Səbr yoxsa qorxu?



Hər gün sosial şəbəkələrdə əhalinin istər siyasi, istərsə də ictimai problemlərlə əlaqədar çıxışlarını və etirazlarını görürük. Eyni zamanda həmin çıxış və etirazlara dövlətin yüksək məmur təbəqəsinin verdiyi əhalini alçaldan, təhqiredici açıqlamalrının da şahidi oluruq. 
 
Görəsən bəzi məmurların Azərbaycan əhalisinə qarşı olan bu nifrəti, acığı nəyə görədir? Az da olsa xalqdan çəkinməmələrinin arxasında kim və yaxud kimlər durur? 
 
İllərdir xalqın haqqlı istək və tələbləri məmurlar tərəfindən lağa qoyulur, tələbkarlar təhqir edilir. Cəmiyyətdə isə az insan bu təhqirlərə qarşı çıxır və cavablarını verməyə çalışır. Digərləri isə sadəcə seyir edir. Tarix boyu heç kəsə boyun əyməyən, daim öz qanı bahasına belə olsa haqqını tələb edən Azərbaycan xalqı (hər kəsə şamil olunmur) indi bu qədərmi öz qanuni haqqını tələb etməyəcək qədər çəkingən, təhqirlərə dözəcək qədər qorxaq oldu?!
 
“Azərbaycan xalqı, dözümlü, səbrli xalqdır” – ifadəsi bu gün məmurların əsas şüarına çevrilib. Sanki bu ifadəni işlətməklə xalqın başının altına yastıq qoyurlar. Mən isə dözümlü, səbrli xalq olmaq istəmirəm. Haqqım olan hər bir şeyə nail olana qədər mübarizəmi davam etdirəcəyimə əminəm. 
Bu arada bu gün Azərbaycanda real olan hadisələri əks etdirən bir “lətifə”ni sizlərlə bölüşmək istərdim.
 
“Bir zavoda yeni müdir təyin edilir. Təyin edildikdən bir müddət sonra işçilərin əleyhinə olan yeni qərarlar verməyə başlayır. Zamanla işçilərin əmək haqqları azaldılır, iş saatları çoxaldılır, istirahət günləri ləğv edilir. Etiraz edənləri işdən qovaraq digərlərinə gözdağı verirlər. İşçilərin etiraz etmədiklərini görən müdir bir az da ürəklənərək daha sərt qayda və qanunlar tədbiq etməyə başlayır. İşçilər səhər iş yerinə daxil olan zaman müxtəlif üsullarla təhqir edilir, sonra işə başlayırdılar. Üstündən bir müddət keçəndən sonra işçilər arasında narazıçılıqlar başlayır və etiraz etməyə başlayırlar. Müdir bir qrup işçini qəbul edərək narazılıqlarının nə olduğu ilə maraqlanır. Etirazçılar: “Bizim bir istəyimiz var. O da ki, səhər işə gələn zaman qapıda bizi təhqir edən məmurların azlığıdır. Onların sayını artırın ki, səhər biz işə vaxtında başlaya bilək” – deyərək cavab verirlər.”
 
İndi siz qərar verin biz qorxub səsimizi çıxarmırıq, yoxsa səbr edib sonun gələcəyi günü gözləyirik?

© Ağ Partiyanın Quba təşkilatı üzrə nümayəndəsi Dadaşov Fərid Vəliyullah oglu
 
379

DİGƏR XƏBƏRLƏR