Uğurlu iqtisadi siyasətin Azərbaycan modeli


   Hər bir siyasətin təməlində iqtisadi maraqlar durur desək məncə yanılmarıq.  İqtisadi marağa söykənərək yürüdülən siyasətin arxasında isə həmişə böyük gücə sahib dövlətlərin dayandığı heç kimə sirr deyil. Güc dedikdə isə birmənalı olaraq hərbi qüdrətdən söhbət gedir. Tarixin müxtəlif dönəmlərində güc mərkəzləri dövlətlərin inkişaf və tənəzzül dövrləri ilə əlaqəli olduğundan müxtəlif coğrafi məkanlarda müxtəlif siyasi proseslərlə müşayət olunmuşdur. Günümüzdə fövqəldövlətlər heç də qədim dövrlərdə, orta əsrlərdə və ya hətta XX əsrdə olduğu kimi böyük coğrafi məkanlarda üstünlüklərə sahib deyillər. Fikir versək görərik ki, vaxtikən Monqol  imperiyasının tərkibinə və onunla da tam əlaqəli olan təsir dairəsinə az qala bütov bir Avrasiya materiki daxil idisə bu gün bu materikdə böyük əraziyə sahib olan Rusiyanın təsir dairəsində bir neçə dövlətlə yanaşı çox az sayda və hədsiz kiçik məkanların ( gülünc də olsa artıq heç bir dünya siyasi təşkilatlarının tanımadığı qondarma respublikaların üstünlük təşkil etdiyi) qaldığını görərik. Və yaxud da vaxtikən ərazisinin sahəsindən 40 dəfə artıq torpaqlara sahib Böyük Britaniyanın bu gün siyasi təsir dairəsinin keçmiş dövrlərlə müqayisədə kiçik coğrafi məkanı əhatə etdiyini görərik.
   Dünya düzəni bu gün artıq başqa siyasi oyunlara şahidlik edir. Bu oyunları isə heç də ABŞ-ın və ya Rusiyanın, yaxud da hansısa güclü Avropa dövlətlərinin oynadığını deyil, əsasən dövlətləri öz borclarıyla boğaraq özündən asılı vəziyyətə gətirərək və sonrakı mərhələlərdə mühüm dövlət institutlarını əlinə keçirməklə məşğul olan Çini və artıq ikinci onillikdir ki, ABŞ-ın təsirindən çıxmış, müstəqil siyasət yürüdərək əsasən də Avropadan asılılığını Avropanı özündən asılı salma ilə əvəzləmiş, fövqəldövlətlərlə danışıqlarda istədiyi tonda danışmağı bacarmış güclü Türkiyəni görməkdəyik. Bütün bu siyasi, iqtisadi yeni oyunlar fonunda Azərbaycan kimi dövlətin işıqlanması isə sözün əsl mənasında aparılan düzgün siyasi kursun nəticəsi kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Vətən Müharibəsi Qərb dünyasında “xristianlığa qarşı aparılan müharibə” kimi absurd və irqçi şüarlar fonunda aparılırdı. Müharibə dövründə bir çox məqamlar ortaya çıxdı. Düşmən dövlətlərlə müxtəlif cəbhələrdə, müxtəlif məkanlarda və müxtəlif cür döyüşlər aparıldı. Müttəfiq dost dövlətlərin imkanlarından istifadə edilməklə də müharibəni bütün cəbhələrdə tam qələbəylə başa vurmuş olduq. Bəs buna necə nail olundu sualına cavab tapmaq üçün isə tarixi ekskursiya etməyə ehtiyyac var.

   Sirr deyil ki, Azərbaycanın təbii ehtiyyatları tarix boyu onun baş bəlasına çevrilmişdi. Həmçinin əhəmiyyətli coğrafi mövqeyi demək olar ki, bütün dövrlərdə özündən qat-qat güclü dövlətlərin hucumları, işğalları ilə nəticələnmişdi. Son iki yüz ildə isə Rusiya İmperiyasının, sonradan isə Sovetlərin tərkibində müstəqilliyinə son qoyulmaqla xalqımızın bir çox bəlalara düçar olması torpaqlarımızın tam işğalı ilə paralel olaraq mənfur düşmənlərimiz tərəfindən də qədim torpaqlarımızın Rusiyanın 366-cı alayının və Pskov desant diviziyasının bilavasitə köməkliyi ilə ələ keçirilməsi ilə nəticələnmişdi. Nəticədə Azərbaycanın 20 faizdən artıq torpaqları düşmən tapdağına düşmüş, bir milyondan artıq əhalisi isə öz dədə-baba torpaqlarından didərgin olmuşlar. Belə çətin bir dönəmdə H.Əliyevin 1994-cü ildə döyüşləri dayandıraraq əsas fikrini dövlətin iqtisadi cəhətdən gücləndirilməsinə yönəltməsi o dövrdə atılan ən düzgün addım olmuşdur. Məhz 1994-cü il atəşkəsindən sonra ABŞ başda olmaqla Qərb və Rusiya siyasi dairələrini maraqlandıracaq təbii ehtiyyatlarımızın, əsasən də neftimizin istismarına yönəldərək böyük məbləğdə pulların qazanılması nəzərdə tutulan və uzun-uzadı aparılan danışıqlar nəticəsində milli maraqlarımız qorunmaq şərtilə bir çox güclü neft şirkətlərinin iştirakını təmin edən  “Əsrin Müqaviləsinin” bağlanmasına müvəffəq olmuşdur. 1994-cü ilin sentyabrın 20-də bağlanmış “Əsrin Müqaviləsi” ilə Azərbaycana kapital axını başlamış və böyük dövlətlərin iqtisadi maraqları təmin olunmuşdur. Bağlanmış müqavilədə iştirak edən dövlətlərə fikir verdikdə nə qədər uzaqgörən və müdrik addım atıldığını görərik. Məhz bu müqavilə ilə həm Qərb, həm Şərq iqtisadi maraqları təbii ki,  gələcəkdə siyasi aləmdə Azərbaycanı dünya çapında müdafiə etməyə qadir dövlətlərin imkanlarından istifadə etməyə şərait yaradacaqdır. Bağlanmış müqavilədə iştirak edən dövlətlərdən ABŞ şirkətlərinin həm pay, həm də say çoxluğuna, Böyük Britaniyanın dünyaca məşhur “BP” şirkətinin də az olmayan paya sahib olması və bununla yanaşı regionda təsir dairəsinə görə böyük nüfuza malik Rusiyanın “LUKOYL” şirkətinin, qardaş Türkiyə, Yaponiya, Norveç, İtaliya, Səudiyyə Ərəbistanı dövlətlərinin neft şirkətlərinin təmsil olunması Heydər Əliyevin rəhbərliyi ilə yürüdülən mükəmməl balanslaşdırılmış “Yeni neft strategiyasının” və doktrinasının uğurla həyata keçirilməsi idi. Bundan başqa Azərbaycan neft və qazının Avropa enerji təhlükəsizliyi sahəsinə yönəldilməsi də bu gün dövlətimizin haqlı işində ətrafında güclü dövlətlərin cəmləşməsinə səbəb olmuşdur. Belə ki, məhz Vətən Müharibəsi zamanı Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin apardığı alternativi olmayan düzgün xarici siyasətimizin sayəsində dünyanın geosiyasi nəhənglərinin Azərbaycana qarşı hücumlarının qarşısını ABŞ, Böyük Britaniya,  Almaniya , İtaliya kimi dövlətlərin bəyanatları almış oldular. Ermənipərəst Fransanın dövlət başçısı səviyyəsində düşmənimizə açıq dəstək olması, dövlətimizə qarşı qarayaxma kompaniyasında iştirak etməsinə baxmayaraq siyasi meydanda alçaldıcı təklənməsi ilə nəticələndi. Bütün bu hadisələr fonunda  Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sözun əsl mənasında həm döyüş meydanında, həm də  siyasi arenada birmənalı şəkildə qalib oldu. Bu qələbədə məhz təməli H. Əliyev tərəfindən qoyulan və İ. Əliyev tərəfindən ustalıqla daha da inkişaf etdirilən möhkəm iqtisadiyyatımızın da danılmaz payı vardır.

   İkinci ən mühüm məsələlərdən biri dünya siyasi müstəvisində Azərbaycanı yahudi lobbisinin dəstəkləməsi oldu. Azərbaycanla İsrail arasında demək olar ki, bütün sahələrdə mükəmməl əməkdaşlıq şəraiti yaradılmışdı. Bu gün İsrailin neftə olan tələbatının 50 faizini Azərbaycandan alması iki dost dövlət arasındakı münasibətlərin nə dərəcədə effektiv və qarşılıqlı inam şəraitində qurulmasının bariz nümunələrindən biridir. Çoxmillətli Azərbaycanda əsrlərlə dostluq və qardaşlıq şəraitində yahudilərin yaşaması, Qarabağ müharibələrində özlərinin vətəni hesab etdiyi torpaqlar uğrunda şəhidlər verməsini də xüsusi qeyd etmək lazımdır. Vətən Müharibəsində ordumuzun istifadə etdiyi  son nəsil silahlar arasında İsraildə istehsal olunan və demək olar ki, dost hesab etdiyi Azərbaycandan başqa heç bir dövlətə satmadığı bəzi silahların xüsusi çəkisi də olmuşdur. 

   Vətən Müharibəsində Avropa dövlətləri arasında xüsusi çəkiyə malik olan Böyük Britaniya, Almaniya, İtaliya kimi dövlətlərin Azərbaycanın yanında olmaları da illərlə yürüdülən və bir çox hallarda sağlam iqtisadi münasibətlərə söykənən siyasətin nəticəsi kimi qiymətləndirilməlidi. Məsələn Böyük Britaniya dünyanın geosiyasi nəhənglərinin qarşısını almışdısa, İtaliya Avropa birliyində öz nüfuzundan istifadə edərək Azərbaycanı müxtəlif sahələrdə və müstəvilərdə müdafiə etmişdir ki, bu da əsasən dövlətimizin beynəlxalq imicinin korlanmasının qarşısını almaqda müstəsna rol oynamışdır. Təbii ki, Avropa məkanında Belorusiya, Gürcüstan Ukrayna kimi dövlətlərin də qardaş dəstəyi xüsusi qeyd edilməlidir ki, bu münasibətlərdə də Azərbaycanın onlarla iqtisadi münasibətlərinin sağlam təməllər üzərində qurulması əsas şərtlərdən olmuşdur.

   Sonunda isə qardaş Türkiyəylə iqtisadi münasibətlərə nəzər salsaq burada “bir millət, iki dövlət” prinsipi əsasında yürüdülən düzgün iqtisadi siyasəti görmüş olarıq. Bu münasibətlər günü-gündən möhkəmlənməklə regional tərəqqiyə mühüm töhvələr verməkdədir. Tarixi qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələri yürüdülən düzgün iqtisadi siyasətin “Azərbaycan modeli”nin  bariz və parlaq nümunələrindən biri və ən başlıcasıdır.

Anar Kazımov
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin  eksperti 




 
313

DİGƏR XƏBƏRLƏR