BEYİN MƏRKƏZİNİN QURULMASI (MARKALAŞMANIN DAVAMI)


Dostlar markalaşma mövzusuna giriş qismində olan yazımızın davamı olaraq sistemli, disiplinli işləmə mexanizması üzərində nələr etmək olar və ya nələr etməyimiz zəruridir mövzusu ətrafında bir qədər fikir mübadiləsi aparaq. Xatırlayırsınızsa dünya mexanizmasının aparıcı gücünə çevrilən ən böyük layihə, start upları bizimdir deyə isimləndirə bilmirik, demişdik. Haqlı olaraq bəzi yoldaşlar irad bildirdi ki, markanın, trendin dini milli kimliyi olmaz! Bu da başqa bir mövzudur, əsərlər, memari inşaatlar nə qədər müəllifin iç dünyasını ifadə edirsə, eləcə də bizə görə hər kəşf sahibinin kimliyinə bürünür. Təssüflə deyə bilərik ki aparıcı provayderlər, axtarış kanalları, dünyanı birləşdirən platformalara qarşı örnəyimiz, alternativimiz olmadığına görə bizim də milli, dini vəya dünyəvi zəmində bizə aid olduğunu iddia edə bilmirik. Mövzudan çox uzaqlaşmadan nəyi necə edə bilərik məsələsinə gələk!
1.Dünyada ən ciddi kəşflər, uğurlar bir fikir təməlində bunu həyata keçirən heyətin fəaliyyəti ilə ərsəyə gəlir. Oxu, öyrən, düşün, dərk et deyə ən çox ilahi əmrin müraciət etdiyi bizlər bu əmrlərdən yola çıxaraq, mərkəzləşdirilmiş düşüncə mərkəzi, istehsal gücünə sahib platformaların qurulmasını təmin edə bilərik. Texnologiyanın inkişaf etdiyi günümüzdə sosyal platformaları ancaq tanışlıq, haqlı haqsız çıxarma, bildiyini yeritmə funksiyasından çıxara bilsək, eyni sahədə mütəxəssislərin bir platformada cəmlənməsi, yaxud müxtəlif ixtisasda yoldaşların tək amal üçün cəmlənməsi üçün istifadə edə bilərik. Bu mövcud ehtiyac, zərurətlərə görə şəkillənə bilər. Dünya praktikasında müxtəlif elm insanlarının müştərək fəaliyəti ilə ərsəyə gələn konferanslar, kompüter proqramları, layihələr həqiqətən müxtəlif imkân və göstəriciləri təkmilləşdirərək ciddi mərhələyə gələ biləcəyini ifadə edir. Bizim də bu kimi müştərək çalışma örnəklərimiz var, tamamilə hər şeydən uzaq qalmamışıq amma bir–birimizə yaxınlaşmağa imkan verməyən qürur, fərdi çalışmalarımızı tanımadan heçə sayan biganəliyi bir kənara qoyaraq hər zaman axtarış və təşəbbüslərimizlə bu mərhələni sürətləndirə bilərik. Diqqət edirsinizsə bir çox idman sahəsində fərdi keyfiyyətlərimiz yüksəkdir, elmi kəşflərdə fərdi isimlərimiz daha çox xatırlanır, birlik göstərən, komanda ruhuyla hərəkət edən mexanizmalarda tam istədiyimiz nəticəyə gələ bilmirik! Əslində fövqaladə imkanlardan bəhs etmirəm, ən sadə platformalarda bir neçə mütəxəssisi toplayıb fikir alış verişinə, müzakirəyə cəmləyərək beyin mərkəzi qurulmasını təmin etməkdən söhbət gedir. Söz, qısa müddətli qazanc xətrinə deyil həqiqi beyin mərkəzini quraraq ancaq beyin məhsulu ərsəyə gətirə biləcək insanlarımızın, mütəxəssislərimizin tamamilə dünyəvi ehtiyaclarını qarşılayaraq imkanlarını ciddi istehsal gücünə ayırmalarını təmin edə bilmək!Təbii ki bu mütəxəssilərimizin də ilk fürsətdə ölkəni qoyub xaricdəki iş imkanları, gözəl təkliflər qarşısında onlar üçün təmin edilən hiss həyacanı heçə saymaması da şərtdir!
2.Bir çox ayələrdə Allah Təala zəlalət əhli olaraq adlandırdığı müxtəlif qrupların müsəlmanlara qarşı bir məqsəd, amal uğrunda toplanmasını, bir bayraq altında birləşməsini dilə gətirir. Bu əslində əsərlər boyu bizə verilən ilahi xatırlatmadır. Gücün birlik`dən doğması, biz`in birlikdə güclənməsi deviz olaraq günümüzdə çox istifadə olunur, eyni zamanda devr alınan bayrağın daha uzağa götürülə bilməsi üçün təcrübə üzərinə inşaatın davam etməsi şərtdir. Yeniliklər gətirmək, yeniliklə gəlmək heç də her şeyi tamamən kökündən dəyişmək, sıfırlamaq deyil, əldə olunan nəticəni, imkanları daha da təkmilləşdirməkdir. Bu gənc və yaşlı nəsil arasında körpü rolunu oynamaq və sağlam cəmiyyətlərdəki orta təbəqə misalı təcrübələrin də orta təbəqəsi ola bilməklə, görmək götürmək və tətbiq etməklə gəlinən mərhələlərdən ibarətdir.
Xülasə Allah hər quluna bir qabiliyyət, məsuliyyət və idrak nəsib edib. Ən çətin kimyəvi təhlilləri dərk edib aylıq minimal əmək haqqı ilə kifayətlənən, vurma cədvəlini bilmədən riski gözə ala bilmə gücü ilə böyük şirkətlərin idarə etmə qabiliyyətinə sahib olanlara qədər ətrafımızda kifayət qədər müxtəlif bacarıqlara sahib mütəxəssislərimiz var. Elm insanları öz aləmlərində, dünyalarında yaşayarlar, onların dünyasına elçi olaraq gedəcək bir nəsil olmalıdır ki, həmin elçilər texnika ilə praktikanı, nəzəriyə ilə reallıqları birləşdirə bilsin. Bunun üçün iş bölgüsü aparılaraq hər kəsin qabiliyyətinə görə əsrlik layihələrdə yer almasını təmin etmək lazımdır. Yoxlamaqdan, tanımaqdan, oxumaqdan qorxmayaq, şübhəsiz hər bulantı nəticədə bir duralma mərhələsinə keçir! Ardı var…

Sənan Əzimov 
İstanbul  Universiteti Doktorant
2227

DİGƏR XƏBƏRLƏR