AĞ Partiya Zəngəzur Komissiyasının Bəyanatı

AĞ Partiya Zəngəzur Komissiyasının Bəyanatı:

 
"Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi, Milli Məclisin deputatı Ramin Məmmədov martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşdükdən sonra Qarabağdakı erməni separatçılarının xeyli aktivləşdiyi müşahidə edilməkdədir.

Heç şübhəsiz ki, bu aktivləşmə yalnız separatçı qüvvələrin beyin məhsulu deyildir. Separatçılar sadəcə bu proseslərdə maşa rolu oynamaqdadır. Görünən odur ki, Cənubi Qafqaz, Qarabağ üzərindən ciddi rəqabətin getməsinin əsas səbəbi Zəngəzur dəhlizinə nəzarət və hamilik etmək üçündür. Ki, bu dəhlizə hamilik edəcək qüvvə Mərkəzi Asiya başda olmaqla bütün Asiyanın geosiyasi xəritəsinə nəzarət etməyi hədəfləməkdədir.

Belə olan halda heç şübhəsiz beynəlxalq güclər Azərbaycan Respublikasının maraqlarının əksinə addımlar atırlar. Yuxarıda da qeyd etdiyimiz kimi Zəngəzur dəhlizi üzərində böyük bir geosiyasi mübarizə gedir. Çünki bu, coğrafiyanın gələcəyini də müəyyənləşdirəcək son dərəcə önəmli bir dəhlizdir. Azərbaycan tərəfi hazırkı yaranmış situasiyadan istifadə edərək Xocalı, Xocavənd, Xankəndi məsələsini də birdəfəlik həll etməlidir.

Azərbaycan əldə etdiyi hərbi və diplomatik uğurları möhkəmləndirmək üçün bu addımları atmağa məcburdur. Bu eyni zamanda Azərbaycan xalqının sosial sifarişidir. AĞ Partiya Zəngəzur Komissiyası olaraq biz də Azərbaycan iqtidarını bu məsələdə təxirəsalınmaz tədbirlər həyata keçirməyə səsləyirik. Xarici məsələlərdə Azərbaycanın maraqlarının qorunması mövzusunda hər zaman Azərbaycanın dövlətinin yanında olduğumuzu bildiririk! 
 
Hörmətlə AĞ Partiya Zəngəzur Komissiyası sədri Rüfət Rzayev
886

DİGƏR XƏBƏRLƏR