İslam və Siyasət -2. Ölkəmizdə dini radikallığa kimlər təkan verir?


Keçən yazımızda biz müsəlmanların ictimai-siyasi proseslərdəki rolu, bunun önəmi, həmçinin bu prosesə mane olanlar, bunun üçün aparılan təbliğat və bunun absurdluğu haqda danışmışdıq. Bu yazımızda isə müsəlmanları siyasətdən uzaq tutmaq istəyən bu şəxslərin ölkəmiz üçün nə dərəcədə təhlükəli olması və bu fikrin dini radikallığa necə təkan verməsi haqda yazmaq niyyətindəyəm.

Keçən yazımızda bizç "Hansı özünü əvəzolunmaz, mütləq rəhbər hesab edən şəxs belə robotlaşmış müsəlmandan və bu şəkildə təbliğ olunan dindən razı qalmaz?" kimi ifadə işlətmişdik. Bəli, ilk baxışdan bu şəkildə aparılan dini təbliğat əlbəttə kiç hər bir özünü qanundan üstün tutan rəhbəri qane edər. Çünki təbliğat böyük bir kütləni siyasi proseslərə qarışmamağa, rəhbərə isə mütləq itaətlə beyət etməyə çağırır.  

Ancaq gəlin məsələnin digər tərəflərinə də nəzər yetirək . Məlumdur ki, ölkəmiz dünyəvi demokratik sistem ilə idarə olunur və bir çox beynəlxalq təşkilatlar (AŞPA,BMT və s.) qarşısında söz azadlığı, demokratik seçkilər kimi öhdəlikləri var. Ölkəmiz də beynəlxalq arenada öz imicini qorumaq üçün bu öhdəlikləri yerinə yetirməkdə maraqlıdır. Ancaq ölkəmizdə təbliğ olunan bu dini təfəkkürə görə rəhbərə itaətlə yanaşı, eyni zamanda seçkilərdə iştirak, müxalif mövqe sərgiləmək və bu proseslərdə iştirak etmək yolverilməzdir . Və əgər seçkilərdə  fəallıq azalarsa, söz azadlığı, müxalifət  yox olarsa bu, dövlətin beynəlxaq arenada imicinə zərər vurmaqla yanaşı ölkəni uçuruma da apara bilər. Ölkənin idarə etmə sistemi monarxiyaya çevrilər.

İkinci tərəfdən isə dövlətin özü prezident və parlament seçkiləri keçirir, müxalifətin fəaliyyətinə qanunla icazə verir, hətta parlamentdə təmsil olunan müxalif partiyalara büdcə ayırır. Müxalifətin olmasında maraqlıdır. Bu halda həmin şəxslər “müxaliflik haramdır” şəklində apardığı təbliğatla birbaşa “öz rəhbərlərinin” qoyduğu qanunlara itaətsizlik edirlər. Dövlət və qanun deyir ki, müxaliflik edin, bunlar isə əksini söyləyir. Dövlət deyir ki, azad fikrinizi, iradlarınızı bildirin, bunlar deyir bildirməyin. Dövlət deyir ki, qanuni çərçivədə etiraz aksiyaları, mitinqlər edin, bunlar deyir etməyin. Dövlət deyir ki, seçkilərdə iştirak edin, istədiyiniz namizədə səs verin, bunlar deyir ki, verməyin. Belə olan halda siyasətdən uzaqlaşdıran təbliğatla məşğul olanlar  rəhbərə qarşı itaətsizliklə məşğul olmurlarmı? İkili standart deyilmi? Özlərinin qoyduğu qaydanı elə özlərinin də pozması deyilmi? Digər bir məsələ isə dini radikallıqdır.

Məlumdur ki, zaman-zaman hər bir dini cərəyanların içində ixtilaflar və parçalanmalar baş verir. Və günümüzdə radikal dini ekstremistlərə nəzər yetirsək görərik ki, onların bir çoxu məhz əvvəllər rəhbərə müxaliflik haramdır kimi təbliğ olunan camaatların saflarında olublar. Bəs necə olur ki, bir fikir onun tam əksi ilə əvəz olunaraq radikallığa çevrilir? Çünki həmin camaatlara illər boyu qanunla icazə verilən siyasi fəaliyyət haramdır, seçkilərdə iştirak etmək rəhbərə qarşı üsyandır, "müxaliflik edən cəhənnəmə gedəcək" şəklində absurd fikirlər təbliğ olunduğu üçün həmin firqələrdən ayrılan digər camaatlar məcbur qalıb radikal yollara baş vururlar. Çünki alternativləri yoxdur... Qanuni siyasi fəaliyyət artıq onlar üçün haram sayıldığına görə, onlar bu halda qanunsuz radikal ekstremist qruplara daha asanlıqla qoşulurlar. Çünki nə qədər sən qanuni sivil yollarla etirazı qadağan etsən, insanlar qeyri-qanuni radikallığa daha çox meyl etməyə başlayacaqlar. Bu bir aksiomadır. Bunun da səbəbkarı məhz vaxtında qanuni yolları qadağan edənlərdi.
Ardı var...

Kamran Məmmədli

Agxeber.com
2027

DİGƏR XƏBƏRLƏR