Əqsa məscidi və Fələstin münaqişəsi

§1. Əqsa məscidi və Fələstin münaqişəsi özünə müsəlman deyən və islamı quru və nəzəri inanc kimi deyil, həyat tərzi və dünyagörüşünü müəyyənləşdirən təlim olaraq qəbul edən fərdlərin nəzərində nədir?

Ümmət şüuru ilə yaşayan müsəlman islam qardaşlığı prinsipindən çıxış edərək dünyanın istənilən yerində əziyyət çəkən müsəlmanın ağrısını hiss edir, problemlərini öz problemi bilir.

Bu, bəzi qərəzli subyekt və media qurumlarının iddia etdiyi kimi ideoloji məsələ, yaxud “ərəb üçün sinov getmə” deyildir; islamın qardaşlıq və ümmət təlimlərindən bixəbər qalanlar bunu anlamazlar. Bu, “Həqiqətən, möminlər qardaşdırlar!” ayəsinə və aşağıdakı hədislərə iman gətirmiş səmimimi müsəlmanın, dürüst inanclının mövqeyidir:
“Müsəlmanlar bir-birlərini sevməkdə, bir-birlərinə rəğbət bəsləyib rəhm göstərməkdə bir bədən kimidirlər. Bu bədənin bir əzası xəstələnib şikayət edərsə, digər əzalar da qızdırma və yuxusuzluğa düçar olar”;
“Müsəlmanın dərdini öz dərdi bilməyən bizdən deyildir”.
İnancı təhqir olunan, övladlarının qanı tökülən, hər gün irqçi təzyiqlərlə məruz qalan, məscidinə hörmət qoyulmayan, hər Ramazanda məqsədyönlü alçaltmalara və zorbagəlmələrə məruz qalan müsəlmanların dərdi, bəli, islamı seçən, qardaşlığa dair ayə və hədislərə iman gətirən hər bir müsəlmanın dərdidir. Quranına bağlı qalan, peyğəmbərinin yolunu mənimsəyən bir müsəlmanın qardaşlıq prinsipindən çıxış edərək dünyanın istənilən yerindəki müsəlmanları müdafiə etməsini təəccüblə qarşılamaq, ən azından, islamdan bixəbərlikdir...
Bu baxımdan, bir müsəlman üçün Qüds, yaxud Əqsa məscidi ərəbin, yaxud hansı isə xalqın deyil, müsəlmanın, ümmətin problemidir.



§ 2. "Fələstin ermənilərə dəstək verir, elə isə biz nə üçün onlara dəstək verib, Qüds problemindən danışmalıyıq?!" etirazına gəlincə...
Bu, olduqca populist və savadsız yanaşmadır, üstəlik, belə yanaşmanı ölkənin bəzi qələm sahibləri səsləndirəndə özün-özünə deyirsən: “Axı bu şəxs və onun kimilər artıq iftiraya çevrilmiş bu cəfəng iddianı səsləndirməzdən qabaq nə üçün Allahın ağıl və mühakimə nemətindən istifadə etmirlər?!”
Deməliyik ki, əvvəla Fələstin yeknəsəq tərəfi təmsil etmir, orada müxtəlif siyasi qruplar, partiyalar mövcuddur. Həmçinin bu ölkədə ermənilər yaşayır və kifayət qədər də sistemli fəaliyyət göstərirlər. Bizə Fələstinin rəsmi mövqeyi lazımdırsa, qeyd edim ki, Fələstin administrasiyasının başçısı Mahmud Abbas Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini açıq şəkildə bildirmiş, BMT qətnamələrinin yerinə yetirilməsini tələb etmişdir. Ölkə başçısı Cənab İlham Əliyev də öz növbəsində bəyan etmişdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. "İslam Konfransı Təşkilatında, BMT-də aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaqdır. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik" (sitatın sonu).
Ölkəmiz rəsmi mövqeyi regionda sülhün bərqərar olmasıdır...
Üstəlik, Vətən müharibəsi günlərində Fələstini təmsil edən qruplar arasında islam şüuru ilə hərəkət edən subyektlər bizə aşkar dəstək verdilər. Maraqlananlar, məsələn, HƏMAS siyasi elitasının Azərbaycanı dəstəkləyən açıqlamalarına nəzər sala bilərlər.
(Bax, məsələn: https://twitter.com/SamiZuhri/status/1326060238429188096...
)
Məhz ümmət şüurundan çıxış edən, islam qardaşlığı prinsipini həyat düsturu seçmiş, Fələstinə aid, əsasən Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən onlarla mətbu orqan həmin günlərdə haqq mübarizəmizə dəstək verib, Azərbaycan həqiqətlərini dilə gətirdilər. Bunları nə üçün görmürük?!

§ 3. Bununla yanaşı, məsələyə məscidləri dağıdılmış, I Qarabağ müharibəsində evlərindən didərgin salınmış qaçqınları olan, uşaqları erməni vəhşiliyinin qurbanına çevrilmiş bir xalqın nümayəndəsi kimi baxaq. Axı bizə dəyərlərin təhqir edilməsinin doğurduğu ağrı-acı yaxşı məlumdur. Biz bilirik ki, məscidin donuz axuruna çevrilməsi nə deməkdir! Belə olduqda İsrail əsgərlərinin hərbi poliqona çevirərək, heç bir dəyər tanımadan vəhşicəsinə Əqsa məscidinə daxil olmalarının necə yaramaz əməl olduğu bizə tanış gəlməlidir! Qadınların, uşaqların zorakılığa məruz qalması da tanış gəlməlidir...
O ki qaldı “Qarabağ müharibəsində İsrail bizim yanımızda olmuşdur” iddiasına, unutmayaq: bizə həmin günlərdə dəstək olan, sözün həqiqi mənasında dəstək verən tək ölkə vardı: Türkiyə! Ölkə başçısı, demək olar ki, bütün çıxışlarında bu dəstəyi minnətdarlıqla xatırlamışdır! Qələbəmizin təntənəsi olan paradda da heç nədən çəkinməyərək yanımızda dayanan tək ölkə və dövlət Türkiyə idi!
Biz müharibəni xalqımızın birliyi, dövlətimizin uğurlu xarici siyasəti və canımız Türkiyənin birbaşa dəstəyi və qəhrəman oğullarımızın şəhidlik ruhu ilə yoğurulan ərənliyi sayəsində udmuşuq.
Bəli, İsrail bizə özümüzü havadan müdafiə etmək və uğurlu nöqtə zərbələri endirmək üçün yüksək dəqiqliyi olan raket və həmlə sistemləri satmışdır. Bəli, satmışdır! Amma bu o demək deyildir ki, satmışdır deyə biz onun məscidə hücumuna, qadınları və uşaqları öldürməsinə xeyir-dua oxumalıyıq!
Müsəlman kimliyimiz, vicdanlı yanaşmağımız və ağrı-acını yaşamış xalq olaraq insanlığımız bizə Fələstin və Əqsa məscidi həqiqətlərini düzgün başa düşməyimizə kömək edəcək meyarlardır...
Meyar seçmədə dürüst olmaq diləyi ilə...

© Elvusal Məmmədov

4249

DİGƏR XƏBƏRLƏR