyyəti oturaq həyat tərzinə keçdi. Buna təsir edən ən böyük amil şübhəsiz ki, onların İslam dinini qəbul etməsi oldu. Oturaq həyat tərzi seçən oğuzlar köçərilərin siyasi fəaliyyətlərinə və köçlərinə qatılmadılar, monqol işğallarına qədər şəhərlərdə yaşadılar. Sonrakı dövrlərdə qədim Azərbaycan ərazilərinə üz tutdular. İndiki Anadolu və Güney Azərbaycan, habelə Xorasana.

Məşğuliyyət və ənənələri

X əsrin əvvəllərində oğuzların iqtisadi fəaliyyətləri köçəri həyat tərzinə uyğun olaraq, heyvandarlığa əsaslanırdı. Sərvətlərini qoyun sürüləri, dəvə və at ilxıları təşkil edirdi. 921-ci ildə Oğuz subaşısı (ordu komandanı) Ətrək Tarxan Abbasilərin elçiləri üçün təşkil etdiyi ziyafətdə qonaqlarına qoyun əti verdiyi kimi, xalqı üçün də qoyun kəsdirmişdi. Qədim türk dastanları oğuzların digər türk boyları kimi dəvə və at əti yediklərini göstərir. Böyük ehtimalla at əti həmişə yox, xüsusi günlərdə yeyilirdi. Oğuzların İslamı qəbul etdikdən sonra at əti yeməkdən imtina etdikləri bildirilir. Oğuzlarla qonşuları müsəlmanlar arasında sıx ticarət əlaqələri vardı.

Oğuzlarda evləndikləri qadının ailəsinə başlıq pulu verməsi ənənəsi mövcud idi. Evlənəcək gənclər ox atır, oxun düşdüyü yerdə çadırlarını qururdular.

Görünüşləri

Oğuzların milli yeməkləri bəzi türk boylarında olduğu kimi tutmac (sulu düşbərə) idi. Amma oğuzların X əsrdə üz cizgilərinin digər türk boylarından nə qədər fərqli olduqları məlum deyil. Bu məsələdə ən qədim tarixi qeydin yer aldığı “Cami ət-Təvarix”də oğuzların üz cizgilərinin əvvəllər digər türk boylarından fərqlənmədiyi, amma Mavəraünnəhrə gəldikdən sonra buranın iqlim şərtlərinə uyğun olaraq taciklərə bənzəməyə başladıqları bildirilir.

Döyüşçü oğuzlar

Oğuzlar saqqallarını kəsir, bığ buraxır və bütün türklər kimi saçlarını uzadırdılar. Həyat tərzi və ağır təbiət şərtlərinin təsiri altında xarakterləri də sərt idi. Döyüşçü olmaq başlıca məqsəd sayılırdı. Qonaqpərvər olan oğuzların danışıq dili türk ləhcələri arasında ən zərifi hesab olunurdu.

İslam dininin qəbul edilməsi

X əsrin ortalarında Sitkündə İslamı qəbul edən böyük bir türk icmasının yaşamasından bəhs olunur. Bu icmanın oğuzlar olduğuna şübhə yoxdur. Yenə eyni dövrdə Fərab və Şaş (Daşkənd) arasında oğuz və qarluqlardan İslamı qəbul etmiş 1000 çadıra yaxın bir icmanın yaşadığı bildirilir. Tarixçilər 960-cı ildə 200.000 çadırlıq bir türk icmasının müsəlman olduğunu yazırlar. Bu türk icması Qaraxanlıların hakim olduğu yerlərdəki Yağma, Qarluq, Çigil, Toxsı və digər türk xalqlarından ortaya çıxmışdı. X əsrin ikinci yarısında İslam dini oğuzların yarıdan çoxunu əhatə edirdi.

Oğuz ölkəsi

“Oğuz eli”, “Qaraqoyunlu eli”, “Ağqoyunlu eli” kimi nümunələrdən də məlum olur ki, müxtəlif boylardan formalaşan etnik və siyasi icmalara “el” deyilirdi. Bu ifadə zamanla “xalq” və “ölkə” sözlərinə çevrildi. Oğuz elini meydana çıxaran birliklərin hər birinə “boy” adı verilirdi. Mahmud Qaşqari bu ifadənin oğuz dilində olduğunu yazır. Boyun başında dayanan əsilzadəyə “boy bəyi” deyilirdi. Boylar da obalara ayrılırdı. Qaşqari “oba” ifadəsinin də, oğuz dilində olduğunu söyləyir. Obalardan sonra ailələr gəlir. Ancaq oğuz dilində ailənin ifadə forması məlum deyil. Beləliklə ailələr obaları, obalar boyları, boylar da Oğuz elini meydana gətirirdi. Yurd elin, boyun, obanın və ailənin yaşadığı yerdir. Oğuz elində oymaq birliyi boy idi.

Tarixin axınını dəyişənlər

Əslində oğuz boyları VII əsrdən etibarən digər türk boyları arasından yüksəlməyə başlamışdı. XI əsrdə Orta və Yaxın Şərqə üz tutaraq, Azərbaycan, İran, Ön Asiya və Suriyanı ələ keçirdilər. Misir, Şimali Afrika, Balkan yarımadası və Vyanaya qədər Mərkəzi Avropada hakim olanlar yenə oğuzlardı. Bu dövlətləri və bölgələri ələ keçirən oğuzlar buralarda oturuşdular, tarixin axınını dəyişdirən imperiyalar və dövlətlərini qurdular.

Oğuzlar tarixin ayrı-ayrı dönəmlərində bu dövlət və imperiyaları qurdular:

Böyük Səlcuq İmperiyası, Səlcuq Dövləti, Türkmən Bəylikləri, Atabəylər Dövləti, Qaraqoyunlu İmperiyası, Ağqoyunlu İmperiyası, Ramazanoğulları Bəyliyi, Səfəvilər İmperiyası, Əfşarlar İmperiyası, Qacarlar Dövləti, Anadolu Bəylikləri və Osmanlı İmperiyası...

6853

DİGƏR XƏBƏRLƏR