Fəxrəddin Altun “Washington Times”a yazdı: Türkiyənin strategiyası COVİD-19 epidemiyasının gedişatını dəyişdirdi

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Washington Times” qəzetində dərc olunan məqaləsində dünyanın koronavirusa ən çox qurban verən ölkəsi olan ABŞ-a Türkiyənin müvəffəqiyyətinin sirlərini izah edib.

Avropa.info F.Altunun həmin məqaləsini təqdim edir:

“Türkiyə dövləti bütün vətəndaşlarına pulsuz olaraq tibbi xidmət göstərir. Səhiyyə infrastrukturumuza vaxtında qoyulan investisiyaların qarşılığını son proseslərdə gördük.

Atdığımız addımlarla gedişatı tərsinə dəyişə bildik. Yeni yoluxmaların artım tempi ilk yoluxma faktının aşkarlandığı mart ayının əvvəlindən bu yana ən aşağı səviyyəyə enib. Hər gün xəstəxanalardan müalicə olunub sağalaraq evə buraxılan vətəndaşlarımızın sayı yeni yoluxmaların sayını üstələyir.

Buna baxmayaraq, bəziləri “böhranı idarə edə bilmədiyini” deyərək prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edirlər. Beləliklə, konkret məlumatları birlikdə nəzərdən keçirək:

Səhiyyə sahəsində həyata keçirdiyimiz islahatlar və investisiyalar nəticəsində daha çox insanın tibbi xidmətlərdən yararlanmasına imkan yaratdıq. Səhiyyə ordularına sərmayə qoyaraq yeni xəstəxanalar açan Türkiyə hətta koronavirus pandemiyası yaranmamışdan əvvəl, əhali sıxlığının ən yüksək olduğu bölgələrdə 10 yeni xəstəxananın tikilməsini nəzərdə tutmuşdu. Nəticədə səhiyyə sistemimiz digər ölkələrdə olduğu kimi böyük təzyiqlərlə üzləşmədi.

Həmçinin aparılan test sayına görə Türkiyə dünyada ilk 5-liyə girib. Aparılan test sayı ile yoluxma sayının düz mütənasiblik təşkil etdiyini dərk etməklə, çox sayda test apardığımız üçün infeksiyaya yoluxma sayının qısa müddətliyə yüksək ola biləcəyini qəbul etdik. Ancaq çox sayda test aparmadan yayılmanı nəzarət altına almağın başqa məntiqli yolu yox idi.

Epidemiyanın biznesə və ev təsərrüfatına təsirini azaltmaq üçün hökumətimiz borc ödənişlərini təxirə salaraq bəzi vergiləri endirdi. Həmçinin bütün şirkətlərə ödənişi daha sonra edə biləcəkləri 36 aya qədər faizsiz kreditlər verdik. Bundan əlavə, ailələrə birbaşa pul yardımı etdik. Biznesle bağlı 100 milyard lirəlik dəstək paketi hazırlayan hökumətimiz Türkiyə Varlıq Fondunun çətin vəziyyətdə qalan özel şirkətləri satın almasını asanlaşdıran bir plan üzərində işləyir. Əlbəttə, bizi tənqid edənlər bu həqiqətləri görmək istəmirlər.

Eyni şəkildə bizi tənqid edənlər millətimizə səhiyyə xidmətlərini pulsuz göstərdiyimizi görməməzlikdən gəlirlər. Ancaq bir çox mütəxəssisin fikrincə, virusa qarşı mübarizəni effektiv şəkildə davam etdirmək üçün bunu etmək lazımdır. Pulsuz və universal bir səhiyyə sistemi olmayan ölkələr ciddi çatışmazlıqlar ilə üzləşirlər.

2003-cü ildən bəri səhiyyə sahəsində islahatlara imza ataraq, bölgəmizdə pulsuz tibbi xidmət göstərən azsaylı dövlətlərdən biri olduq. New England Journal of Medicine jurnalında qeyd edildiyi kimi, Türkiyə səhiyyə sahəsində böyük bərabərsizlikləri aradan qaldıraraq, bütün vətəndaşlarını maliyyə risklərindən qorumaq üçün iddialı bir səhiyyə islahatı həyata keçirdi. On il ərzində səhiyyə xidmətləri universal hala gəldi və əhəmiyyətli dərəcədə irəliləyiş əldə edildi.

Eyni zamanda sosial məsafə qaydalarına da ciddi yanaşırıq. Bütün beynəlxalq uçuşları ləğv etdik, daxili uçuşları məhdudlaşdırdıq. Məktəbləri, restoranları və kafeləri bağladıq, kütləvi ibadətləri dayandırdıq. Həmçinin böyük şəhərlərimizdə həftə sonları küçəyə çıxma qagağası tətbiq etməklə epidemiyanı nəzarətdə saxlayırıq.

Türkiyə virusdan zərər görən ölkələrə səyahəti məhdudlaşdıran və nəhayət tamamilə dayandıran ilk ölkələrdən biri oldu. Uçuşlar ləğv edilməzdən əvvəl sərnişinləri dərhal tibbi yoxlamadan keçirərək, xəstəlik simptomu olanları hava limanlarında müəyyənləşdirməyə çalışdıq.

Ölkəmiz insanları xəstəlikdən qorumağa çalışarkən hansı ölkədən gəldiklərinə görə heç bir fərq qoymadı. Yunanıstanla quru sərhəddimizdə gözləyən bir çox suriyalı qaçqını geri gətirərək virusun yayılmasının qarşısını aldıq. Qaçqın düşərgələrində və Suriyanın şimalında evlərindən didərgin salınmış inanlarla bağlı lazımi tədbirləri gördük.

Məhdud resurslarla koronavirus epidemiyası ilə mübarizə apararkən, mübarizənin kollektiv olduğunu və bu müddətdə heç bir ölkənin tək qalmamalı olduğunu bildirdik. Bu baxımdan Türkiyə İtaliya, İspaniya, İran, Kosovo, Bosniya və Herseqovina, Serbiya, Monteneqro və Şimali Makedoniya da daxil olmaqla bir çox ölkəyə kömək etdi.

Eyni zamanda yüksək risk qrupunda olan böyüklərimizə xüsusi diqqət yetirdik. 65 yaşdan yuxarı vətəndaşlarımızın sərbəst hərəkət etməsini öz təhlükəsizlikləri baxımından məhdudlaşdırmaqla; yerli hakimiyyət orqanlarının onların ehtiyaclarını ödəməsini təmin etdik. Bu müddət ərzində nə böyüklərimizi, nə də gənclərimizi unutmadıq.

Hətta daha da irəli gedərək epidemiya zamanı sahibsiz heyvanların ehtiyaclarını qarşıladıq. Atdığımız bütün addımlar hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq və epidemiya ilə mübarizədə qəbul etdiyimiz insan yönümlü və humanitar yanaşma çərçivəsində atıldı.

Türkiyənin COVİD-19 epidemiyasına qarşı mübarizəsinin və bu prosesi necə düzgün şəkildə idarə edə bilməsinin araşdırılması çox vacibdir. Avropa və Asiya qitələri arasında keçid nöqtəsi olan Türkiyə virusun ciddi narahatlıq doğurduğu İran ilə qonşudur. Bundan əlavə, İstanbul hava limanı dünyanın ən sıx trafiki olan hava limanlarından biridir.

Bütün dövlətlər bu gün və qarşıdakı illər ərzində böhranın idarə olunması ilə bağlı suallara açıq olmalıdırlar. Bu müddətdə nəyin səhv olduğunu və gələcəkdə bənzər epidemiyaların qarşısının necə alına biləcəyini düşünməyə başlamaq məcburiyyətindəyik”.

418

DİGƏR XƏBƏRLƏR