Ölkəmizdə tənha və çarəsiz qaldıq...



Bu gecə yenə yatmadım...
Yenə həmişəki kimi səssiz-səmirsiz xəyala dalmışdım. Dolmuşdum, ürəyimdə deyiləsi sözlərlə səninlə söhbətə tələsirdim... 
 
  Üsyan dolu yalvarışlı baxışlarımla sanki Allahdan imdad diləyirdim. Bütün yığılıb qalan dərdimi, bitmək-tükənmək bilməyən suallarımı ona danışırdım. Onu bağrıma basıb öpərək, qucaqlayıb yalvarırdım... Niyə yaşayarkən yerdə sürünürük?!
   Bircə kəlmə danışasan deyə yalvarırdım. Nə qədər çox susurdunsa bir o qədər də ürəyimi parçalayırdın. Sənin səssizliyindəki çarəsizliyə dözmək cəhənnəm əzabında qır qazanda yanmaqdan daha betəriydi. Nəhayət sənin səssizliyinə dözməyib fırtına kimi kükrəyib hər iki çiyinlərindən tutub silkələyərək üstünə bağırdım. "Susma", "danış" deyib çox silkələyirdim. Mənim bu qəzəbli halım səni yaman qorxuzdu. 
 
    Qorxdun və danışdın...
 
"Ey bəndəm danışmağa qorxuram" dedin! Və mənə sarılıb ağladın... kaş ki, danışmayaydın, elə susaydın... Bu üç kəlmədən ibarət cümlən məni pərişan etdi, qəlbimi inildətdi, viran qoydu. O an sanki yer öz oxu ətrafından çıxıb ayağımın altından qaçdı. Hər ikimiz bir-birimizə sarılı vəziyyətdə havada qaldıq. Nə enməsini bildik nə də uçmasını. 
 
   Bu cür çarəsiz durum azmış kimi, bir yandan da göylər üstümə gəldi. Elə bir tufan-qasırğa qopdu ki, ayaqlarımızı yerdən üzdüyümüz kimi, əllərimizi də göydən üzdük. İkimizdə çox çarəsiz və ümidsiz idik. Bir anlıq bütün dünya qaralıb zülmətə döndü.
 
   Xəyalımdan ayılanda gördüm ki, sən artıq yoxsan və bütün gördüklərim yuxu imiş. Ancaq bunun röya olduğuna heç cür inana bilmirdim. Çünki əllərinin izi hələ də qollarımdan çəkilməmişdi. Sanki yanımdan ayrıldığından saniyələr keçib. 
   Mən bilirəm ki, bu gecə Tanrı beynimdəki içərisindən çıxılmaz hala gəldiyim bütün məsələləri, məni narahat edən sualların bir çözüm yolunu tapacaq. Kaş ki, görsəydin mən bu gün necə xoşbəxtəm. Kaş ki, bilsəydin neçə illik o rahatlığ həsrət qaldığım təmiz, pak havanı necə acgözlüklə ciyərlərimə çəkdim. 
 
   Adına röya dediyim bu görüş bir yandan məni xoşbəxt etdisə, bir yandan da çox üzdü. Qəzəbimdən qorxaraq danışmağın, qorxaraq danışa bilməməyin də, dediyin cümləni də xatırlayanda ürəyim oyuq-oyuq olur. Bu qədər zaman mən qorxudan susduğum, qəzəbdən ehtiyat etdiyim və bu qədər qorxunu kiçicik ürəyimə sığışdıra bildiyim məsələləri axır ki, sənə danışa bildim. Bu neçə ildə o vahiməni içimdə necə yaşadıb böyütmüşəm?
 
   İllərdir ki, biz xanımların hüquqları məhv halına salınır. Çox çirkin şəkildə şiddətə məruz qalırıq. Allahdan başqa səsimizi aidiyyəti yerələrə, şəxslərə eşitdirmək istəsək sanki qorxulu filimlərin içində rol almış oluruq. Qaniçən vampirlər gözləri dönmüş şəkildə üstümüzə hücuma keçirlər. Canımızı ağrıdaraq, hərəkətsiz hala gətirirlər. İçərisinə düşdüyümüz vahiməli filmin baş qəhrəmanları olan məmurlar heç yaşlı qadınlarımıza belə acımırlar. Nəki xanımlara hətta dərdini deməyə çalışan atalarımıza, qardaşlarımıza, qazilərimizə, ən dəhşətlisi şəhid ailələrinə, şəhid analarına qarşı da çox ürək dağlayan bir formada davranırlar. 
 
   Xanım deyirsiniz, xanım!
 
Hansı ki, siz məmurları dünyaya gətirən xanım, ana, müqəddəs varlıq... Onlara necə əliniz qalxa bilər? O havaya qalxan əlinizi Allah tutacaq bir gün. Heçmi qorxunuz yoxdu? Bu nə sual idi verdim... "Onlar" və "qorxmaq", çox məntiqsiz oldu. Onlar bizim kimi tək deyillər ki, qorxsunlar. Onların arxasında daha nəhəng qantükədənlər oturublar. Hansı ki, başçımızın gözünə pərdə çəkərək onu görməz hala gətiriblər. 
   Xanım gördükdə axan sular belə durduğu halda sizlər zorbalığınızdan çəkinmirsiniz. 
    Axı onun da içində özü ilə bərabər böyütməli olduğu gələcək arzuları vardır. İçi düşünməkdən dünya boyda olmuş xanımlarımız indi sual verə bilər ki, "Hansı arzudan danışırsan? Sizi elə gözəl anlayıram ki, arzu etməyə belə qorxar hala gəldik. Heç bircə dəfə də olsun arzuladığın kimi doğum gününü təmtəraqlı qeyd etdinmi? Doyunca gəzib dincələ bildinmi? Hər mövsüm meyvəsindən doyunca dada bildinmi? Ən son nə zaman istədiyin libası alıb əyninə geyinə bildin? Cavabını hələki özüm verim ki, olacaqdır. Biz qorxduğumuz üçün hər zaman içimizdən səssiz formada arzu etdik ki, doğum günlərimiz restoranda musiqili, əyləncəli olsun. Əllərimizi bağlayaraq bizə güc tətbiq edənlərin arzumuzu arzu olaraq qalmasında çox böyük zəhmətləri oldu. Hansı ki, onlar bizim üçün o yerlərdə əyləşiblər. Onlar bizim üçün çalışırlar. Lakin bizim olanı, bizə çatanı belə əlimizə gəlmədən mənimsəyib özlərinə saxlayıblar. Biz yetər ki, qarnımız tox olsun, övladımız ac qalmasın deyə haqqımızı istədiyimizdə müxtəlif səbəblər gətirilərək zorbalıqla susduruluruq.
 
    Yenə özüm-özümə təsəlli cavabı verim... 
 
Bizim şəhidlərimiz var, bala dərdi ilə alışıb yanan valideynlər var, faciəmiz varkən hər nəyisə arzu etməyimiz şəhidlərimizin ruhuna qarşı ən böyük hörmətsizlikdi və günah etmiş olarıq. Axı onların da arzuları vardı. Onlar indi biz var olaq deyə arzularından vaz keçib torpaq altında yatırlar. Onlara qurban olum. Özümü inandırıb susmaq istəyirəm. Əks halda düşündükcə beynimdə cərəyanlar əmələ gəlir. Boguluram... İçimdəki fırtınalı dəryada boğuluram! Birdəfəlik batmaqdan, əbədi qərq olmaqdan qorxuram! Əsirəm... Ayaqlarım bir daha vücudumu saxlaya bilməyəcək kimi əsirəm! Susuram...Səsim içimdə gizlinə çəkilib! Ancaq dəyərli xanımlarımız heç bir zaman üzülməyək ki, dünyaya gəlişimiz belə bir məmurların yaşadığı ölkəyə təsadüf edib. Əksinə bu Vətəndə doğulduğumuz üçün fəxr edib qürur duymalıyıq. Çünki bizimlə bərabər dünyaya göz açmış bütün xanımlar Tanrıdan bu Vətənə paydılar. Bir şeyi unutmayaq ki, harada doğulub yaşasaq belə özünü dərk edər-etməz Vətəninə dönməlisən. Bir gün səsimizə səs verə biləcək biriləri olacaq deyə inamımızı gücləndirək. Mən biz xanımlara çox inanıram və güvənirəm. Nə yazıq ki, bizi üz tutduğumuz qurumlar anlamadı, hər zaman incidərək etimadımızı doğrulda bilmədilər. Bəlkə də bizdə günahkarıq . Günahımız isə bu boyda ölkədə təkliyimiz, çarəsizliyimiz oldu. Bilirəm ki, etimadımızı doğrulda bilməyənlərin bir daha boynu vurulacaq Ən azından bütün olaylara aydınlıq gətirmək üçün hesab sorulacaq. Bax o hesab sorulan günü səbirsizliklə gözləyirəm. 
 
   Tez gəl! Həsrət məni bitirməmiş gəl! Ölkəmizdə tək-tənha və çarəsiz qaldıq. Dərdimizi deməyə üz tutduğumuz, imdad dilədiyimiz bütün dövlət orqanları yaşlı anaların belə fəryadına qulaqlarını qapadı.
 
Ümid edirəm ki, bir gün qəlbinizin hökmü, ayaqlarınız ucsuz-bucaqsız yollardan, qərib ellərdən vicdanınızı alıb sizə qaytaracaq.

Ağ Partiya xanımlar təşkilatın üzvü Şəfa Rasimqızı
604

DİGƏR XƏBƏRLƏR