Putini qəzəbləndirən “Vaqner” düyünü: Müharibə olacaq?

Putini qəzəbləndirən “Vaqner” düyünü: Müharibə olacaq?

Ukrayna Belarusda saxlanılmış Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvlərini istəyir.

Onlar Donbasda gedən hərbi əməliyyatlarda Ukraynaya qarşı döyüşməkdə ittiham olunur. Əldə olunan məlumatlar Belarus və Ukrayna prezidentlərinin bu barədə ilkin razılığa gəldiyini göstərir.

"Ümid edirəm ki, Ukrayna ərazisindəki bütün terror aktlarında şübhəli bilinənlər mövcud beynəlxalq hüquqi sənədlərə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmaq üçün bizə təhvil veriləcək"-deyə, Ukraynanın dövlət başçısı Vladimir Zelenski bildirib.

Əgər bu razılaşma həyata keçirilərsə, “Vaqner”in 28 nəfər muzdlu yaraqlısı Ukraynaya ekstradisiya ediləcək. Rəsmi Kiyev isə onları törətdikləri hərbi cinayətlərə görə, terrorçuluq ittihamı ilə məhkəmə qarşısına çıxartmaq niyyətindədir. Rəsmi Minsk iyulun 27-də Belarus Dövlət Təhülkəsizlik Komitəsi tərəfindən saxlanılmış 33 nəfər “Vaqner” muzdlusunun Ukraynaya və Rusiyaya veriləcəyi barədə məlumat yayıb. Bu isə yaraqlıların 28 nəfərinin Ukraynaya ekstradisiya ediləcəyi, 5 nəfərinin isə Rusiyaya qaytarılacağı anlamına gəlir.

Lakin Lukaşenko hakimiyyətinin belə addım atması son zamanlar Rusiya ilə hərbi qarşıdurma səviyyəsinə çatmış münasibətlərin alovlanmasına şərait yarada bilər. Bəlkə də bu problem ikitərəfli müstəvidə, yəni Rusiya-Belarus arasında daha asanlıqla həllini tapa bilərdi.

Çünki Rusiya dünyanın bir çox münaqişə bölgələrində “Vaqner” qrupundan öz maraqlarını həyata keçirmək üçün istifadə etsə də bu hərbi şirkəti rəsmən dəstəkləmir. Bir qayda olaraq, Kreml “Vaqner” qrupunun özəl şirkəti təmsil etdiyini onların Ukrayna, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və digər münaqişə bölgələrində keçirdiyi hərbi əməliyyatların Rusiya hakimiyyətinə aidiyyatı olmadığını bəyan edir. Ancaq həmin şirkətin Rusiya Müdafiə Nazirliyindən və hərbi sənaye kompleksindən maliyyələşdiyi sirr deyil. Bu cür açıqlamalar verməklə Rusiya həmin münaqişələrdə birbaşa iştirakını gizlətməyə çalışır. Ona görə də Rusiya Belarusdakı təxribat planlarını pərdələmək, həmçinin Minsk ilə münasibətləri qaydaya salmaq üçün yenə də “Vaqner”ə cavabdeh olmadığını bəyan edə bilər. Lakin hadisələr getdikcə fərqli müstəviyə transfer etməyə başlayıb. Belarus Rusiyanın Donbasda döyüşdüyü sübuta yetirilmiş 28 nəfər muzdlu döyüşçüsünü Ukraynaya təhvil vermək istəyir. Onların istintaqda və məhkəmə qarşısında verdiyi ifadələr Rusiyanın Donbasın işğalında birbaşa iştirak etdiyini beynəlxalq ictimaiyyət qarşısında hüquqi cəhətdən təsbit etmiş olar. Eyni zamanda, Rusiya və Ukrayna düşmən dövlətdir. Rusiya hərbçilərinin həbs edilmək üçün düşmən dövlətə ekstradisiyası Belarusla ehtimal edilən müharibəni reallaşdlıra bilər. Belə ki, Rusiya siyasi elitasında, yəni hərbi-sənaye komleksində və “Vaqner”in bağlı olduğu Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsində (QRU) Belarusa qarşı təcavüzün tərəfdarları artacaq.

Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, Belarusla siyasi və hərbi gərginliyin artması ehtimal olunsa da Rusiyanın daxilində vəziyyətin çətinləşməsi müharibəyə başlamağa imkan vermir.

Aleksandr Lukaşenko öz çıxışında bildirdi ki, təəssüf ki, Rusiya bizə qardaş deyil, tərəfdaş gözü ilə baxır. Lukaşenko Belarus və Rusiya arasında balans siyasətini saxlamağa çalışır. Amma “Vaqner” qrupu Belarus prezidentini xeyli əsəbiləşdirib. Bu dəstəni Lukaşenkoya qarşı təxribatda ittiham edirlər. Ona görə də Lukaşenko belə bir addım atıb “Vaqner” muzdlularını Ukraynaya təhvil verə bilər. Çünki o, siyasi xarakterinə görə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putinə bənzəyir. Nəticədə, Rusiya-Belarus münasibətləri gərginləşə bilər. Lakin bu, “Vaqner” muzdlularının statusundan da asılıdır. Əgər onlar sıravidirsə, ekstradisiyası Rusiya və Belarus arasında gərginlik yaratsa da ciddi böhranın olacağını gözləmirəm. Çünki Lukaşenko Belarusa tam nəzarət edir, ictimai dəstəyi yüksəkdir, Qərblə də münasibətlərini tədricən düzəldir. Eyni zamanda, Rusiya ilə münasibətlərdə də reallığı nəzərə alır. Buna baxmayaraq, Rusiyanın Belarusa hərbi təcavüz edəcəyini düşünmürəm. Artıq bir neçə gündür ki, Xabarovsk vilayətində mitinqlər davam edir. Rusiyanın özündə koronavirus pandemiyası ilə əlaqədar narazılıqlar artıb. Prezident Putinin də reytinqi aşağı düşüb. Ona görə də Rusiyanın belə hərbi avantüraya əl atacağı inandırıcı görünmür”.
 

Cebhe.info

1659

DİGƏR XƏBƏRLƏR