"Bu iş Qarabağ miqyasını keçib"...


Axırıncı dəfə səhəri bu cür qarşılamağım 2016-cı ilin 15 iyul tarixində olmuşdu.. İşdəydim, səhərə kimi Türkiyədə olanları həyacan və narahatlıqla izlədim. Çox şükür, hər şey Türk xalqının və ümumilikdə müsəlmanların xeyrinə nəticələndi, amma mövzu o mövzu deyil.

Üstündən tam-tamına 4 il keçib o günün.

Dünən, şəhid olan general və polkovnikin harada və nə vaxt olmasının hərbi sirr olmasına baxmayaraq düşmənə satıldığına hər kəs əmindir. Yenə aprel döyüşündəki narahatlıq və həyəcanla ordumuzun necə addım atacağını, düşməndən hansı qisas alacağını gözləyə-gözləyə günü axşam elədim. Müdafiə Nazirliyi müxtəlif görüntülər yayır, ordumuzun düşmənin müxtəlif hərbi obyektlərinə, atəş nöqtələrinə, artileriya qurğularına və s vurulan zərbələrini gördük. Amma xalq daha çoxunu istəyirdi, 30 ildir 20 faiz torpağı işğalda olan, hər il hərbçiləri şəhid olan, bir gündə bir general bir polkovnik və bir neçə mayor, zabit şəhid verən xalqın ürəyinə bu su səpə bilməz.. Bilmədi də.

İlk dəfədir ki, uzun sürən illərdən sonra xalqımız bu qədər böyük iradə göstərərək, inamla müharibə istəyir, intiqam istəyir və Qarabağı tələb edir. Bakının hər yerindən küçələrə çıxan minlərlə azərbaycanlı, əlində bayraq prospektlərlə yürüyüb, Azadlıq meydanına tərəf istiqamət alır. Azadlıq meydanı neçə ildən sonra təkrar bu qədər adam qəbul edirdi. Uzun illərdən sonra genetik kodun gizlədilmiş məğrur, mərd, vətənpərvərlik duyğuları meydanlara daşan bu xalq üz tutdu Prezident Aparatına, ordan keçib şəhidlər xiyabanına və Milli Məclisin qarşısına toplaşdılar, hamımızın ürəyi qürurlandı, fərəhləndi, qəlbimiz dağa döndü.

Mən də bu əhval ruhiyyədə idim. Ta ki, əhaliyə xitab eləmək üçün gələn hərbçilərin səsi “çıxmayana”, “basdırılana qədər”. Nə məsələ idisə əhaliyə xitab eliyən hərbçilərin, görəvlilərin çıxışı üçün gətirilən dinamikdən səs çıxmırdı. Mikrafonlar işləmir, porpativ səsucaldıcı da ya işləmirdi, ya da o izdihamın qabağında bəs eləmirdi.

Bu əsnada bayaqdan səslənən Baş Qərargah rəisi Nəcməddin Sadıkovun istefası tələbləri yavaş-yavaş çıxış edən hərbçilərin yuhlanaraq aşağılanmasıyla əvəzləndi. Səhnədə olanlar nə qədər çalışsa da səs ucaldıcı ilə bağlı problem düzəlmirdi ki, düzəlmirdi. Artıq, işlərin yolunda getmədiyini hiss edirdim. Görürdüm ki, orduya dəstək üçün yığılan vətənpərvər oğulların arasında bir neçə 20-30 nəfərlik qruplar yersiz hərəkətlər edir, ixtişaşa yönələn addımlar atır. Orduya motivasiya verən, dövlətə dəstək verən şüarları artıq ixtişaşlara çağıran səslərlə əvəz olundu.

"Facebook"da canlı görüntülər kəsilən ərəfədə anidən kimdən olub kimə xidmət etdiyi bilinməyən Meydan Tv-nin müxbiri Həbib Müntəzir göbələk partiyalardan birinin bilməm nəyi - Azər Qasımlı, status yazdı ki, əhali Milli Məclisi basdı. Ardıyca da "Meydan Tv", "Sancaq", "Hamam Times" səhifələr və s bunu tirajladı.

Sonra görüntülər bərpa olundu, əhalinin Milli Məclisdən çıxarıldığı, aksiyaya, ixtişaşa çevrilmiş bu yürüyüşün iştirakçılarının polis maşınını devirdiyi, polislərin iştirakçıları su şırnağı və gözyaşardıcı qaz vasitəsi ilə dağıtmağa çalışdığı məlum oldu.

Diqqətimi o çəkdi ki, bu 20-30 nəfərlik dediyim qruplarda iştirakçılar polis əmrlərinə qarşı xüsusi “can-fəşanlıq” göstərərək qarşı çıxırdılar. Aralarında əksəriyyəti yeniyetmə idi, bəziləri gənc və orta yaşlı adamlar içkili görünürdü, gecə saat 5-də, çöllərdə olan bu "obşak" qızı görünüşündə olan qadın cinsinin "tatul"u nümayəndələri də (orda əgər normal ağlı yerində qadınlar varıydısa, onlar istisna) bu qruplarda idilər, lap Türkiyədə 2013-cü ilin Gezi Parkı ixtişaşlarındakı provokatorları xatırlatdı mənə . MM-də bunlar basmışdı, aralarında təkbir gətirənlər olubmuş, əminəm ki, onlar da ya tapşırıqla bunu edib ya da Qarabağ üçün gəlib, baş verənlərdən xəbərsiz küyə qoşulanlardan olub.

Soruşuram sizdən - dövlətin bu müharibə astanasında olduğu, biraz da dəqiq desək de fakto müharibə şəraitində ölkə dəxilində, birlik və bərabərlik göstərməli, həmrəy olmalı olduğumuz zamanda bu cür çaxnaşma salmaq, MM-i ələ keçirməyə təşəbbüs etmək, əhalinin dəstək olmaq üçün çıxdığı mitinqdə hərbçiləri aşağılamaq nəyə dəlalət edir? Sizə elə gəlmir ki, bu dövlət çevrilişinə cəhddir? Polislər müdaxilə edə bilməsə, hadisələrin məcrası hara gedəcəkdi?

Bir xüsusu qeyd edim, Azər Qasımlının o Milli Məclislə bağlı anonsu paylaşdığından sonra ölkədə tanınıb seçilən müxalifət liderlərinin profillərinə göz atdım. Əli Kərimli, o Cəmil Həsənli, Ruslan İzzətli, İlqar Məmmədov kimi, Türkiyənin CHP-si formasındakı liderlər… Axı onlar bir lider kimi, çıxıb əhalini sükunətə çağırmalı idilər, bu dar məqamda bir olmağa, orduya arxa olmağa çağırmalı idilər. YAP-çı olmasam da, hətta ölkədəki problemlərin bir-çoxunun başında YAP-l səbəbkar görsəm də bir Azərbaycanlı kimi mən bu müxalifət donundakı maşalara heç zaman etibar eləməmişəm. Haqlı imişəm… Heç biri bir kəlimə olsun yazmamışdı. Susub izləyirdilər. Üstəgəl, Əli Kərimli üstündən saatlar keçəndən provokativ addımlara haqq qazandırıb dövləti ittiham edir yenə. Meydan TV, Hamam times və digərləri, onların “liderləri” yenə də bu ölkəyə nə qədər bağlı olduqlarını, nə cür xidmət etdiklərini göstərdi. Hələ utanmadan orduya dəstək üçün küçələrə çıxan xalqımızı “itirazçı” kimi manşet edirlər. Bütün Ermənistan sübh çağı yaşanan ixtişaşları öz maraqlarına uyğun paylaşır… - Burda yenə bənzətmə aparacam Türkiyədən - eynən CHP-nin Türk ordusuna işğalçı, pkk-lılara şəhid, vətən xainlərinə məzlum deyən media mənsubları kimi.

Cəmi bir nəfər partiya lideri xalqa bir liderə yaraşan tərzdə çıxışını etdi. Tural Abbaslı. Özü də "Facebook" dostluğumdadır, yazımı oxuyursa, burdan təşəkkürümü də bildirirəm ona. Bütün partiya liderlərinin etməli olduğunu bir-tək o etdi, ən azından o ana qədər.
Qayıdıram əsas məqsədimə.

Görünən odur ki, düşmən və arxasında duran Rusiya əməlli başlı plan cızıb – Ərdoğan demiş, bu iş Ermənistanın çapını aşar, onlar bizimlə 3 gün ardıcıl döyüşməyə gücləri yoxdur. Onlar bizim Müdafiə Nazirinin müavini olan generalın, polkovnik və mayorların ölümünə cavab verəcək gücdə deyillər.

Əlimizdə olan bütün detalları ardıcıl düzsək masaya. Əvvəlcə Tovuzda Qaraqaya postuna hücum edirlər və postu alırlar (şükür ki, ordumuz bir-neçə saat sonra postu geri qaytarır). Sonra, rütbəli hərbçilərin şəhid edilməsi ilə əhalini qəzəbləndirməli, ardıyca, müxtəlif qruplarla küçələrdə bütün şəhər miqyasında “Ordumuza dəstək” yürüyüşü təşkil etməli, yürüyüşün axarını mitinqə, ixtişaşlara, Milli Məclisin, ardıyca bəlkə də prezident aparatının, hökümət evinin və s. ələ keçirilməsi ilə nəticələnməli idi. Sonra isə siyasi boşluqdan, hakimiyyət yoxluğundan istifadə edib, ermənilər rusların əliylə Tovuz-Qazax bölgəsini işğal etməli idilər – deyə düşünürəm. Axı döyüşü biz yox, ilk olaraq onlar başlatdı, səhəri gün ordumuzun geri qaytardığı Qaraqaya postuna hücum edib almaqla və bu özü olan-bitəni anlamaq üçün bir ipucudur.

Burada bir neçə maraq var, ruslar bütün strateji qaz kəmərlərini, İpək yoluna nəzarəti ələ keçirmək, Avropada yenidən enerji hegemonluğu qurmaq, Türkiyənin Liviya və Suriyada rusları həzimətə uğratmağının qisasını Azərbaycanda almaq, ermənilərin də xəyallarında olan, "dənizdən dənizə Ermənistan" qurmaq... Döyüşlərin niyə Qarabağ cəbhəsindən yox, şimalda, məsələn Tovuzda getməsinin səbəbi budur. Onlar enerji koridoruna nəzarəti ələ keçirmər istəyirdilər.

Çox şükür hər şey xalqımız və dövlətimiz üçün yaxşı qurtardı. Ən azından hələlik. Yenə şükür ki, əhalinin əksər hissəsi dünən baş verənlərdən provokasiya qoxusu hiss edib vaxtında çəkildi. Yoxsa, çox daha acınacaqlı ssenarilər bizi gözləyə bilərdi.. Dövlət ən qısa zamanda içəridəki köstəbəkləri, satılmışları, yiyəsinin kim olduğuna, kimin zəng edəcəyinə baxmadan, aşkara çıxartmalı, həbs etməli, məhkəmə qarşısında cəzalandırmalıdır. Əks halda bu hadisələr təkrarlanacaq bu və digər şəkildə təkrarlanacaq.


Aqil Kərəmoğlu

Agxeber.com

628

DİGƏR XƏBƏRLƏR