AĞ PARTİYANIN PROQRAMI

 
AĞ PARTİYANIN PROQRAMINI TƏQDİM EDİRİK
     
Müqəddimə

 Milli nizam – insanın, cəmiyyətin və dövlətin problemlərinin həllinə milli fikirlərin təqdim edilməsidir. Bu, iki anlayışın izahını tələb edir:

1. Milli
2. Nizam


Milli olan millətlə bağlıdır. Millət – inanc, dəyərlər vahidliyi əsasında ümumi təhlükə və mənfəət anlayışına malik olan, etnik deyil tarixi-mədəni və əqidəvi bir birlikdir. İnancımız bizə insanı, cəmiyyəti və dövləti idrak etmənin ilkin anlayışlarını verməkdədir. Bu milli və dini kimliyimizdir ki, o bizi minillik tariximizlə, böyük bir coğrafiyanı əhatə edən ümmət və türk dünyası ilə bağlamaqdadır. İnancımız həm də xalqımızın dəyişməz mental dəyərlərinin bünövrəsidir. Bu mental dəyərlərimiz ləyaqətli fərd, sağlam ailə və fərdlərinin bütün hallarda bir-birinə həmhal olduğu cəmiyyətdir. Millət öz fərdi, fərd də öz milləti üçün çalışmaqdadır. Bunun üçün millət fərd üçün yeganə zəruri mühit, fərd isə millətin cövhəridir. Qeyd edilən xüsusiyyətlərə malik olan millət isə irqindən, cinsindən, yaşından və dinindən asılı olmayaraq hamı üçün ədaləti təmin edəcək dövlətin bünövrəsidir.

Nizam – hissələri bir bütöv halına gətirən, əmin-amanlıq və inkişafı təmin edən əlaqələr sistemidir. Nizamsızlıq fəlakət, nizamlılıq səadətdir. Nizam milli tarixi irsi və inanc reallıqlarını nəzərə alaraq qurulduqda milli nizam xüsusiyyəti kəsb edir.

Qloballaşma dövründə xalqımıza xaricdən idxal edilən nizamlar gərəkli deyildir. Çünki ümumbəşəri zəruriyyətləri istisna etməklə idxal edilən nizamlar bir hissəsi olduğumuz türk-müsəlman dünyasının maraqlarını ifadə etməməkdədir. İdxal edilən nizamların bir çox hallarda məqsədi Azərbaycanı və türk-islam dünyasını neoimperializmin xammal əlavəsinə çevirməkdir.


Milli nizamın təməlləri aşağıdak hədəfləri reallaşdırmağa yönəlmişdir:
  1. Mənəvi dəyərləri və tarixi kimliyi qoruyub gələcəklə əlaqələndirmək;
  2. Milli maraqlarımızın təmin edilməsi prinsipi daxilində mülkiyyəti qorumaq;
  3. Nəsli qorumaq və genefondumuzun mənəvi, insani, elmi keyfiyyətliliyini təmin etmək;
  4. Dövlətimizin dünya sistemində iddialılığını təmin etmək üçün əqli inkişaf, şəxsiyyətin təkmilləşdirilməsi və diriliyinin təmin edilməsi üçün mühit formalaşdırmaq.
       
 
1. Milli şəxsiyyət 

1.1. Bizim üçün milli nizamın qurulmasında ilk görüləcək işlər milli şəxsiyyətlərin yetişməsidir. Milli şəxsiyyət əqli işləmə qaydası milli, duyğuları və hissləri milli olan, qeyri-milli fikir və düşüncələrə, ehtiras və həvəslərə qarşı dayanıqlı müqavimətə sahib olan bir şəxsiyyətdir.
Onun üçün inancı bir bünövrə, tarixi şərəf və ibrət, potensialı isə ölkəsinin, türk dünyasının və inanc ümmətinin yüksəlişinin lokomotividir. Milli şəxsiyyət millətinin maraqlarını öz maraqlarından üstün tutan, potensialının imkan verdiyi sahələrdə milləti üçün çalışandır.

1.2. Milli şəxsiyyət idxal edilən və əcnəbi olan şəxsiyyət tiplərinə qarşı millətinin ortaya qoyduğu milli müqavimətin və milli inkişafın təməlidir. Milli şəxsiyyət kapitalist zehniyyətinin mənəmliliyinə qarşı milli həmhallılığın nümunəsidir.
Milli həmhallılıq millətin, türk dünyasının və inanc ümmətinin dərdləri ilə dərdlənmək, ədalətin və əmin-amanlığın təmin edilməsi üçün daim hazır vəziyyətdə dayana bilməkdir.

1.3. Milli şəxsiyyət tənbəlliyə yox deyən və özünün əqli və mənəvi xüsusiyyətlərini gücləndirən şəxsdir. Milli şəxsiyyətin fikri qaydası onun əqidəsinə bağlıdır. Əqidəsi inancından doğmaqdadır. Fikirləri əqidəsini təmsil etməkdədir. Fikirləri onun əşya ilə, həyat ilə olan münasibətlərini tənzim edir. Milli şəxsiyyət yeni imperializmin istehlak quldarlığına qarşı çıxan, qənaətçi və israfa qarşı olan, mənəvi sərhədlər daxilində xoşbəxt olmağı bacaran şəxsiyyətdir.

Milli şəxsiyyət üçün aşağıdakı təməl prinsiplər əsasdır:
  1. İnancına bağlılıq;
  2. Nəfsin davamlı islah edilməsi;
  3. Əqli qabiliyyətlərin gücləndirilməsi;
  4. Mübarizlik hissinin ayaqda tutulması;
  5. Millətin, ümmətin və insanlığın əqidəsinə tərs düşməyən həyat tərzinə malik insanları nümunə alması.
1.4. Milli şəxsiyyət üçün inancına bağlılığın təzahürlərindən biri davamlı olaraq ədalət üçün çalışmasıdır. Çünki ədalət bir toplumun vəhdətinin təməl əsasıdır. Bir toplum öz daxilində ədaləti təmin edə bilmədikdə onu xaricdə və ya xaricdən axtaracaqdır. Ona görə milli şəxsiyyətin inancı ona ədalətli olmağı əmr edər.

1.5. Milli şəxsiyyət üçün həyatının bütün anlayışlarını, olar olmazları, yaxşı və pisləri inancı, milli kimliyi müəyyən edər.

1.6. Nəfsin davamlı islah edilməsi milli şəxsiyyətin öz nəfsi üzərində işləməsinə bağlıdır. O, israfı sevməz, sadə, təmiz və səliqəli bir həyat yaşayar. Bunun üçün təklikdə və əqidədaşları ilə birgə proqramlar, fəaliyyətlər həyata keçirər.

1.7. Əqli qabiliyyətlərin inkişafı üçün milli şəxsiyyət təhsil, tədris və təlim imkanlarından maksimum istifadə edən birisidir. Kitabla və elmlə dostluq, aqil insanlarla ünsiyyət onun şəxsiyyətinin xüsusiyyətlərindəndir.

1.8. Mübarizlik hissinin ayaqda tutulması istənilən hal və şəraitdə əqidəsinin, ictimai amallarının və millətin maraqlarının təmin edilməsi yolunda fəaliyyətin davamlılığının təmin edilməsidir.

2. Milli ailə nizamı

2.1. Bizim üçün milli rifahımızın və tarixi davamlılığımızın əsas elementi milli ailə nizamıdır. Milli ailə nizamımız inancımız, tarixi nailiyyətlərimiz, mədəniyyətimiz və əqli potensialımızın nəticəsində formalaşmışdır. Milli ailə nizamımızın dizaynını dəyişmək millətimizə qarşı cinayətdir.

2.2. Milli ailə nizamımızda ailə başçısı məsuliyyəti ataların üzərinə qoyulmuşdur. Bu insanın yaradılış fitrətinə müvafiqdir. Dəyişməz qaydadır. Onun dəyişməsi silahsız və döyüşsüz kosmopolit kimliksizləşdirmə savaşında məğlubiyyət bayrağı qaldırmaqdır. Atanın hansısa səbəbdən mövcud olmaması səbəbi ilə bu işi analar da icra edər ki, bu da tarixi təcrübəmizdə olmuşdur.

2.3. Milli ailə nizamımızda ailə başçısı bir despot deyildir. Ailə üzvləri ilə müşavirə edərək, ədalətli bir idarəçilik həyata keçirən idarəçidir. Milli ailə nizamımızda ana nəsillərin tərbiyyəçisi və ailə ocağının qoruyucusudur. Ona ehtiram etmək hər bir ailə üzvünün fitri borcudur.

2.4. Milli ailə nizamımız məsuliyyət və cavabdehlik prinsipi əsasında qurulmuşdur. Ümmət müəlliminin sözlərinə görə, hərə öz yerində məsuliyyət sahibidir, cavabdehdir. Məsuliyyət və cavabdehlik sağlam nəsillərin davamı üçün lazımdır.

2.5. Milli ailə nizamımız insest münasibətlərini, homoseksualizmi, lesbiyanlığı və digər azmaları qətiyyən qəbul etməməkədir. Milli ailə nizamımız nəslin təmizliyini, ictimai tərbiyyəni və nəsillər arasında sağlam əlaqəni qorumaq üçün milli və dövlət qoruması altında olmalıdır.

2.6. Milli ailə nizamının dəyişdirilməsi və yeni imperializmin tələbləri əsasında təxribata uğradılması qətiyyən qəbuledilməzdir.

2.7. Milli ailə nizamı millət vahidinin ilk məktəbidir. Burada o, inancı, tarixi, mədəniyyəti və milli maraqları ilə tanış olur.
 
 
3. Milli maraqlar

3.1. Bizim üçün milli maraqlar millətimizin sahib olduğu inancın, milli-mənəvi dəyərlərin, ailə düzəninin, sosial rifahının, iqtisadi inkişaf dinamikasının, demoqrafik resurslarının, ərazi bütövlüyümüzün və beynəlxalq münasibətlərdə milli mövcudluq şərtlərimizin qorunmasıdır.

3.2. İnancımızın qorunması min ildən çox ölkə insanımzın dəyəri olan dini dəyərlərinin qorunmasıdır. Bunun üçün müvafiq dəyərlərin qorunması və təbliği istiqamətində milli resursların cəlb edilməsi və düzgün istifadə edilməsi əsas şərtlərdəndir.

3.3. Eyni zamanda ölkəmizdə digər ənənəvi dini icmaların ibadət və dini ayinlərini icra etmək azadlıqlarının qorunması milli maraqlarımız daxilindədir. Hər bir kəsin vicdan azalığının təmin edilməsi və qorunması milli maraqlarımıza uyğundur. Ancaq bizim üçün milli-mənəvi dəyərlərimizi təhlükə altına alan və yeni imperial dairələrin maraqlarını təmin edən deizm və ateizm kimi yad fikir sistemlərinin kütləviləşməsi təhlükəli hesab edilir.

3.4. Milli-mənəvi dəyərlərimizin, xüsusi ilə dilimizin qorunması milli maraqlarımızın prioritetlərindəndir. Tez-tez icra edilən qrammatik dəyişikliklərin dilimizin zaman əlaqəsinə təhlükə olduğunu düşünürük. Ona görə tarixi əlaqə və müasir tələblərin uzlaşdırılması zərurəti bizim üçün milli maraqlar kontekstində önəm daşımaqdadır.
 
3.5. Sosial rifah və iqtisadi inkişafın təmin edilməsi üçün fərdin milli maraqlar daxilində sahibkarlıq fəaliyyətinə, iqtisadi təşəbbüskarlığına dövlət dəstəyinin verilməsi də milli maraqlarımızın tərkib hissəsidir.

3.6. İqtisadi imkanlarımızın gücləndirilməsi milli kimliyimizin qorunması üçün bir vasitədir. Bunun üçün əhalinin iqtisadi tərbiyəsinin düzgün aparılmasının tərəfdarıyıq. Beynəlxalq borclanmanın artırılmasını milli maraqarımıza uyğun hesab etmirik.

3.7. Milli maraqlarımızın önəmli istiqamətlərindən biri də ərazi bütövlüyümüzün təmin edilməsidir ki, bu haqda xüsusi təfislati bölümümüz olacaqdır. Biz ərazi bütövlüyümüzün təmin edilməsinin açarı olaraq milli nizam fikriyyatını mənimsəmiş fədakar insanların çoxalmasını görürük. Onlar öndə gedənlərdir. Bu işdə avanqard rolunu oynayacaqdır və mal və canları ilə mübarizə aparacaqdır.

3.8. Güc strukturlarımızın idarəedicilərinin xüsusi ilə bu şüura sahiblənməsi lazımdır.

3.9. Beynəlxalq münasibətlərdə milli mövcudluq şərtlərimizin təmin edilməsi çevik diplomatiyanın zərurətini ortaya qoymaqdadır. Çevik diplolatiyanın məqsədi isə uzunmüddətli hədəflərin təmin edilməsində baryerlərin düzgün keçilməsi, türk dünyası və islam ümməti ilə birliyin təmin edilməsi, Türkiyə, Pakistan kimi dost dövlətlərlə birgə fəaliyyətin təmin edilməsidir.
 
  
4. MİLLİ MƏSƏLƏMİZ – İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİN AZAD EDİLMƏSİ
 
4.1. İŞĞAL EDİLMİŞ ƏRAZİLƏRİN AZAD EDİLMƏSİ MİLLƏTİN VƏ DÖVLƏTİN BİRGƏ SƏYİ İLƏ SİYASİ MƏQAMI DÜZGÜN SEÇMƏKLƏ HƏLLİNİ GÖZLƏYƏN ƏN ÖNƏMLİ MƏSƏLƏMİZDİR.

4.2. MİLLİ DÖVLƏTİN VƏZİFƏSİ BU İŞDƏ SƏYLƏRİN MAKSİMUMUNU REALLAŞDIRMAQDIR. 
 
 
5. MİLLİ DÖVLƏT
 
Milli şəxiyyəti, milli ailəni və milli maraqları qoruyan dövlət MİLLİ DÖVLƏTdir.

5.1. Milli dövlət milli şəxsiyyətlərin inkişafı üçün siyasi, iqtisadi, fəlsəfi, mədəni, elmi əsasları formalaşdırır. Milli şəxsiyyətlərin milli-mənəvi dəyərləri qoruması, intellektual səviyyəsini dərinləşdirməsi, güclənməsi üçün bütün imkan və vasitələrdən istifadə edir, beynəlxalq miqyasda fəaliyyətini daxili milli gücü ilə əlaqələndirir;

5.2. Milli dövlət, milli ailə nizamını ortadan qaldıracaq bütün daxili və xarici təhlükələrə qarşı millətinin yanındadır. Milli dövlət xaricdən milli-mənəvi dəyərlərə zidd mahiyyətə malik olan ailə nizamının idxal edilməsinin dövlətə qarşı olduğu qənaətindədir.

5.3. İnancımızın qorunması, dilimizin qorunması, sosial rifah və iqtisadi inkişafın təmin edilməsi, ərazi bütövlüyümüzün bərpası milli dövlətin vəzifəsidir. 
 
1928

DİGƏR XƏBƏRLƏR