Zəngəzurla bağlı beynəlxalq hüquq nə deyir?-Təhlil

"Agxeber.com"  "Musavat.com"a istinadən  "AĞ Partiya Zəngəzur Komissiyası" nın üzvü, Beynəlxalq Hüquq məsələləri üzrə mütəxəssis Vüsalə Əhmədovanın yazısını təqdim edir.



Zəngəzurla bağlı problem indiyə qədər daha çox tarixçilər tərəfindən araşdırılıb. Ancaq düşünürəm ki, mövzunu daha çox hüquqşünaslar, xüsusilə də, beynəlxalq səviyyəli hüquqşünaslar araşdırmalı və problemə hüquqi qiymət verilməlidir.

Bəziləri tərəfimizdən Zəngəzurla əlaqədar səsləndirilən ərazi iddialarının beynəlxalq hüquqa zidd olduğunu qeyd edirlər. Əvvəla onu deyim ki, tarixi torpaqlar üzərində iddia, coğrafi uzantıların iddiası və s. kimi fərqli siyasi və hüquqi faktorlara bağlı ərazi iddialarının beynəlxalq hüquq müstəvisinə çıxarılması mütəmadi rast gəlinən haldır. Tarix boyunca “coğrafi uzantılar” üzərində iddialar olmuşdur. Məsələn, Fransa uzun zamandır özünün şərq sərhədinin Ren çayının qərb sahilindən başladığını iddia edir. Tarixi torpaqların iddiasına da az rast gəlinməyib. Məsələn, Fəs tarixi Fəs İmperatorluğuna aid olduğunu əsas gətirərək Mavritaniya, Qərbi Sahara və Əlcəzairin bəzi əraziləri ilə bağlı iddialar irəli sürmüşdür. Hətta iddia 1975-ci ildə Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırılmış və “Western Sahara” məhkəmə prosesində ICJ bu bölgədəki qəbilələr ilə Fəs və Mavritaniya arasında tarixi hüquqi bağların mövcudluğunu qəbul etmişdir.

İki ölkənin sərhədində yerləşən müəyyən bir bölgə ilə əlaqədar irəli sürülən tələblərə də rast gəlinməkdədir. Məsələn, şimal-şərqi Kenya və cənub-şərqi Efiopiya əraziləri ilə bağlı Somalinin irəli sürdüyü iddialar və s. Bu cür iddiaların diqqətə alınıb alınmayacağı isə ölkənin və eləcə də rəqabət edən iddiaların gücünə bağlıdır. Əsas odur bu ki, iddialar davamlı və yeknəsək olsun. Mətbuat mütəmadi bu məsələyə toxunmalı, bu mövzuda konferanslar təşkil olunmalı, aksiyalar həyata keçirilməlidir. Bu səbəbdən də, ölkənin bütün ictimaiyyət nümayəndələrini problemə diqqət ayırmağa və birgə addım atmağa səsləyirik.
Tarixə qısa bir nəzər yetirsək görərik  ki, 1920-ci il avqust ayının 10-da Rusiya KP Qafqaz Bürosu tərəfindən Azərbaycanın o dövrkü bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi barədə qərar çıxardılır. Qarabağ və Zəngəzur bölgələri isə “mübahisəli ərazilər” elan olunur. Moskvanın təzyiqləri qarşısında davam gətirə bilməyən Azərbaycanın o dövrkü rəhbərliyi 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi barədə bəyanatlarla çıxış edir. Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın Ermənistanın idarəçiliyinə keçməsi dərhal baş verməmişdir. Yalnız 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir. Beləliklə, Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabr ayının 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla – “absurd qərarla” həll olunur.

Gəlin beynəlxalq hüquqda ənənəvi ərazi əldə etmə metodlarını gözdən keçirək, bunlar: güzəşt etmə, icarəyə vermə, işğal, “prescription”, təbiət hadisələri və zəbt etmədir (və ya fəth etmə). Güzəşt (cession) – bir dövlətin müəyyən bir torpaq parçası üzərində sahib olduğu suverenlik hüququndan, digər bir dövlət lehinə beynəlxalq müqavilə ilə imtina etməsidir. Məsələn, 1919 Versal Müqaviləsi ilə Almaniya Alsas-Loren`i Fransaya güzəşt etmişdi. Ölkənin bir hissəsinin başqa bir dövlət tərəfindən icarəyə götürülməsi halları da mümkündür.

Bu zaman icarə müddəti ərzində həmin ərazi icarəyə götürən dövlətin suveren ərazisi hesab edilir. Məsələn, Honq-Konqun Çin tərəfindən İngiltərəyə 99 illik icarəyə verilməsi və ya Kubanın Quantanamo körfəzinin ABŞ tərəfindən icarəsi kimi. İşğal (occupation) – bir dövlət tərəfindən bir ölkənin tamamının və ya bir bölgəsinin öz suveren tərkibinə daxil etmək niyyət və iradəsiylə əldə edilməsidir, hansı ki, beynəlxalq hüquqa zidd olduğu üçün müasir zamanda yalnız sahibsiz torpaqların (terra nullius) işğalı mümkündür. “Prescription” – istər bir dövlətin suveren ərazisi, istərsə də bütün dövlətlərin ortaq istifadəsində olan ərazilər baxımından mümkündür.

Lakin “prescription” irəli sürülməsi üçün suverenliyin uzun müddət həmin ərazidə icra edilməsi, mübahisəsiz olması, yəni ərazinin əsil sahibinin bu faktı açıq formada qəbul etmiş olması vacibdir. Təbiət hadisələri (operatin of nature) – dövlətin suveren ərazisinin təbiət hadisələri nəticəsində genişlənməsidir. Məsələn, sərhəd təşkil edən çayın yatağının dəyişməsi və ya dövlətin ərazi sularında bir adanın meydana gəlməsi və s. Fəth (conquest) – güc tətbiq etməklə (və ya bir zamanlar kəşf yoluyla) ərazi əldə etmə metodudur hansı ki, günümüzdə BMT Nizamnaməsinin 2(4) maddəsinə əsasən güc tətbiqi beynəlxalq hüquqa zidd olduğundan bu formada torpaq əldə etmə keçərli sayılmır.

Qeyd etdiyim ərazi əldə etmə metodlardan heç biri Zəngəzurla bağlı demək olar ki, həyata keçməyib. “Üti possidetis” doktrinası nə deyir: “müstəqillik tarixində mövcud olan sərhədlər dəqiq sərhəd təşkil edir və bütün dövlətlər bu sərhədlərə hörmət etmək məcburiyyətindədir.” Məlumdur ki, Azərbaycanda sovet hakimiyyəti 28 aprel 1920-ci il tarixində qurulub və bu tarixə qədər Azərbaycan Xalq Cümhuriyyəti mövcud olmuşdur. AXC dövründə isə Zəngəzur Azərbaycanın suveren ərazisi olub və yalnız sovet hakimiyyəti qurulduqdan yeddi ay sonra Moskvanın təzyiqləri ilə Ermənistana verilib. “Uti possidetis” doktrinası o zaman keçərsiz hesab edilə bilər ki, iki dövlət arasında sərhədin müəyyənləşdirilməsi ilə bağlı bir müqavilə mövcud olsun. Yəni, sərhəd bir dəfə müqavilə ilə müəyyən edildisə, müqavilənin müddəti sona çatsa belə həmin beynəlxalq sərhəd mövcudluğunu davam etdirir. Zəngəzurla bağlı isə belə bir müqavilə yoxdur.

Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsinin təcrübəsində mövcud olan “effectivites” (müstəmləkə dövründə bölgədə müstəmləkəçi qüvvələrin fəaliyyətləri) faktorunu nəzərinizə çatdırmaq istərdim. Yəni, ölkə bir zamanlar qanuni hüquq sahibi dövlət tərəfindən deyil, hər hansı bir başqa dövlət tərəfindən idarə olunmuşsa, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prioritet qanuni hüquq sahibinə verilməlidir. Digər bir ifadəylə, dəqiq “uti possidetis” sərhədi mövcud olmuşsa, bu sərhəd digər bütün qanuna zidd müdaxilələrdən üstün sayılmalıdır. Ərazi ilə bağlı zamanında mövcud olan “uti possidetis” sərhədinin müəyyən edilməsi mümkün olmadıqda isə bu zaman ən son çarə olaraq ədalətli bölgü aparılır. Məsələn, ərazinin tərəflər arasında bərabər bölgüsü kimi.

"AĞ Partiya İqtisadiyyat Komissiyasının rəhbəri, iqtisadçı alim, İstanbul Universiteti beynəlxalq hüquq kafedrasının dissertantı- Vüsalə Əhmədova"

3902

DİGƏR XƏBƏRLƏR