Ərdoğan Əsədlə barışsa... – Suriyanın atacağı ilk addım nə olacaq?

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara baxmayaraq, suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etməyib”.

Bu barədə “CNN Türk xəbər verib.

Noyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatının başladığını elan edib. AKP hökuməti dairələrinə yaxın olan “Hürriyet” qəzeti isə yazıb ki, Türkiyə ordusu dekabrın sonunda Suriyada genişmiqyaslı quru əməliyyatı da planlaşdırır.

Rəsmi Ankara noyabrın 13-də İstanbulun mərkəzində baş verən terror aktında Suriyadakı PKK-nın əli olduğuna əmindir. Prezident Ərdoğanın sözlərinə görə, əməliyyat PKK birləşmələrinin ölkə sərhədindən çıxarılması ilə bağlı vədləri yerinə yetirmək üçün 2019-cu il Soçi razılaşmasına uyğun olaraq və Rusiyanın imtinası nəticəsində başlayıb.

Qeyd edək ki, iki ölkə rəhbərlərinin mümkün görüşü ilə bağlı suala Bəşər Əsəd də müsbət reaksiya verib. Barışıq isə AKP hökumətinə həm də Türkiyədəki 3 milyonluq suriyalı qaçqının geri dönməsi üçün lazımdır. Çünki belə bir köçkün ordusu qardaş ölkə büdcəsi üçün ciddi yük olmaqla bərabər, daxildə əlavə psixoloji gərginlik yaradır, 2023-cü il (iyun) prezident və parlament seçkiləri ərəfəsi hakim partiya və onun namizədin təbliğat işinə zərər vurur, əlini zəiflədir. 

Ümumiyyətlə, siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur. Bu və digər səbəbdən Ərdoğan-Əsəd görüşünün seçkilərədək reallaşacağı istisna edilmir.

İkitərəfli münasibətlərə dəxli olan bir maraqlı məqam da var. Məsələ ondadır ki, Ankara-Dəməşq münasibətlərinin ən kritik vaxtında Suriya parlamenti (fevral, 2020) Türkiyənin acığına saxta “erməni soyqırımı”nı tanıyan qərar çıxarıb. Yarım-xristian Livan nəzərə alınmazsa, bu ilk müsəlman ölkəsidir ki, belə bir anti-Türkiyə mövqeyi sərgiləyib. Bəs Ədoğan Əsədlə barışsa, Suriya bu qərarı geri oxuyacaqmı?

AĞ Partiya başqanının müavini Cavid Hacıbəyli “Yeni Müsavat”a bildirdi ki, bu görüş Əsəd üçün daha vacib və həyati önəm kəsb edir: “Türkiyə hər zaman müsəlman ölkələrinin birliyi, birgə addımlaması üçün çalışır. Ərdoğan bunu bütün çıxışlarında açıq bildirib. Təəssüf ki, Bəşər Əsədin səhvləri, öz xalqına qarşı apardığı qəddar siyasət rəsmi Ankaranın ciddi təpkilərinə səbəb oldu, münasibətlərin pozulmasına gətirib çıxardı, nəticədə  Əsədin səhvləri ucbatından qırılan siyasi münasibətlərdən daha çox Suriya itirdi. Ümumiyyətlə, Suriyanın bütövlüyünü qoruya biləcək yeganə qüvvə Türkiyədir. Türkiyənin dünyada və regionda güclənməsi, şərtlərin Türkiyədən yana olması bəzi dövlətləri məcbur edir ki, Türkiyə ilə münasibərləri normallaşdırsın. Suriyada müharibə başlayanda məhz Türkiyə 3 milyon qaçqını ölümdən xilas etmiş, daxildəki müxalifətin iqtidarı sərt tənqidlərinə rəğmən qaçqınlara sığınacaq vermiş və beləliklə ən çox qaçqın qəbul edək ölkə olmuşdur. Çünki Türkiyə suriyalı qaçqınları ölümə tərk edə bilməzdi. Necə ki, Osmanlı dövləti çətin vəziyyətdə olmasına rəğmən, 1918-ci ildə azərbaycanlıları bolşevik-daşnak qırğınlarından xilas etmişdi.

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının toplantısında etdiyi çıxış zamanı bildirdi ki, Bəşər Əsədlə görüşmə ortamı açılmalı, terror təşkilatlarına qarşı ortaq bir iradə formalaşdırılmalıdır. Suriya və Türkiyənin Milli Təhlükəsizlik Nazirliyi başqanlarının görüşünə dair hələ 2018-ci ildə iddialar yayılmışdı. Lakin 13 yanvar 2020-ci ildə onların Moskvada görüşməsi reallaşdı. Bu ilk diplomatik təmas hesab edilir.  Türkiyə-Suriya arasında rəsmi təmaslar hələ 2 il öncə başlamışdı.

Yaxın günlərdə jurnalistlərin Ərdoğana Əsədlə görüş barədə verdiyi sualda Cümhurbaşqanın “hazırda belə bir məsələ gündəmdə yoxdur, lakin ola bilər, siyasətdə küskünlük olmaz, gec-tez ən uyğun şərtlərdə bu görüş gerçəkləşə bilər, zatən alt səviyyədə bu görüşlər gerçəkləşir” deməsi Ərdoğanın bu məsələyə isti baxdığını göstərir.

Hər bir halda Suriya ilə normallaşma addımları atılmalıdır. Suriya ərazisində müxtəlif terror təşkilatları, o cümlədən Amerikanın dəstəklədiyi PKK/YPG terror təşkilatı var ki, onların da məqsədi Suriyanı parçalamaq, gələcəkdə orada kula dövləti qurmaq və Türkiyəyə böyük təhdid hazırlamaqdır. Ona görə də Türkiyə-Suriya münasibətlərinin əvvəlki vəziyyətə gətirilməsi çox önəmli, strateji məsələdir. Eləcə də, Suriya parlamentinin saxta erməni soyqırımını tanıması haqqında qərarı da tamamilə yanlış addım idi. Tarixən Osmanlı dövlətinin tərkibində olan indiki Suriya dövlətinin bu addımı öz dəyərlərinə, tarixinə və maraqlarına xəyanət olub. Lakin nəzərə alsaq ki, Suriya parlamentini Suriya xalqı seçməyib və orada saxta soyqırıma səs verənlər də suriyalıları təmsil etmir, bu yalnız  gerçəkliklə heç bir əlaqəsi olmayan siyasi bir qərar olub. İnanıram ki, gec-tez Suriya parlamenti qəbul etdiyi bu qərarın yanlış olduğunu görəcək, Türkiyə ilə təhdidlə danışmağın mənasız olduğunu anlayacaq, ikili münasibətlərin müsbətə doğru dəyişməsi üçün rasional addımlar atacaq. Çünki bunun alternativi Suriyanın tamamilə parçalanması deməkdir. Nəzərə alınır ki, sahədə Amerika da var.

Rusiyanın Ukraynada İranın öz içində yaşadığı sıxıntılar üzündən əllərinin zəiflədiyi və Əsədə verdiyi dəstəklərinin azaldığı bir dönəmdə Türkiyənin Əsədə yaxınlaşıb Suriyanın bütövlüyünün təmin edilməsinə dəstək verməsi üçün zəmin yaratmağa çalışdığı görünür. Türkiyənin bu ciddi addımlarının və yardımlarının qarşısında Suriyanın saxta erməni soyqırımını tanıması haqqında qərarı ləğv edərək öz dostluq əlini uzatması mütləq baş verməlidir. Suriya nəzərə almalıdır ki, saxta erməni soyıqırmını tanıması Türkiyə ilə yanaşı, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq nümunəsindən bütün türk və müsəlman ölkələr nümunə götürməlidir. Türk-müsəlman ölkərinin birliyi üçün həmin dövlətlər əlaqələrini daha da möhkəmləndirməlidir ki, imperial güclərin hər sahədəki hücumları qarşısında duruş gətirsinlər”.

Musavat.com
1991

DİGƏR XƏBƏRLƏR