Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri arasında baş tutacaq 11 yanvar görüşü və gözləntilər



   Məlum olduğu kimi yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında Rusiyada görüş keçiriləcəkdir. Bütün dünyanın nəzəri bu görüşdə olacaq desək düşünürəm ki, yanılmarıq. Vətən Müharibəsindən sonra döyüş fazasının bitməsi ilə yeni bir dövr başlayıb. Burada artıq informasiya və diplomatiya savaşı müharibəsi davam etməkdədir. Təbii ki, danışıqların başlaması o zaman baş verə bilərdi ki, tərəflərdən biri qalib, digəri məğlub olardı.
   Azərbaycanın qalibiyyətli döyüşləri Ermənistanı diz çökdürməklə nəticələndiyindən məğlub tərəfin biyabırçı müqavilə bağlamasına gətirib çıxardı. Bu zaman Rusiyanın iştirakı ilə üçtərəfli sülh müqaviləsi bağlandı. Lakin müqavilə bağlandıqdan sonrakı dövrdə acı məğlubiyyəti həzm edə bilməyən erməni tərəfi və əsasən də erməni lobbisi dünya gündəmində Qarabağ statusunu saxlayaraq noyabrın 10-u imzalanmış müqavilənin istiqamətini başqa yerə yönləndirmək istəyirlər. Onlarda hələ də belə bir konsepsiya hökm sürür ki, guya Azərbaycan ərazisində ikinci erməni dövləti olub. Təbii ki, bu absurd və gülünc tezisdir və elə Ermənistanın özü tərəfindən də tanınmayıb və tanınması ehtimalı da yoxdur.
   Bu görüşə İlham Əliyev qalib dövlətin lideri kimi qatılacaqsa erməni tərəfinin Baş Naziri məğlub kimi qatılacaqdır ki, əsas söz sahibinin kimin olduğu artıq məlumdur. İlham Əliyevin opponentindən bütün sahələrdə bir baş irəlidə olması, dərin zəkası və Beynəlxalq aləmdə özünü güclü siyasətçi kimi göstərməsindən irəli gələrək Azərbaycanın maraqlarını yüksək səviyyədə nümayiş etdirəcəyinə heç bir şübhə yoxdur. Bu görüşdə İlham Əliyev müharibə zamanı söylədiyi status yoxdur, torpaq bütövlüyü tam təmin olunmalıdır, erməni separatçı qüvvələri yanvarın 12-nə qədər tərkisilah edilməlidir tələbləri qoyacaqdır ki, bunu da Paşinyan qeyd-şərtsiz qəbul etməli olacaqdır. Lakin növbədənkənar Parlament seçkilərinin keçiriləcəyi Ermənistanda hakimiyyətdə qalmasını təmin etmək üçün ancaq daxili publikanın diqqətini öz üzərinə çəkmək üçün Paşinyan alçaldıcı güzəştləri qoparmağa çalışacaqdır. Güzəştləri isə məhz Rusiya vasitəsilə qoparmağı düşünən Nikolun əsasən Arayikin formal hakimiyyətini saxlamaq cəhdi olacaqdır ki, buna İlham Əliyev heç bir vəchlə razı olmayacaq.
   44 günlük müharibə zamanı İlham Əliyev mübariz və güclü siyasi liderlik keyfiyyətlərinin daşıyıcısı olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Məhz bu müharibə zamanı dünyanın demək olar ki, bütün liderləri Azərbaycan Prezidentindən döyüşləri dayandırmaq xahişləri, bəzən tələblərini irəli sürürdülərsə də öz torpaq bütövlüyünü təmin etmək üçün heç bir vəchlə bir gün də döyüşləri dayandırmamış və bütün müstəvilərdə onların layiqli cavablarını öz tutarlı, səlist arqumentləri ilə vermişdir. Təbii ki, Azərbaycan torpaq bütövlüyünün bərpasına güclü ordusu vasitəsilə nail olmuşdur. Dəmir iradə və dəmir yumruğunu nəinki düşmənimizə həm də bütün cahana nümayiş etdirmişdir. Bütün bu qürurverici hadisələrə və addımlara görə 2020-ci ili Azərbaycan ili, 2020-ci ilin ən uğurlu siyasi lideri kimi İlham Əliyevi göstərmək olar.
   Paşinyanın isə məğlub durumda incə sap üzərində olan çürük hakimiyyətindən danışarkən onun özündən öncəki sələfləri kimi savadsız və faşist ideologiyası üzərində qurulan cılız iqtidarı, siyasi dayaqları olmayan səfil ölkəni görmüş olarıq. Paşinyan hər vəchlə xalqı tərəfindən özünə olan nifrəti azaltmaq üçün həm də çalışacaqdır ki, separatçı silahlıların Azərbaycan ərazisində qalmalarını təmin etsin. Buna Rusiyanın köməkliyi ilə nail olmaq fikrindədir. Lakin o yaddan çıxarır ki, Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın onun ölkəsindən də yaxın strateji müttəfiqidir. Ermənistana görə Rusiya bütün parametrlərə görə güclü olan Azərbaycan kimi strateji müttəfiqini itirmək fikrində deyil. Ermənistan zatən Rusiyanın anklavı olaraq qalmaqdadır və əvvəllki dövrlərdən fərqli olaraq heç bir əhəmiyyətə malik deyil. Belə ki, Ermənistanın Rusiya ilə imperiya zamanlarında olduğu kimi sərhədləri yoxdur. Əksinə Ermənistanın ətrafında illərlə yürütdüyü faşist ideologiyasından irəli gələrək qonşu dövlətlərə qarşı utopik torpaq iddiasında olması Rusiyanın regionda möhkəmlənməsi üçün maneədir. İkincisi Azərbaycanla münasibətlərini korlamaqla Rusiya bu gün Qafqazda öz nüfuz dairəsini itirər və demək olar ki, regionu NATO-ya təhvil vermiş olar.
   Üçüncüsü isə iqtisadi cəhətdən səfil Ermənistan Rusiyanın onsuz da zəifləmiş büdcəsinə yük olaraq qalmaqdadır. Iqtisadi apokalipsis dövrü yaşayan Ermənistan əvvəllər olduğu kimi borclar hesabına da olsa silah-sursat almaq gücündə də deyil. Ermənistan çoxdandır Rusiya üçün Azərbaycanla Türkiyə və İran arasında bufer zonası rolunu itirib. Əksinə Azərbaycan bu gün Rusiya ilə bir çox ölkələr arasında və xüsusən də Türkiyə arasında körpü rolu oynamaqdadır ki, bu da Rusiyanın gözündə Cənubi Qafqazın siyasi, hərbi, iqtisadi güc mərkəzi olan dövlətimizlə yaxın qonşuluq siyasətini yürütməyə məcbur edir. Ermənistan isə əksinə uçuruma getdiyi kimi Cənubi Qafqaz siyasətində Rusiyanın bütün maraqlarının əksinə olaraq regionda dayaqlarının zəifləməsinə gətirib çıxara bilər.
   Azərbaycanın güclü və müasir orduya sahib olması, iqtisadiyyatının yüksələn templə irəliləməsi, Qərblə-Şərqin açarının məhz ölkəmizdə olması fikrimcə yanvar görüşündə Rusiya siyasi dairələri tərəfindən nəzərə alınacaqdır ki, əks təqdirdə yuxarıda qeyd etdiyim kimi Rusiya üçün arzuolunmaz hallarla nəticələnə bilər. Bu günün reallığı erməni ordusunun tam məğlub olması və istənilən güzəştlərə getməsi, yalvarma siyasətindən ibarətdir. Düzdü Ermənistanın Xarici İşlər Naziri səviyyəsində Rusiyada Qarabağın statusu məsələsini həyasızcasına yenidən gündəmə gətirməsinin şahidi olmuşuqsa da məhz yanvar görüşü zənnimcə bütün bu məsələlərə birdəfəlik son qoyacaqdır.
   Bu görüşdə 10 noyabr müqaviləsinin təfsir və mənaları uğrunda mübarizə olacağı sirr deyil. Lakin güclü siyasi liderlik qabilliyyətlərini özündə cəmləşdirmiş İlham Əliyev döyüş meydanında olduğu kimi bu absurd fikirləri düşmənimizin ürəyində qoyacaqdır. Rusiya mediasında erməni lobbisi tərəfindən ictimaiyəti azdırmaq üçün nə qədər təzadlı fikirlər səsləndirilirsə də Putin tərəfindən dəfələrlə qeyd edildiyi kimi bu məsələdə ərazi prinsiplərinə əsaslanan Beynəlxalq Hüquq normaları həlledici rol oynayır ki, bu da Azərbaycanın mübarizəsinin haqq işi olduğunu faktiki olaraq təsdiqləmiş olur. Baş verən hadisələr fonunda 11 yanvar görüşü fikrimcə Azərbaycan üçün 44 günlük qalibiyyətli müharibənin siyasi məcrada da tam qələbəsi ilə bitmiş olacaqdır. Əks təqdirdə bu görüş regionun Azərbaycan kimi lider dövlətinin Rusiya tərəfindən itirilməsinə gətirib çıxaracaqdır.

Anar Kazımov
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin  eksperti 
3599

DİGƏR XƏBƏRLƏR