Tural Abbaslı: "Minsk Qrupundan ədalətli mövqe gözləməyə dəyməz"


Biz ən azından Türkiyənin həmsədrlikdə təmsil olunmasına nail olmalıyıq


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqland Ermənistan-Azərbaycan sərhədində baş vermiş son gərginliyi şərh edib. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə qeyri-rəsmi söhbət etdiyini vurğulayan Hoqland bildirib ki, Minsk Qrupu gərginliyi azaltmaq üçün çox səy göstərsə də, məsələni həll etmək iqtidarında deyil.
Onun sözlərinə görə, niyyətləri yaxşı olsa da Minsk Qrupu vəzifəsinin öhdəsindən gələ bilmir. Hoqland hesab edir ki, BMT prosesə aktiv şəkildə qoşulmalı, münaqişə BMT-nin probleminə çevrilməlidir: “Yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər”.

Keçmiş həmsədrin sözlərinə görə, Rusiya həqiqətən münaqişəni həll etmək istəsəydi, daha təsirli addımlar atardı: “Rusiya ilə Ermənistanın müttəfiq olduğu açıq şəkildə görünür, bu da Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir göstərir”.

Hoqlandın təklifini “Şərq”ə dəyərləndirən AĞ Partiya başqanı Tural Abbaslı ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinin dəfələrlə qeyd olunduğunu deyib. Partiya sədrinin sözlərinə görə, həmsədrlik institutu vaxt uzatmaqdan başqa bir işə yaramır:

“Vasitəçilərin qeyri-effektiv olduğunu münaqişə tərəfləri də, həmsədrlər də yaxşı bilir. Həmsədrlərin Rusiya, Fransa və ABŞ-dan ibarət olması Azərbaycanın maraqlarına xidmət etmir. Çünki həmin dövlətlər ermənipərəst mövqe sərgiləyir. Bu məqam üç dövlətin siyasətində özünü açıq şəkildə büruzə verir. Biz ən azından Türkiyənin həmsədrlikdə təmsil olunmasına nail olmalıyıq. Bu baş vermədikcə, Minsk Qrupundan ədalətli yanaşma gözləməyə dəyməz. Münaqişənin həllinin BMT çərçivəsinə daşınması, bununla bağlı quruma xüsusi status verilməsi, münaqişə tərəflərinin problemi həll edəcəyinə ümid bəslənməsi xoş nağıllardır. Belə utopik təkliflər Azərbaycan xalqı üçün maraqlı deyil. Bizim tələbimiz qısa və konkretdir. Torpaqlarımız qeyd-şərtsiz işğaldan azad edilməlidir”.

T.Abbaslının fikrincə, indiki halda BMT-nin münaqişəni protektoratlığı altına alması maraqlarımıza cavab verməyəcək:

“Ortada fakt var. BMT adlı qurum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Lakin illər keçsə də, qətnamələr icra olunmayıb və nə vaxtsa tətbiq ediləcəyi də inandırıcı deyil. Bugünə qədər BMT və digər beynəlxalq təşkilatların nəzdində Qarabağ miqyasında bir münaqişənin həllinin şahidi olmamışıq. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq vasitəçilikdən imtinasının tərəfdarıyam. Siyasi və hərbi müttəfiqlərimizin sayını genişləndirməklə torpaqlarımızın azadlığı istiqamətində çalışmalıyıq. Digər addımlar terrorçu erməniləri yola gətirməyəcək”.  
1665

DİGƏR XƏBƏRLƏR