“Bu tip "ziyalı”ların susması daha faydalıdır” – SÖHBƏT


“Əsl ziyalı susmaz və susmamalıdır. Necə ki, şam işıq saçdığı müddətcə dəyərlidir. O sönsə, adi əşyalardan fərqi qalmaz”


“Eləcə də ziyalı susarsa, o da adi insan olar. Yəni ziyalı mərtəbəsində qala bilməz” 

Müxtəlif zaman və məqamlarda ölkədə ziyalıların mövqeyinə ehtiyac duyulur. Cəmiyyət çətin günlərdə, xaos yarananda işıqlı insanlarına, fikir adamlarına söykənməlidir. Amma Azərbaycanda ziyalı defisiti müşahidə edilir.
Bunun günahını da vaxtilə cəmiyyətdə nüfuzu, reputasiyası  olan ziyalıların bir qrupunun sözünün çəkidən düşməsində, zaman-zaman çıxışları ilə rəğbətin itirilməsində axtarmaq lazımdır. Kütlənin ziyalı anlayışına münasibətində dəyişiklik var. Toplum, sanki, ona kiminsə öyüd-nəsihət verməsini, qabağına çıxmasını istəmir. Xüsusən sosial şəbəkələrdə bəzən ziyalılar linç edilir. Halbuki, ən çətin və kövrək məqamlarda əsl ziyalı sözünə ciddi ehtiyac duyulur, amma...

 Bax bu "amma"nı aydınlaşdırmaq məqsədilə AĞ Partiya sədri Tural Abbaslı ilə əlaqə saxlayıb, maraqlı müzakirə apardıq. Partiya sədri “Sherg.az”ın suallarını cavablandırıb.

-Son günlər cəmiyyətimizdə ziyalı defisiti yaşanır.  Niyə belə oldu? 

-Bəli, təəssüflə qeyd etməliyik ki, son illər Azərbaycanda əhalinin böyük hissəsinin qəbul etdiyi və sözünə hörmət etdiyi ziyalıların sayında kəskin azalma müşahidə edirik. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur təbii ki. İllərdir insanların ziyalı kateqoriyasında gördüyü və hər zaman sayğıyla sözünü dinlədiyi ziyalılarımızın bir çoxu dünyalarını dəyişiblər. Çünki belə ziyalılarımızın bəzisi hələ sovet dönəmindən ziyalı adını qazanmışdılar və kifayət qədər yaşlı idilər. Təəssüflə qeyd etməliyik ki, belə dəyərli ziyalılarımızın yeri doldurulmadı. Burada artıq məsələ daha çox subyektivdir. Yəni hazırda idarəçiliyi altında olduğumuz iqtidarın idarə metodu və məsələlərə yanaşma tərzi hamı tərəfindən qəbul edilən, sözünə, əməlinə etimad göstərilən yeni ziyalı nəslinin yetişməsinə imkan vermədi. Odur ki, bu gün sizinlə ziyalı qıtlığından və ziyalı çatışmazlığından danışırıq. Ziyalı təbəqəsinin formalaşması təbii bir proses olmalıdır. Bura kənar müdaxilələr olacaqsa, həqiqi ziyalı təbəqəsi formalaşmayacaq. Bunu bir dəfəlik anlamaq və qəbul etmək lazımdır. Dövlətin işi yalnız həqiqi ziyalıların yetişməsi üçün münbit zəminin yaranmasını təmin etməkdir, vəssalam. Qalan hər şey öz təbii axarı ilə davam edəcək.

-Sizcə, kimlər ziyalı adlandırılmalıdır? 

-Məncə, ilk növbədə ziyalı o insanlardır ki, xalqın, millətin, dövlətin yolunda qaranlıq günlərdə işıq saça bilsinlər. Onsuz da ziyalı sözü “ziya”, yəni “işıq” sözündən əmələ gəlib. Ziyalı özünün elmi, yaradıcıllığı, fədakarlığı, dürüstlüyü ilə bu adı və xalqın qarşılıqsız sevgisini qazanmış şəxslərdir. Onlar bir zümrənin deyil, bütün bir xalqın ziyalısıdırlar. Onlar nə iqtidarın, nə müxalifətin, nə də hansısa başqa zümrənin maraqlarına xidmət etməlidir. Ziyalı hər zaman haqqın, ədalətin, dürüstlüyün və inkişafın tərəfində olmalıdır. Bir sözlə, ziyalı bir şam kimi yeri gəldikdə özünün yanaraq yox olması bahasına belə olsa, ətrafına işıq saçmalı və dünyanı işıqlandırmalıdır. 

-Elə məqam yetişir ki, ziyalıların mövqeyinə ehtiyac duyulur. Cəmiyyət keçirdiyi ağır günlərində fikir adamlarına, işıqlı insanlarına söykənməlidir. Amma bir çox ziyalıların susduğunu görürük. Səbəb nədir? 

-Sözün düzü ziyalı ədalətsizliyin, haqsızlığın və zülmün qarşısında susursa, demək ki, o, ziyalı deyil. Belələri olsa-olsa ancaq saray ziyalıları ola bilər. Bu tip ziyalıların isə susması danışmaqlarından daha faydalıdır. Ziyalı susmaz və susmamalıdır. Necə ki, şam işıq saçdığı müddətcə dəyərlidir. Şam sönsə, onun adi, digər əşyalardan fərqi qalmaz. Eləcə də ziyalı susarsa, o da adi insan olar. Yəni ziyalı mərtəbəsində qala bilməz. 

-Sanki, müxtəlif tərəflər arasında ziyalı bağı qopub... 

-Ziyalı zümrəsinin qıtlığı ümumilikdə dövlətin təməllərini sarsıdır. Çünki dövlətlərin üzərində dayandıqları əsas dayaqlardan biri də ziyalı kəsimidir. Ziyalılarsız dövlətlər istənilən daxili və xarici təxribatların qarşısında aciz və gücsüzdür. Ziyalı sözü olmayan yerdə cahil kobudluğu, vəhşiliyi və dağıdıcılığı olar. Baxın, ölkə daxilində hər hansısa bir kataklizm və ya fövqəladə vəziyyətd yarananda ziyalı axtarılır. Onu dinləmək, ondan yol göstərməsini gözləyirik. Onlar olmadıqda isə xaos və qarışıqlıq yaranır. Bunu ilk növbədə iqtidar düşünməli və sözün həqiqi mənasında ziyalı kəsiminin formalaşmasında üzərinə düşənləri etməlidir.
1422

DİGƏR XƏBƏRLƏR